BP ötən il 257 Azərbaycan vətəndaşını işdən çıxarıb

“Şirkət heç vaxt çıxarılan işçiləri işlə təmin etməyib”
“Yenidən hasilat qalxarsa, onlar həmin adamları geri çağıra bilərlər. Amma buna ümid çox azdır”


"BP ötən il 257 Azərbaycan vətəndaşını işdən çıxarıb”. Bu barədə qurumdan bildirilib. Məlumata görə, 2015-ci ildə şirkətdə çalışan Azərbaycan vətəndaşlarının sayı 2 735 nəfər olub: "Maraqlı məqam ondan ibarətdir ki, 2014-cü ildə isə bp-nin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 992 nəfər olub.

Həmin dövrdə şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86 faizini yerli mütəxəssislər təşkil edib. Lakin 2015-ci ildə bp (2992-2735) 257 nəfər Azərbaycan vətəndaşını ixtisar edib”.
Çıxarılan işçilərin taleyi barədə "Şərq”ə danışan Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı qeyd edib ki, başqa şirkətlərdən fərqli olaraq bp əksər hallarda azad olunan işçilərə kompensasiya verir. Amma işlə təmin etmir: "Onu deyim ki, çıxarılan işçilərin əksəriyyəti peşəkarlardır. Ciddi təcrübəyə malikdirlər. O mütəxəssislərin işsiz qalması ölkədən getmələrinə səbəb olur. Həmin professional işçilərin bəziləri başqa ölkələrə üz tutmalı olurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla maraqlanmalıdır. Dövlət başçısı çıxışında qeyd etdi ki, ölkədə ixtisarlar dayandırılsın. İşsizliyin qarşısı alınsın. ƏƏSMN-in isə işsizliyin aradan qaldırılmasına dair heç bir proqramı yox idi. Xaricdən ekspert dəvət ediblər ki, 10 illik proqram hazırlasın. Bu da bədxərclikdir. Çünki ölkədə proqram hazırlayacaq kifayət qədər təcrübəli ekspertlər mövcuddur. BP və SOCAR-da çalışmış təcrübəli mütəxəssislərdir. Onlardan istifadə olunmalıdır. ƏƏSMN həmin peşəkarların işlə təminatı yönündə proqram hazırlamalı idi. Amma hazırlamayıb. Bir daha qeyd edirəm ki, bp heç vaxt çıxarılan işçiləri işlə təmin etməyib. Yenidən hasilat qalxarsa, onlar həmin adamları geri çağıra bilərlər. Amma buna ümid çox azdır”.
Təşkilat sədri onu da əlavə edib ki, AZFEN (Şahdəniz-2 layihəsindən) 10 nəfəri yanvarda, 10 nəfəri fevralda işdən azad edib, 10 nəfəri də martda işdən azad etməyi planlaşdırır: "Bizə məlumatlar gəldi ki, həmin şəxsləri müqavilə müddətləri bitməzdən əvvəl işdən çıxarılıblar. Bu da qanunsuzdur. Şahdəniz layihəsində işçilərlə müqavilə bağlanır. Yanvarda işdən azad olunanlar, müqavilə vaxtları başa çatmazdan qabaq çıxarılıblar. Həmin adamlar bizə müraciət edib. Onlara bildirdik ki, məhkəmədə hüquqlarını müdafiə edə bilərik. Baxın, Prezident tapşırıq verir ki, ixtisar aparılmasın, bunlar əksini edir. Qarasu Əş-də də işçilərin müxtəlif bahənələrlə işdən azad olunması davam edir”.

Ayyət Əhməd