“Azərbaycanda çağırışçı əsgərlərə təxminən 10-20 manat civarında aylıq əmək haqqı verilirsə, müqaviləli sistemdə minimum 300-500 manat məvacib verilməlidir”
Böyük miqdarda maliyyə lazımdır
Müqaviləli xidmətə keçmək elə də asan məsələ deyil
“Azərbaycanda çağırışçı əsgərlərə təxminən 10-20 manat civarında aylıq əmək haqqı verilirsə, müqaviləli sistemdə minimum 300-500 manat məvacib verilməlidir”
“Azərbaycanda çağırışçı əsgərlərə təxminən 10-20 manat civarında aylıq əmək haqqı verilirsə, müqaviləli sistemdə minimum 300-500 manat məvacib verilməlidir”
Hazırda dünya ölkələrinin əksəriyyətində ordu müqaviləli xidmət əsasında təşkil olunub. Bu cür ordunun saxlanılması ölkə üçün iqtisadi baxımdan baha başa gəlsə də, praktika göstərir ki, belə ordunun xidmət keyfiyyəti yüksək olur. Odur ki, dünyada get-gedə müqaviləli ordudan daha çox istifadə olunmağa başlayıb. Elə şimal qonşumuz olan Rusiya ordusunun yarısı da müqaviləli xidmətçilərdən ibarətdir.
O cümlədən də indiyə qədər ordu və digər silahlı birləşmələri əsasən çağırışçılardan formalaşan postsovet respublikaları ordularında son illərdə böyük ölçüdə müqaviləli orduya keçid prosesi baş verir. Azərbaycanda da son zamanlar müqavilə ilə qulluqçuların cəlb olunması prosesi gedir. Artıq bir çox təsərrüfat işlərinə müqavilə ilə mülki şəxslər cəlb olunub. Eyni zamanda orduda, xüsusən də cəbhədə xüsusi peşəkarlıq tələb edən istiqamətlərə müqaviləli ordunun cəlb olunması, yəni qismən də olsa, peşəkar orduya keçid müşahidə olunur. Hərbi ekspertlər də hesab edir ki, çağırışçılarla müqayisədə müqaviləli hərbçilər daha hazırlıqlı və effektiv olur.
Müqaviləli ordu sistemində ordumuzun döyüş qabiliyyəti qalxacaq
Hərbi ekspert Azad İsazadənin qənaətincə, peşəkar ordu sisteminə keçidin sürətləndirilməsi vacibdir: "Bilirik ki, müqaviləli ordu daha yüksək döyüş qabiliyyətli ordu sayılır. Çünki burada olanlar 1 il, il yarım deyil, daha çox müddətə xidmət edirlər. Hansı ki, peşəkarların həyat təcrübəsi digərlərinə nisbətən daha çox olur. Peşəkarlar döyüş zamanı da daha yaxşı uğurlara imza ata bilirlər. Müqaviləli orduya keçidi sürətləndirməklə bu sahədə mövcud olan bir sıra problemlərin də qısa zamanda həllinə nail olacağıq. Müqaviləli ordu sistemində Silahlı Qüvvələr daha yaxşı inkişaf tempinə çatacaq. Müqaviləli ordu sistemi qoşunların sayının azalması, amma bunun müqabilində keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaq. İkinci bir tərəfdən, ordumuzun döyüş qabiliyyəti qalxacaq. Bu fonda arxa cəbhədə çağırışçılar arasında hərbi hazırlıq da keçirilməlidir. Peşəkar orduya keçidi sürətləndirmək üçün struktur dəyişiklikləri baş verməlidir. Praktiki olaraq hazırda Azərbaycan ordusunun 90 faizi çağırışçılardan ibarət olduğundan bütün qanun və sənədlər də bunun üzərində qurulub. Deməli, müqaviləli orduya keçid zamanı ilk növbədə qanun və sənədləşdirmə prosesi dəyişdirilməlidir. Müqavilə ilə hərbi qulluğa götürməyin bəzi vəzifələri var. Amma bu vəzifə siyahısı genişlənməlidir. Əmək haqqı, maliyyə kimi məsələlər həll olunmalıdır. Həmçinin, müqavilə əsasında qulluq edənlərin sosial təminatı, yaşayış məsələsi də həllini tapmalıdır. Eyni zamanda 5-10 il ərzində müqavilə ilə qulluq edən insana və onun ailəsinə daha yaxşı yaşayış şəraiti yaradılmalıdır”.
Bir müqaviləli əsgər, 10 mükəlləfiyyətli əsgərin işini görür
Hərbçi-ekspert Cəsur Sümərinli isə qeyd edib ki, müqaviləli və mükəlləfiyyətli ordu ətrafında həmişə fikir müxtəlifliyi olub: "Ümumilikdə NATO-nun üzvü olan ölkələrin əksəriyyəti müqaviləli sistemdən ibarətdir. Eyni zamanda da postsovet məkanında perspektivli istiqamət daha çox müqaviləli orduya keçidlə izah olunur. Həm də müqaviləli orduya keçid müasir dünya üçün yararlı hesab olunur. Çünki hər bir qanunun kökündə insan haqları dayanırsa, hərbi xidmətə məcburi çağırış öz əhəmiyyətini itirir. Ona görə də ümumi bir sistem kimi müqaviləli sistem əsas götürülür. Yəni, artıq seçim imkanları insanların öz ixtiyarına buraxılır. İkinci tərəfdən də hərbi xidmətin effektivliyi məsələsi var. Sözsüz ki, mükəlləfiyyətli əsgər ilə müqaviləli əsgərin xidməti arasında fərq olacaq. Müqaviləli əsgər xidmətə təkcə, hərbi xidmət kimi yox, həm də iş yeri kimi baxacaq. Yüksək maaş da aldığına görə işində məsuliyyətli olmağa çalışacaq. Amma bunu mükəlləfiyyətli əsgərə demək mümkün deyil. Ona görə də müqaviləli orduda xidmətin keyfiyyətində üstünlük yaranır. Üçüncü məqam isə təminat məsələsidir. Müqaviləli xidmətdə tərəflərin qarşılıqlı razılaşması olur”.
Ekspertin sözlərinə görə, müqaviləli xidmət böyük maliyyə tələb edir: "Azərbaycanda çağırışçı əsgərlərə təxminən 10-20 manat civarında aylıq əmək haqqı verilirsə, müqaviləli sistemdə minimum 300-500 manat məvacib verilməlidir. Bu da böyük miqdarda maliyyə mənbəyidir. Bunu nəzərə alaraq, Azərbaycan ordusunu tamamilə müqaviləli orduya keçirtmək çox çətindir. Amma müəyyən hərbi hissələrin, xüsusi ilə də cəbhə xəttində yerləşən hərbi hissələrin müqaviləli tərkibə keçidi mümkün ola bilər. Bəzən isə qeyd edirlər ki, Azərbaycan ordusunda artıq müqaviləli xidmət var. Amma bu müqaviləli xidmət, müasir dünyada qəbul olunmuş müqaviləli xidmət kimi başa düşülməməlidir. İndi ordumuzda zabit, gizir, müddətdən artıq xidmət edən çavuşlar da müqavilə əsasında xidmət edirlər. Amma bunların müqavilələri birtərəflidir. Qarşı tərəfin yox, daha çox özlərinin öhdəlikləri əksini tapıb. Bu isə tam müqaviləli xidmət hesab oluna bilməz”. Cəsur Sümərinli deyib ki, bizdə şəxsi heyətin sayı məsələsi nəzərdən keçirilməlidir: "Həm də daha çox səfərbərlik ehtiyatlarının təkmilləşməsi istiqamətində işlər görülməlidir. Müasir ordularda çoxlu hərbi qulluqçuların olması məqbul hesab olunmur. Artıq sübut olunub ki, bir müqaviləli əsgər, 10 mükəlləfiyyətli əsgərin gördüyü işi görə bilir. Bu baxımdan artıq müəyyən maliyyə imkanlarımızın formalaşmasını da nəzərə alaraq, tədricən silahlı qüvvələrin əhəmiyyətli hissəsini müqaviləli xidmətə keçirmək lazımdır”.
Şəymən