Aprel ayında keçirilən qəbul imtahanında 2-ci qrupda 700 bal toplayan var idisə, bu dəfə belə bir nəticəyə rast gəlinmədi
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Budəfəki imtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent maksimum nəticə göstərərək 700 bal toplayıb.
Beləliklə də DİM tərəfindən keçirilən yekun imtahan nəticələrinə görə 12 abituriyent 700 bal toplayaraq rekorda imza atıblar.
Xatırladaq ki, DİM-in mayın 7-də I və IV ixtisas qrupları üzrə keçirdiyi imtahanda 7 nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə 5, IV ixtisas qrupu üzrə isə 2 abituriyent 700 bal toplayıb. Aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən isə 3 nəfər ən yüksək nəticəni göstərib və 700 bal toplayıb. Bir qrup şəxslərin iddialarına görə abituriyentlərin maksimum nəticə toplamalarına səbəb imtahan suallarının asan olması və şagirdlərin əzbərçilik nümayiş etdirməsidir.
Təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə isə builki qəbul imtahanlarında sualların asan və ya sadə olmasından söhbət gedə biməz. Ekspertin sözlərinə görə, qəbul imtahanı verən 65 min abituriyentdən yalnız 31min nəfər keçid balını toplaya bilib və bu, olduqca aşağı nəticə hesab olunur:
"2017/2018-ci il təhsil sisteminin demək olar ki, böyük hissəsi geridə qalıb. Yalnız növbəti həftə 1və 4-cü qruplar imtahan verəcəklər, bununla da ali məktəblərə qəbul imtahanları başa çatacaq. Hələ ki, ümumilikdə 12 nəfər maksimum nəticələr əldə edib. Maraqlıdır ki, aprelin 30-da keçirilən imtahan ilə iyulun 14-də keçirilən imtahanları müqayisə etsək, istifadə olunmuş test tapşırıqlarının ağırlıq səviyyəsinin biri-birindən fərqli olduğunu görərik. Məhz bunun nəticəsidir ki, aprel ayında keçirilən qəbul imtahanında 2-ci qrupda 700 bal toplayan var idisə, bu dəfə belə bir nəticəyə rast gəlinmədi. Belə çıxır ki, abituriyentlərin maksimum nəticə göstərməsi bəzi hallarda təsadüfən olur.
Yəni, o demək deyil ki, həmin şəxs indi imtahanda iştirak etsə, maksimum nəticəni təkrar göstərəcək. İyulun 14-də keçirilən imtahan çox çətin idi. Qəbul imtahanlarında istifadə olunan tapşırıqlar tam proqramı əhatə edir. Burda şagirdlərin təkcə bilikləri yox, onların məntiqi düşünmə, müqayisə etmə, konstitusiya və xəritə üzərindəki bacarıqları da yoxlanılıb. Məhz bütün bunları nəzərə alsaq, ümumilikdə 12 nəfərin maksimum bal toplamasını heç də yüksək nəticə kimi hesab eləmək olmaz. Bizdə 700 bal toplayan 12 nəfəri və ümumi imtahanda 65 min nəfər olduğunu nəzərə alsaq, nəticənin aşağı olduğunu söyləmək olar. Yüksək nəticə göstərənlərin sayının azlığı şagirdlərin qəbul imtahanlarına hazırlığının aşağı səviyyədə olduğunu, qəbul imtahanının çətin bir proses olduğunu və istifadə olunmuş sualların ağırlıq dərəcəsini göstərir”.
Yeganə Bayramova