"Bu, Azərbaycanın xeyrinə olan hadisə deyil" - Təzyiq əlaməti




"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlər arasında əsas aparıcı qüvvə Rusiyadır”.

Bunu Sherg.az-a Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yuri Xaçaturov KTMT yeni baş katibi təyin olunmasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, həmin təşkilatda Rusiyadan başqa Ermənistana dəstək verən, onu müdafiə edən ikinci dövlət yoxdur:

"Baş katib Ermənistandan təyin olunsa da, bütün məsələlər səs çoxluğu ilə həll olunur. İnanmıram ki, erməni orda özünün baş katibliyindən istifadə edib, Azərbaycan əleyhinə nə isə etməyə nail olsun. Bu məsələnin bir tərəfidir. İkinci tərəfdən bizi çox maraqlandıran və qıcıqlandıran əsas məsələ Rusiyanın mövqeyidir. Biz günü-gündən Rusiya ilə münasibətlərimizi daha yüksək səviyyədə qurmaq üçün bütün addımlarımızı atırıq, sıx qonşuluq, mehribançılıq, əməkdaşlıq şəraitində və bütün istiqamətlərdə normal vəziyyətdə saxlayırıq. Getdikcə də genişləndirib inkişaf etdiririk.

 Belə bir məqamda işğalçı dövlətin baş qərargah rəisini o cür təşkilata gətirib vəzifəyə qoymaq təbii ki, Rusiyanın maraqları çərçivəsindədir.
Ola bilsin ki mən səhv fikirdəyəm, ancaq bu, mənim şəxsi fikrimdir. Bu, düz olmaya da bilər. Lakin fikrimcə, bu müəyyən məsələlərdə bir növ Azərbaycana təzyiq göstərmək məqsədi daşıyır. Yəni bu tamamilə yol verilməz bir haldır ki, işğalçı, təcavüzkar bir dövlətin müdafiə nazirliyinin baş qərargah rəisini dövlətlərarası hərbi quruma rəhbər, başçı qoyasan. Məncə, bu, diqqət çəkən məsələdir və Azərbaycanın xeyrinə olan hadisə deyil.

İstənilən halda əvvəlki fikrimə qayıdıram ki, orada səs çoxluğu həmişə qüvvədə olur. Təbii ki, Rusiya öz hegemonluğundan istifadə edib, kimlərisə məcbur etməsə, nə Belarusiya bizim əlehimizi səs verər, nə Qazaxıstan, nə də Qırğızıstan.  Bu, Ermənistan və Rusiya arasında olan fikirdir, sövdələşmədir. Məqsəd də təbii ki, Azərbaycana müəyyən məsələlərdə təzyiq göstərməkdir”.

Qeyd edək ki, Xaçaturov Yuri Qriqoreviçin 2 maydan etibarən baş katib vəzifəsinə təyin edilməsi barədə yekdil qərar qəbul edilib

Aysel Aslan