Publisist sığorta şirkətinin özbaşınalığından təngə gəlib
Tanınmış publisist Həmid Ormanlı (Qaralov) sığorta şirkətlərindən biri tərəfindən başına açılan özbaşınalıqlarla bağlı redaksiyamıza müraciət edib. Kasko sığortasınını ödənmədiyini deyən H.Ormanlı "Rəvan Sığorta” şirkətinin onu get-gələ saldığını deyib:
"Oktyabrın 27-də "Nissan Sunny” markalı 90 SZ 043 dövlət nömrə nişanlı avtomobilimlə qəzaya düşmüşəm. Maşın "Xalq sığorta” şirkətində icbari sığorta, "Rəvan sığorta”da isə tam sığorta (kasko) olunmuşdu. "NBS bank”da kreditdədir”. Krediti ödəyib bitirməsinə 25 ayının (təxminən 4000 AZN ) qaldığını vurğulayan publisist hər ay 20 gün öncədən nizamlı ödənişlər elədiyini deyib. Ümumilikdə maşına 17 000 AZN ödəməli olan H.Ormanlı indiyə qədər 13000 AZN ödəyib: "Maşının 14 900 AZN-ə kasko sığortalanıb. Hadisə zamanı sənədləri vaxtlı- vaxtında tələb olunan qaydada, səliqəli tərtib edərək sığortaya təqdim etmişəm. Sağ olsun "Xalq sığorta”nı, heç bir süni əngəl törətmədən boynuna düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfin maşınını düzəltdirdi. Ancaq "Rəvan sığorta” nə ictimaiyyət nümayəndələrini, nə bu işin tez həlli üçün onlara zəng vurmuş millət vəkilinin sözünü, nə də jurnalist dostların narahatlığına məhəl qoyur. Özlərini elə aparırlar ki, sanki ölkədə heç kəsdən çəkinmirlər. Məəttəl qalınası işdir”.
Maşına dəymiş zərər üçün 3-4 min manat, özünə dəyən ziyana və "NBS bank”ın borcunu ödəməsinə görə, "Rəvan Sığorta”nın ona 6200 manat təklif etdiyini deyən H.Ormanlı deyib ki, üzünün abırına, daşıdığı soyada, imzasına qoyduğu hörmətə görə, eyni zamanda əjdaha dünyanın qaydalarını, "Rəvan sığorta”nın və onun da daxil olduğu "Nurgün” şirkətinin gücünü az-çox təsəvvürünə gətirdiyindən razılaşmalı olub: "Ancaq nə olsun? Kağızda ayırdıqları həmin cüzi məbləği belə həftələrdir ki, məni get-gəllərə, "bu gün get, sabah gəl”lərə salıb vaxtlı-vaxtında vermirlər. Ev-eşik, iş-güc hamısı ərəb saçına dönüb. Qərara gəldim ki, mətbuata çıxarım, bəlkə aidiyyəti qurumlar məsələyə müdaxilə etsin. Ümidvaram ki, dövlətimizin gücünü göstərərək Maliyyə Bazarlarına Nəzarət Palatası dişsiz qurum olmadığını sübut edəcək. Korrupsiyaya qarşı Mübarizə İdarəsi ödəniləcək məbləğlərin nə dərəcədə vicdanla hesablanmasını və nədən bu qədər gec ödənilməsinə reaksiya verəcək”.
"Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov isə deyib ki, "Rəvan Sığorta”nın əlində ödəmədən imtina üçün əsas yoxdursa, vətəndaş sənədlərini təqdim etdikdən sonra bir həftə müddətində vətəndaşa konkret cavab verməli və ondan sonra ödənişi icra etməyə başlamalıdır: "Ola bilsin ki, şirkət vətəndaşa dəyən ziyanı başqa cür aradan qaldırmaq istəyir. Hər halda vətəndaş bu məsələ ilə yaxından maraqlanmalıdır. Yox, əgər "Rəvan Sığorta” sürücünü get-gələ salırsa, o zaman vətəndaş Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Ordan da bir nəticə əldə edə bilməsə, məhkəməyə müraciət edib, haqqını tələb edə bilər”.
Azərbaycanda könüllü kasko sığortadan o qədər də geniş istifadə olunmadığını vurğulayan Ərşad Hüseynovun sözlərinə görə, sürücülər yalnız məcburi hallarda buna gedirlər: "Bu həm də sığorta şirkətlərinin problemidir. Hazırda kasko sığorta edənlər yalnız kreditdə olan avtomobil sahibləridir. Çünki qanunvericilikdə də nəzərdə tutulur ki, ipoteka ilə verilən avtomobil, girov predmeti olan avtomobil mütləq sığortalanmalıdır. Ona görə də bankdan kreditlə avtomobil alanlar bunu edirlər. Lakin başqa yolla avtomobil alan insanlar isə maşınlarını kasko sığorta ilə sığortalamırlar ki, nə zamansa avtomobilim yanar və ya oğurlanar, mən buna görə, sığorta ödəyim”. Ərşad Hüseynov hesab edir ki, sürücülərin avtomobil sığortasına önəm verməməsinin əsas səbəbi isə sığorta şirkətlərinə etimadın olmamasıdır: "Kasko sığortadan dünya təcrübəsində geniş istifadə olunur və təxminən bütün ölkələrdə eyni qaydada sığorta olunur. Lakin ayrı-ayrı şirkətlərdə kasko sığortanın şərtləri fərqli ola bilər. Çünki kasko sığorta könüllü olduğu üçün onun şərtləri də tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilir. Oraya hətta qanuna uyğun şəkildə, tərəflərin razılığına əsasən qeyri-adi şərtlər də əlavə etmək olar”.
Şəymən