Böyük şair şagirdlərlə görüşdü

184 nömrəli məktəbdə Xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib



Qaradağ rayonundakı Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə sevimli Xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib. Tədbirdə saz, söz həvəskarlarının, ictimaiyyət nümayəndələrinin, məktəbin şagird-müəllim kollektivi iştirak edib. Zəlimxan Yaqubu məktəblilərə müasir Azərbaycan poeziyasının ən tanınmış, ən çox sevilən nümayəndələrindən biri kimi təqdim edən məktəb direktoru Mehriban Ələkbərova deyib ki, onun poeziyası minilliklərdən süzülüb gələn laylalara, bayatılara, qoşmalara, gəraylılara söykənərək milli ruhumuzun təbliğinə, milli özünüdərkə xidmət edir. Zəlimxan Yaqub yaradıcılığının tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Musa Nəbioğlu isə şairin həyat və yaradıcılığından bəhs edib. O bildirib ki, Zəlimxan Yaquba ümumxalq məhəbbəti qazandıran möhtəşəm poeziyası ilə yanaşı, həm də şairin nitq qabiliyyəti, fenomenal yaddaşıdır:

"Klassik və müasir poeziyamızı Zəlimxan Yaqub qədər bilən və təbliğ edən ikinci şair tapmaq çətindir. Bu onun qeyri-adi hafizəsi, eyni zamanda poeziyamıza vurğunluğu ilə bağlıdır”. Sonra söz məktəbin şagirdlərinə verilib. Onlar şairin müxtəlif illərdə qələmə aldığı şeirləri, "Peyğəmbər” poeziyasından nümunələri səsləndiriblər. Şairlərdən Akif Əhmədgil, Həzi Həsənli, Müzahim İsmayılzadə, Kərim Kərimli şairə həsr etdikləri şeirlərini oxuyublar. Məktəbin müəllimi Rəxşəndə Məmmədova şairin yağlı boya ilə işlədiyi portretini təqdim edib. Tədbirin sonunda Zəlimxan Yaqub tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O, 13 cildlik seçilmiş əsərlərini məktəbin kitabxanasına hədiyyə verib, yeni şeirlərini oxuyub və şagirdlərlə xatirə şəkilləri çəkdirib. Qeyd edək ki, son zamanlar söz adamları ilə məktəblilərin görüşü intensiv xarakter alıb. Şagirdlərdə oxuya marağın artırılması və onların dünyagörüşlərinin formalaşdırılmasına hesablanan bu görüşlər müntəzəm olaraq müxtəlif orta məktəblərdə baş tutur. Ədəbiyyatçılarla məktəblilər arasında keçirilən görüşlərin əhəmiyyətindən danışan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, bu cür tədbirlərin çox tez-tez keçirilməsi də xoş hal deyil: "Əslində bu cür görüşlərin tarixi çox uzağa gedib çıxır. Hər bir məktəbdə tədrisdən əlavə dərsdən kənar layihələr də həyata keçirilib. Bu o vaxtları da vardı, gələcəkdə də olacaq. Bu cür tədbirlər zamanı da şairlər, yazarlar, alimlər, mədəniyyət xadimləri ilə şagirdlər arasında görüş keçirilir. Sovet vaxtları bu cür layihələr çox olurdu. Sadəcə, müstəqillik illərindən sonra bu layihələr bir qədər təxirə salındı və yük tədrisin üzərinə düşdü. Amma Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra məktəblərdə tərbiyə işinə önəm verilməsinin aktuallığına diqqət ayırdı. Şagirdlərin oxu qabiliyyətinin artırılması layihələr keçirilməsinin vacibliyini ön plana çəkdi. "Bədii oxu” adlı layihələr çərçivəsində atılan addımlardan biri də şairlər, yazıçıların məktəblilərlə görüşünün baş tutmasıdır. Bu zaman şagirdlər həm həmin şairin əsərləri ilə tanış olur, qiraətlər dinləyir, həm də onları maraqlandıran suallara cavab alır”. Məktəblilərlə görüşün nazirin təşəbbüsündən sonra geniş vüsət aldığını vurğulayan professorun sözlərinə görə, müsbət layihə olsa da, artıq bəzi məktəblər ağını çıxarıb: "Bizdə bir xoşagəlməz ənənə var ki, bir şeyi ya heç etmirlər, ya da həddindən artıq çox edirlər. Bu məsələ də eyni vəziyyət alıb. Bəzi məktəblər var ki, bir ay ərzində 3 şairlə şagirdlərin görüşünü təşkil edirlər. Bu isə doğru deyil. Çünki sinifdənxaric oxu, bədii qiraət məhz məktəblilərin şəxsi təşəbbüsləri ilə həyata keçirilməlidir. Görüş zamanı da ədəbiyyat sahəsində təcrübəsi və xidmətləri olan, öz sahəsində imzasını atmış insanlar cəlb olunmalıdır. Amma bizdə bəzən məktəblərə elə adamı dəvət edirlər ki, cəmisi 5-10 şeiri çıxıb. Hansı ki, heç kəs onu tanımır və onun şagirdlərə öyrədə biləcəyi heç nə yoxdur”. Ə.Ağayevin sözlərinə görə, ayda 3 dəfə şairlərlə görüş keçirib, layihənin əhəmiyyətini azaltmaq, bu cür tədbirləri adiləşdirmək doğru deyil: "Hesab edirəm ki, bu məsələ ilə bağlı məktəblər sistemli bir fəaliyyət planı hazırlayıb, ona uyğun hərəkət etməlidirlər. İl ərzində ən çox 4 dəfə şagirdlərlə tanınmışların görüşünü təşkil etmək olar. Bunların da hamısı şair, yazıçı olmalı deyil. Mən riyaziyyat üzrə alimlər, mühəndislər, geoloqlar tanıyıram ki, onların dəvət etdikləri şairlərdən qat-qat çox şeirlər bilir və çox gözəl təhlil edirlər. Həmçinin də keçirilən tədbirlərin əhəmiyyəti nəzərdə tutulmalıdır. "Görməmiş” kimi yox, səviyyəli görüşlər keçirilməlidir. Hər şair şagirdlər üçün nümunə deyil ki... Şagirdlərin vaxtını boş, mənasız adamlarla görüşdə itirməsindənsə, dərslərini oxusalar yaxşıdır. Amma elə adamlar da var ki, onların məktəblilərlə görüşməsi, söhbət etməsi doğrudan da çox vacib və əhəmiyyətlidir”.

Şəymən