"Bu faktorlar Paşinyanın sonunu gətirəcək" - Millət vəkili





"Ermənistanda gərginlik, qeyri-sabitlik hər ötən gün daha da intensivləşir”.

Bunu "Sherg.az”a Ermənistandakı vəziyyəti dəyərləndirərkən millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, işğalçı ölkədə vəziyyət heç vaxt düzəlməyəcək:

"Ermənistanın baş Naziri Nikol Paşinyan istəyir ki, qondarma rejimin rəhbərini dəyişdirib, ora öz adamını yerləşdirsin. Bu da ölkədə gərginliyi artırır. Fikrimcə, yaxın müddətdə Ermənistanda hər hansısa bir dəyişiklik olmayacaq. 

Hazırda keçmiş hərbi cinayətkar rejim zəifləyib. Ölkə iqtisadiyatı, siyasi və hərbi vəziyyəti iflas ərəfəsindədir. N.Paşinyanın problemləri xalqın gözləntiləri istiqamətində hər hansısa bir addım ata bilməməklə bağlı olacaq. Yaxın müddətdə xalq ondan vədlərin nə vaxt həyata keçiriləcəyini soruşacaq. 

Vəd edilənlərin həyata keçməməsini, iqtisadi durumun düzəlməməsini görən xalq etiraz edəcək. Bundan əlavə, N.Paşinyan çalışacaq ki, hakimiyyətə öz adamlarını gətirib, ona qarşı qüvvələri hakimiyyətdən uzaqlaşdırsın. Bütün bu faktorlar da Ermənistanın və onun baş naziri Nikol Paşinyanın sonunu gətirəcək”.

Kənan Eynuroğlu