Ötən il imtahanda iştirak edənlərin 60 faizi keçid balını yığa bilməmişdi
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-2018-ci tədris ili üçün ərizə qəbulu 11 aprel tarixində başa çatıb. Əhatə dairəsinə görə Azərbaycanda ən böyük imtahan prosesi olan bakalavr səviyyəsinə qəbul imtahanları ilk növbədə xidmət haqlarının kəskin artması və bunun da imtahanlarda iştirak edənlərin sayında azalma ilə yadda qalıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 85497 abituriyent ərizə verib.
Bəs, görəsən ekspertlər necə düşünür? Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün hansı statistik göstəricilər və rəqəmlər ortaya çıxdı?
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 2017-2018-ci tədris ilindən etibarən ali məktəblərin I-IV qrupları üzrə abituriyentlər seçkiləri ixtisas qrupları üzrə istəklərinə uyğun olaraq iki dəfə iştirak edəcəklər.
Bu il imtahanda iştirak etmək üçün elektorn ərizəsini təsdiq edən abituriyentlərin sayı I qrup üzrə 27490 nəfər, II qrup üzrə 19641 nəfər, III qrup üzrə 17916 nəfər, IV qrup üzrə 4922 nəfər təşkil edib. V ixtisas qrupu üzrə 34153 nəfər imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq edib.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyənlərin sayı isə 36076 nəfərdir.
Bu il əvvəlki illərlə müqayisədə I-IV qruplar üzrə ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin azalmalar olduğunu vurğulayan ekspert qeyd edib ki, ali məktəblərə qəbul plan yeri I-IV ixtisas qrupları üzrə 40 minə yaxındır. Bu il həmin qruplar üzrə imtahanda iştirak edənlərin sayı isə 69969 nəfərdir: "Nəzərə almalıyıq ki, imtahanda iştirak edənlərin heç də hamısı keçid balını toplamır. Məsələn, 2015, 2016 və hətta ondan əvvəlki illərdə imtahanlarda iştirak edənlərin 60 faizə yaxını keçid balını toplaya bilməmişdi. Bu il də eyni göstəricinin təkrarlanacağı gözləniləndir. Belə halda böyük sayda plan yeri boş qalacaq ki, bu da universitetlərin maliyyələşməsinə ciddi təsir göstərəcək. 2016-cı ildə ali məktəblərin plan yeri 80 faiz dolmuşdu və 7500 plan yeri boş qalmışdı. Cari ildə bu rəqəmdə ciddi artım olacağı qaçılmazdır”.
Publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinin 11 apreldə başa çatan ərizə qəbulundan əldə etdiyi gəlirlərə toxunan K.Əsədovun sözlərinə görə, I-IV qruplar üzrə DİM 5424840 manat gəlir əldə edib: "DİM V ixtisas qrupu üzrə 1366120 manat gəlir əldə edib.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmiş və elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı isə 36076 nəfərdir ki, onların da hər biri bu mərhələdə keçirilən test imtahanında iştirak etmək üçün 20 manat ödəyiblər. Deməli, DİM kolleclərə keçiriləcək imtahandan 721520 manat gəlir əldə edəcək.
Ümumilikdə DİM 11 apreldə başa çatan sənəd qəbulundan 7512480 manat gəlir əldə edib. Amma bu, xalis qazanc deyil. Çünki DİM imtahan prosesini təşkil etmək üçün xərclər çəkir ki, bu xərclər də onların daxili sirləridir.
Şəymən