Bu bazara yoxsullar gedirdi

“Keşlə bazarı”nın köçürülməsində nəqliyyatın gediş-gəlişi də nəzərə alınmalıdır




Paytaxtda ucuzluğu ilə seçilən bazarlardan olan "Keşlə bazarı” söküləcək. Səbəb kimi də "Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması göstərilir.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, "Keşlə bazarı”nın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır. Obyektin söküləcəyi ilə bağlı bazarda çalışanlar da məlumatlandırılıb.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, belə bazarın bağlanması həm iş yerlərinin, həm də alış-veriş məkanlarından birinin itirilməsi baxımından problemlər yarada bilər: "Ona görə də köçürülmə işi nə qədər tez həyata keçirilsə, yaxşı olar”.

N.Cəfərli köçürülmə edərkən iqtisadi baxımdan bir neçə amilə diqqət yetirilməsini vacib sayıb: "Ən əsası yer seçərkən ərazinin metroya və nəqliyyat koridorlarına yaxınlığı nəzərə alınmalıdır. Çünki əvvəldən bu bazardan əhalinin aşağı gəlirli təbəqəsi istifadə edirdi və metronun uzaqda yerləşməsi alıcıların gəlib-getməsi üçün çətinlik yaradırdı. Bu bazarı şəhərin yaxın yerlərinə köçürmək mümkün olmasa da, "Xalqlar Dostluğu”, "Neftçilər”, "Qara Qarayev” və "Əhmədli” metrostansiyalarına yaxın ərazilərə köçürülə bilər. Bu baxımdan bazarın insanların gedə biləcəyi, rahat tapacağı ünvana köçürülməsi olduqca əhəmiyyətlidir. Həm də bu ərazilər əhalinin sıx yaşadığı ünvanlardan biridir”.

İqtisadçı-ekspert ortalama bu bazarda gündəlik nə qədər məhsul satışı və ticarət dövriyyəsini rəqəmlərlə deməyin çətin olduğunu söyləyib: "Ona görə ki, burada satış kassa aparatı vasitəsilə deyil, nağd pul ilə həyata keçirilir. Lakin müşahidələr əsasında onu demək olar ki, əhalinin sıx alış-veriş etdiyi, gur bazarlardan biri idi. Əsasən paytaxt sakinləri həftə sonları bazarlıq üçün bura axın edirdilər. Ancaq düzgün strategiya qurulsa, bazarla bərabər bazar ətrafı çayxana və digər iaşə obyektlərinin açılması yeni iş yerləri deməkdir”.

Vüqar Şahinoğlu