Zahid Oruc: “Düşmən cəbhəsindəki narahatlığı daha da artırmaq üçün Silahlı Qüvvələrimiz irəliyə getməlidir”
“Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya”
Böyük qayıdış planı ermənilərin canına qorxu salıb
Zahid Oruc: “Düşmən cəbhəsindəki narahatlığı daha da artırmaq üçün Silahlı Qüvvələrimiz irəliyə getməlidir”
Zahid Oruc: “Düşmən cəbhəsindəki narahatlığı daha da artırmaq üçün Silahlı Qüvvələrimiz irəliyə getməlidir”
Ötən gün "Azərbaycan” qəzetində "Ermənistanda böyük xof: "İlham Əliyev bu gün Cocuq Mərcanlını bərpa edirsə, sabah Şuşanı azad edəcək” başlıqlı məqalə dərc olunub. Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyevin sərəncamından şok yaşayan ermənilər sosial şəbəkələrdə Serj Sarkisyandan hesabat tələb ediblər.
Yazıda bildirilib ki, Ermənistanı qorxuya salan məqam Prezident İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı olub: "İşğalçı ölkədə bu, çox geniş səs-küy yaradıb. Açıq və qəzəbli şəkildə qeyd olunub ki, Serj Sarkisyan cəfəngləri, rəsmi İrəvanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur”.
Nəşr yazıb ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə kifayət qədər pessimistdir:
"Belə görünür ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq. Karen Mkrtçyan adlı feysbuk istifadəçisi "Nə vaxta qədər belə davam edəcək? Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya” başlıqlı status paylaşıb. Digər istifadəçi Arut Xaçatryan adlı bir nəfər tvitterdə belə bir paylaşım edib: "Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Serj Sarkisyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir.
S.Sarkisyan Ermənistanı məhvə aparır”. Henrix Aşotyan adlı biri isə feysbukda Prezident İlham Əliyevin imzaladığı sərəncamla bağlı paylaşılan statusa belə bir şərh yazıb: "Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sarkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalayır. Belə davam etsə, Xankəndi, Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir. Robert Şaqinyan adlı biri isə "Twitter”də yazıb: "Ötən il azərbaycanlıların aprel hücumundan sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serj nə edir?”. Karine Baqratyan adlı biri "VKontakte” sosial şəbəkəsində erməni iqtidarına qarşı etirazını bildirib: "İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Aprel məğlubiyyətindən sonra Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır? Hələ İlham Əliyevin imzaladığı məlum sərəncamı demirəm. Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?”.
Ermənistanda müşahidə olunan narahatlıqla bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, Cocuq Mərcanlıya çağırış Qarabağa gedən mühüm bir yola çevrilib. Deputatın sözlərinə görə, Azərbaycanda başlayan qayıdış prosesinin düşmən tərəfdə ciddi narahatlıq doğurması təbiidir:
"Biz də sosial şəbəkələrdə və başqa mühitlərdə ermənilərin narahatlığını müşahidə edirik.
Düşmən tərəf bu hadisəni ağrı ilə qarşılayır. Hətta vurğulayırlar ki, guya Azərbaycanın əsas planı erməni xalqını tamamilə məhv etməkdir. Halbuki, Cəbrayılın bir kəndinin bərpa olunması Qarabağda yaşayan ermənilər üçün də bir çağırışdır. Qarabağ erməniləri illər ərzində onları girov edən, öldürən, mallarını əllərindən alan qaniçən hakimiyyətə qarşı çıxmağa cəsarət etsəydilər, bərpa işləri bütövlükdə Şuşada, Xankəndində də aparılardı. Ermənilər isə bunun sadəcə faydasını görərdi. Nəhayət başa düşmək lazımdır ki, birgə yaşayışın formulu mütləq tapılmalıdır. Ancaq bu formul heç vaxt ermənilərin torpaqlarımızı işğalı hesabına olmayacaq”.
Millət vəkili bəyan edib ki, Cocuq Mərcanlı kəndinin bərpası Sarkisyan əleyhdarlarını ayağa qaldırıb və hakimiyyətdən narazı olan qüvvələr bu fonda Azərbaycanın gücünü etiraf etməyə məcbur olublar:
"Sarkisyan, Köçaryan, Ohanyan və Oskanyan uzun illər özlərini "güclü sərkərdə” kimi təqdim edirdilər. Aprel döyüşləri bu "qəhrəmanların” bütün nailiyyətlərini əllərindən aldı və Qarabağ müharibəsinin davam etdiyini göstərdi. Seyran Ohanyan illərlə protez ayağını camaatın gözünə soxurdu, hakimiyyətə səngərdən gəldiyini iddia edirdi. Ancaq "dördgünlük” müharibə onunla birgə 5 generalı rüsvay etdi. Əgər 1990-cı illərdə ərazi itirən, siyasi qeyri-sabitlik dövrü yaşayan Azərbaycan idisə, indi həmin prosesə Ermənistan da gedir”. Z.Oruc bildirib ki, ölkə daxilində maliyyə islahatları həyata keçirilsə də, Qarabağ məsələsi heç nəyə qurban verilə bilməz: "Torpaq hər şeydən alidir. Əslində elə ən böyük problemlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Əkinə yararlı münbit ərazilərimizin xeyli hissəsi işğal altındadır. Qarabağın canı - Laçın, Kəlbəcər, Cəbrayıl torpaqlarıdır”.
Parlamentarinin sözlərinə görə, Prezidentin Sərəncamı Aprel savaşının davam etdiyini sübuta yetirdi:
"Ordumuz ön cəbhədə mülki vətəndaşlara söykənmək, arxalanmaq istəyir. Bu mənada Cocuq Mərcanlı kəndi və Lələ təpə yüksəkliyi mühüm əhəmiyyət kəsb edir. Bu bölgələr Qarabağ savaşının simvoludur. Mən orada hərbiçilərlə danışanda onlar fəxrlə deyirdilər ki, "biz buradan Cəbrayılın mərkəzi hissələrini görürük”. Lakin biz illərlə həmin əraziləri xəyallarımızla, kompüter proqramları ilə izləmişik. Düşmən cəbhəsindəki narahatlığı daha da artırmaq üçün Silahlı Qüvvələrimiz irəliyə getməlidir. Məlumdur ki, cəbhə xəttində duran erməni əsgərləri oranı özləri üçün Vətən hesab etmirlər. Amma Azərbaycan əsgərləri haqq davası güdür, onlar doğma yurdları uğrunda savaşırlar”.
İsmayıl