“Yarışlarda iştirak üçün bilet əldə etmək istəyənlərin sayı-hesabı yoxdur”
“Bu, böyük tarixi uğurdur”
Əjdər Cəfərov: “Əsrlər keçsə də, yenə də İlk Avropa Oyunları deyiləndə Azərbaycan xatırlanacaq”
“Yarışlarda iştirak üçün bilet əldə etmək istəyənlərin sayı-hesabı yoxdur”
“Yarışlarda iştirak üçün bilet əldə etmək istəyənlərin sayı-hesabı yoxdur”
Tarixdə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının başlanılmasına az qalıb. Artıq yarışa dair işlər tamamlanmaq üzrədir. Doğrudan da bu möhtəşəm tədbir respublikamızın ictimai-siyasi və sosial-iqtisadi gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, hazırda Avropa ölkələrinin əksəriyyəti siyasi problemlər və sosial-iqtisadi böhranın yaratdığı təsirləri hələ də yaşamaqdadır.
Bu səbəbdən hesab edirik ki, oyunlar Avropa və dünya məkanında respublikamızın nüfuzunun göstəricisi kimi xarakterizə olunacaq. Marafon ölkəmizə böyük siyasi dividendlər qazandıracaq. Çünki Azərbaycanın dünya miqyasında təbliğ olunması yönündə sözügedən tədbir müstəsna rol oynayacaq. Respublikamızın qədim tarixə, zəngin mədəniyyətə, yüksək tolerantlıq mühiti və qonaqpərvərliyə malik olmasını dünyaya nümayiş etdirəcək. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar hadisəsi və Azərbaycanın üzləşdiyi haqsızlıqlara dair gerçəklikləri beynəlxalq arenaya daşıyacaq. Bununla yanaşı, oyunlar regionlarımızın təbliği yönündə əlverişli imkanlar yaradacaq. Paytaxtla yanaşı, digər iri şəhərlərin də dünyaya tanıdılması nəticəsində ölkəmizin turizm və iqtisadi potensialı dünyaya təqdim olunacaq. Buna rəğmən qeyd edək ki, oyunlarla əlaqədar bəzi xarici və yerli qüvvələr ölkəmizə qarşı qara piar kampaniyasına start veriblər. Dövlətimizin inkişafını gözü götürməyənlər istənilən vəchlə Azərbaycanı gözdən salıb, beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Lakin istəklərinə nail ola bilmirlər. Respublikamızın bütün sahələrdə çiçəklənməsi göz qabağındadır. Ona görə də heç kəs o cür böhtan xarakterli ifadələrə etimad göstərmir. Bütün bu reallıqları nəzərə alıb, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun da oyunlar barədə münasibətini öyrəndik. O, "Şərq”ə müsahibəsində qeyd etdi ki, bu mötəbər yarış ilk növbədə tarixi idman hadisəsidir: "Uşaq vaxtlarında Olimpiya Oyunları ilə yaxından maraqlanırdım. Həmişə ona dair kitablar oxuyurdum. İndi də Yay Olimpiya Oyunları deyəndə ilk olaraq Yunanıstan yadıma düşür. Təbii ki, əsrlər keçsə də, yenə də İlk Avropa Oyunları deyiləndə Azərbaycan xatırlanacaq. Bu, böyük bir tarixi uğurdur. Kimsə bunu adi bir tədbir kimi dəyərləndirə bilər. Amma illər keçdikcə, biz onun əhəmiyyətini dərk edəcəyik.
- Oyunlar zamanı ölkəmizə xarici idmançılarla yanaşı, turistlər də axışacaq. Bu səbəbdən bilmək istərdik ki, yarış ölkəmizin turistik məkana çevrilməsi baxımından nə dərəcədə önəmlidir?
- Şübhəsiz ki, yarışda ölkəmizə yalnız idmançılar deyil, çoxsaylı turistlər də təşrif buyuracaqlar. Onlar Azərbaycanın inkişafı, yol infrastrukturu, idman qurğuları və turizm guşələrini gözlərini ilə görəcəklər. Dincəlmək üçün bu məkanlara üz tutacaqlar. Fikir verin, indiyə qədər ölkəmizdə idmanın müxtəlif növləri üzrə Dünya və Avropa Çempionatları keçirilib. Həmin yarışlar ərəfəsində qonaqlar və ya turistlər bizdən ölkəmizin turistik məkanları barədə məlumatlar alırdılar. Dincəlmək üçün Azərbaycana gəlmək istədiklərini bildirirdilər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Biz bu halla təkcə güləş yarışları zamanı rastlaşmamışıq. Avropa Oyunları isə miqyasına görə daha böyük tədbirdir. 20 idman növü təmsil olunacaq. İdmançı, məşqçi, texniki heyət və turistlər daxil olmaqla ölkəmizə çoxsaylı qonaqlar axışacaq. Əlbəttə, bu, Azərbaycanda turizmin inkişafına müsbət təsir göstərəcək.
- Sizcə, tarixi və mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılmasında bu tədbir nə kimi rol oynayacaq?
- Bir vətəndaş kimi hamımızın insanlıq borcudur ki, ölkəmizin başına gətirilmiş Xocalı soyqırımı, 20 Yanvar hadisəsi bəlaları və 20 faiz torpaqlarımızın işğalını dünya ictimaiyyətinə çatdıraq. Ölkəmizin hansı haqsızlıqlarla üzləşdiyini isbat edək. Tarixi muzeylərimiz mövcuddur. Həmin muzeylər üzləşdiyimiz faciələri əks etdirir. Turistlər də o faktlara nəzər saldıqdan sonra bütün həqiqətləri anlayacaqlar. Hansı haqsızlıq və təcavüzlərə məruz qaldığımızı aydınca görəcəklər. Bu möhtəşəm yarış ölkəmizlə bağlı fikirlərin müsbətə doğru dəyişilməsinə gətirib çıxaracaq.
- Yarışın Almaniya, Fransa və İngiltərə kimi böyük dövlətlərə deyil, Azərbaycana həvalə olunması nəyin göstəricisidir?
- Azərbaycan idman ölkəsidir. İndiyə qədər bir sıra mühüm beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Ölkəmizdə beynəlxalq əlamətdar yarışların təşkili yüksək səviyyədə həyata keçirilir. Bir sıra xarici ölkələrdə idman yarışlarında iştirak etmişəm. Bizdəki kimi təşkilatçılıq təcrübəsinin heç bir yerdə şahidi olmamışam. Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışların hansı səviyyədə keçirilməsinə xüsusi diqqət ayrırır. Təbii ki, Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti onlarda bu marağı yaratdı. Ona görə də ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu məhz biz əldə etdik. Əminliklə deyə bilərəm ki, heç bir Avropa ölkəsi bu tədbiri Azərbaycanın keçirdiyi səviyyədə təşkil edə bilməz. Qısa zaman ərzində yeni idman obyektlərinin- gimnastika arenası, su idman sarayı və 68 min tamaşaçı tutumuna malik stadionun inşa edilib, istifadəyə verilməsi böyük göstəricidir. Bunu heç bir ölkə gerçəkləşdirə bilməzdi. Amma biz etdik. Bununla Azərbaycan BOK bir daha sübut etdi ki, nəinki Avropa Oyunları, hətta Yay Olimpiya Oyunlarını da reallaşdırmaq əzmindədir. Ümid edirəm ki, möhtərəm prezidentimizin sayəsində Olimpiya Oyunlarının ölkəmizdə baş tutacağı günü də görəcəyik. O gün çox yaxındadır.
- Oyunların Azərbaycanda keçirilməsinə cəmiyyətin münasibəti necədir?
- Çox gözəldi. Biz insanlarla ünsiyyətdə oluruq. Hamı bayram əhval-ruhiyyəsindədir. Hamı sevinir. Bu, ölkəmiz və xalqımız üçün qürurverici bir bayramdır. Oyunların ölkəmiz üçün əhəmiyyətini xalqımız çox yüksək qiymətləndirir. Yarışlarda iştirak üçün bilet əldə etmək istəyənlərin sayı-hesabı yoxdur. Çox böyük maraq və sevinc var. İnşallah, qazanacağımız medallar sevincimizə əlavə bir sevinc qatacaq.
- Bununla yanaşı, qeyd edək ki, oyunlar Azərbaycana həvalə edilən andan bəzi beynəlxalq və yerli təşkilatlar ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Sizcə, bu, nədən irəli gəlir?
- Onlar uğurlarımıza sevinməyən insanlardır. Azərbaycanın yüksələn xətt üzrə inkişafı göz qabağındadır. Buna sevinməyənlər millətinə, dövlətinə sevgisi olmayanlardır. Əlbəttə, hansısa bir yerdə inkişaf varsa, ona paxıllıq edənlər də olacaq. Tərəqqimizi gözü götürməyən insanlardır. Onların "səylərinə” baxmayaraq Azərbaycan öz inkişaf dinamikasındadır.
- Ölkəmizdə baş tutan hər genişmiqyaslı idman tədbirindən sonra bu sahəyə axın güclənir. Bəs Avropa Oyunları Azərbaycan idmanının tərəqqisində hansı rolu oynaya bilər?
- Çox doğru buyurursunuz. Baxın, ölkəmizdə hansısa bir idman növü üzrə yarış keçiriləndə, insanlarımızda həmin idman növünə maraq artır. Avropa Oyunlarında isə 20 idman növü olacaq. Vətəndaşlarımız bu idman növlərini seyr edəcəklər. Və görüb, bəyəndikləri idman növü ilə məşğul olmağa çalışacaqlar. Bu da gənc nəslin sağlam yetişməsinə səbəb olacaq. Məlum möhtəşəm yarışdan sonra gənclərimizin idman sahəsinə axını daha da güclənəcək. Çünki dövlət başçısı idman və idmançılara çox gözəl şərait yaradır. Hesab edirəm ki, respublikamızda idmançıların sayının sürətlə yüksəlməsi ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürüdür.
- İdmançılardan söz düşmüşkən, istərdik ki, güləşçilərimizin hazırlıq səviyyəsindən də danışasınız...
- Oyunların ölkəmizdə keçiriləcəyi məlum olandan sonra Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun çox ciddi bir tapşırığı oldu. Həmin göstəriş idmançılarımızın yarışa yüksək səviyyədə hazırlığı ilə əlaqədar idi. Bu əmrə uyğun olaraq öz işlərimizi planlaşdırdıq və hazırda yekunlaşdırmaq üzrəyik. Konkret olaraq deyə bilərəm ki, federasiya idmançılara çox yüksək qayğı göstərir. Məqsəd isə odur ki, bütün güləşçilərimiz qələbə qazansınlar. Təsadüfi də deyil ki, hazırda 3 yığma komandamız AGF-nin I vitse prezidenti, Dünya Güləş Birliyinin üzvü Namiq Əliyevin birbaşa nəzarəti altında digər ölkə idmançıları ilə təlim-məşq toplantıları keçirirlər. Ümid edirəm ki, idmançılarımız gördükləri diqqət və qayğıya cavab olaraq onlara göstərilən etimadı doğruldacaqlar.
- İdmançılarımıza arzularınız nədir?
- Onlara qələbə arzulayıram. Xalqımıza qələbə sevinci yaşatsınlar. Himnimizin sədaları altında bayrağımızı zirvələrdə ucaltsınlar.
Ayyət Əhməd