Böyük tarixə şahidlik edirik

Azərbaycan daha bir peyklə kosmosda təmsil olunmaqla öz təhlükəsizliyini möhkəmləndirdi




Ölkəmizdə bir çox sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbüsü ilə ötən əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyasının nəzdində kosmik tədqiqatların aparılmasına başlanılıb, bir çox texnoloji istehsalat kompleksləri yaradılıb. Kosmik sənayenin inkişafının ikinci mərhələsi isə cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. 

2009-cu ildə Prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi. Prezidentin 2010-cu ildə verdiyi Sərəncamla telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 

"Azərkosmos”un xidmətlərinin alıcıları, əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan "Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, "Azersky” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. 

"Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq bizi seçir. Dəyəri 233 milyon ABŞ dolları olan və beş ildir ki, fəaliyyət göstərən "Azerspace-1” peykinin resurslarının 80 faizi kommersiya yönümlü istifadədədir. Bugünədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. 

Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır. Dünyanın 1/3-ni əhatə edən "Azerspace-1” peyki bu gün Azərbaycan üzərində ən güclü siqnala malik peyklərdəndir. Bu peyk telekommunikasiya sahəsində digər ölkələrdən asılılığın aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edir. Başlıca tətbiq sahəsi Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət etmək olan Azersky peykinin də kommersiya potensialı var. Azersky peykinin xidmətlərindən, nəinki Azərbaycanda, eləcə də Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə aktiv istifadə olunur.

 Dəyəri 157 milyon Avro olan "Azersky” peykindən bugünədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Ötən gün orbitə buraxılan "Azerspace-2” peyki də perspektiv vəd edən peyk hesab olunur və çox yüksək dəyərləndirilir. Elə buna görə də "Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın daha bir peykinin orbitə buraxılması çox böyük tarixi hadisədir. Ekspertin sözlərinə görə, ölkəmiz dünya kosmos ölkələri sırasında yer almaqla, əslində öz qüdrətini sübut etmişdi. Amma belə qısa müddət ərzində 3-cü peyki orbitə göndərməklə bunun təsadüfi olmadığını göstərdi:

"Əlbəttə, 3-cü peyk bizi istəməyənləri, ilk növbədə erməniləri və onlarla bərabər "azərbaycanlı” olub Azərbaycana düşmən kəsilənləri narahat edir. Ona görə də bəzi ünsürlər böyük hadisəni gözdən salmağa çalışırlar. Amma bir şeyi unudurlar ki, artıq onların dövrü keçib”. A.Həsrət bildirib ki, Azərbaycan daha bir peyklə kosmosda təmsil olunmaqla öz təhlükəsizliyini möhkəmləndirdi: "Eyni zamanda o seqmentdə xidmətlərin təqdim edilməsində əlavə imkanlar qazandı. Bir Azərbaycan vətəndaşı olaraq ölkəmlə qürur duyuram”.

İsmayıl