Bu ayı kimin ayısı?

Hansısa şəxsin villasından qaçan ayı balasına yiyə duran yoxdur
Dünən Bakıda qəfil peyda olan ayı balası insanlarda əməlli-başlı təşviş yaradıb. Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus”un avtomobil parkı yaxınlığında görünən ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccübünə səbəb olub.
Ayını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlincə DİN Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin əməkdaşları - polis serjantı Vəli Fərəcov, mülki mühafizəçi Qafil Quliyev və mühafizə qrupunun rəhbəri, polis mayoru Telman Rəhimov mühafizə edib, qoruyub. Onlar heyvanın insanlara xələl yetirməməsi üçün əllərindən gələni ediblər. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq mümkün olmayıb: "Hamımız gözləyirdik ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirdilər. Bakı Zooparkının direktoru Azər Hüseynov paytaxt ərazisində peyda olan ayı balasının Bakı Zooparkına məxsus olmadığını deyib. O qeyd edib ki, Zooparka məxsus bütün heyvanlar öz yerindədir: "Həmin ayı balasının hansı şəraitdə, harada peyda olması ilə bağlı məlumatım yoxdur”. Direktor eyni zamanda tapılan ayı balasının Bakı Zooparkına təhvil verilməsilə bağlı müraciət almadığını deyib. Maraqlıdır, əgər ayı balası Zooparkdan qaçmayıbsa, onda kimindir? Qeyd edək ki, bu barədə nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də FHN-dən dəqiq məlumat ala bildik. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Şərq”ə açıqlamasında faktı təsdiqləsə də, ayının haradan gəlməsi barədə məlumatlı olmadıqlarını deyib: "Şəhərdə ayı balasının peyda olunması ilə bağlı çağırış alan kimi əməkdaşlarımız hadisə yerinə gediblər. Həyata keçirilən müvafiq tədbirlərdən sonra ayını zərərsizləşdirmək mümkün olub və o, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb. Ancaq ayının haradan qaçmasını dəqiqləşdirmək mümkün olmayıb. Onun hara məxsus olduğu tapıldıqdan sonra ərazidən götürülən heyvan aidiyyəti üzrə təhvil veriləcək”. Ayının itməsi ilə bağlı rəsmi dövlət qurumlarına hər hansı müraciətin daxil olmayıbsa, deməli o, hansısa şəxsin villasından qaçıb. Axı, Bakıda heyvan saxlamağa marağı olan imkanlı şəxslər az deyil...
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin ərazidə olub və ayı balasını götürüblər. Heyvan nazirliyin Kinoloji Xidmət mərkəzinə aparılacaq. Daha sonra müvafiq tədbirlər görüləcək.
Şəymən