"Bu görüşlər Azərbaycan və Türkiyə xalqlarının xeyrinədir”- Açıqlama

"Türkiyə ilə mütəmadi görüşlərin, təlimlərin keçirilməsini məqsədəuyğun hesab edirəm”
Bu barədə "Sherg.az”a Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyə səfərini dəyərləndirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qardaş ölkə və xalqla gözəl münasibəti var:
"O cümlədən orduyla bağlı da sıx əlaqələri mövcuddur. Tez-tez fikir mübadiləsi aparılır. Azərbaycan ordusu Türkiyə ilə bir yerdə təlimlər keçirir. Təbii ki, Azərbaycan ordusunun Türkiyə ordusundan öyrənməli olduğu çox amillər var. Onların müharibə və taktiki təcrübələri daha yüksəkdir. Qardaş ölkənin yüksək hazırlığa, NATO standartlarına uyğun bir ordusu formalaşıb. 
Türkiyə Azərbaycanla qardaş dövlət olduğu üçün bu sahədə təcrübəsini əsirgəmir. Azərbaycan ordumuzun inkişafı naminə uzun illər qonşu dövlətlər, Gürcüstan, İran, Rusiya və Türkiyənin təcrübəsindən istifadə edir. Əlaqələr qurulur və bu münasibətlər genişlənir. Onların müasir texnikaları görüşlərdə nümayiş olunur. 
Bu məqsədlə mütəmadi görüşlərin, təlimlərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Bunu daha da inkişah etdirmək lazımdır. Həmçinin burada strateji məsələr də müzakirə olunur. Bütün görüşlər Azərbaycan və türk xalqlarının xeyrinə olan məsələlərdir”.
Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.
Kənan Eynuroğlu