"Bu gün Rəsulzadənin dünyadan köçdüyü gündür" -Tarixçi danışır





"Rəsulzadəyə ən böyük sayğımızı onun zəngin irsini toplayıb, nəşr etdirib, gələcək nəslə çatdırmaqla göstərə bilərik”.

Bunu Sherg.az-a Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqının taleyində oynadığı roldan danışarkən Rəsulzadə mərkəzinin rəhbəri, tarixçi-alim Nəsiman Yaqublu deyib.

O bildirib ki, M. Ə. Rəsulzadənin həyatının öyrənilməsində vacib məqamlardan biri də mühacirət dövrüdür:

"Danılmazdır ki, Məhəmməd Əmin Rəsulzadə XX əsr Azərbaycan tarixində əvəzolunmaz izləri olan şəxsiyyətdir. O, öz hərəkatının böyük ideoloqu, ilk Demokratik Azərbaycan Cümhuriyyətinin banisidir. 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı M. Ə. Rəsulzadə 71 il ömür sürüb və ömrünün hər anını Azərbaycanın azadlığına həsr edib. Rəsulzadənin 71 il ərzində 1200-dən çox məqaləsi, əsəri işıq üzü görüb. Dahi şəxsiyyət Azərbaycanın azadlıq uğrunda mübarizəsini yalnız ölkədə deyil, xarici dövlətlərdə, çətin şəraitlərdə davam etdirib. Bu mübarizənin məqamlarını İranda, Türkiyədə, Almaniyada, Polşada, Rumıniyada və digər ölkələrin arxivində qoyduğu izdən görürük. Bu ölkələrin hər birində, kitabxanaların arxivində, məlumatlarında Rəsulzadənin qoyub getdiyi zəngin irs vardır".
N.Yaqublu qeyd edib ki, M.Ə.Rəsulzadə həm siyasətçi, həm də mətbuat xadimi olub:

"Çünki M. Ə. Rəsulzadənin XX əsr mətbuat tarixində xüsusi yeri var. Onun redaktorluğu ilə nəşr edilən bir çox qəzet və jurnallar, xüsusilə "Açıq Söz” qəzeti mətbuat tariximizdə önəmli yer tutur. 1903-cü ildən nəşr olunan "Şərqi Rus” qəzeti ilə əlaqə saxlayan Rəsulzadə özünün dəyərli məqalələrini burada dərc etdirib. Hazırda İran mətbuat tədqiqatçıları bu ölkədə də Rəsulzadə haqqında tədqiqatlar aparırlar. Qeyd edilir ki, İrana müasir Avropa qaydalarını gətirən məhz Rəsulzadə olub. Bu ölkə ilə bərabər qardaş Türkiyədə də Rəsulzadəyə dəyər verilir, onun xatirəsi əziz tutulur.

Vurğulanır ki, ilk dəfə Türkiyə mətbuatında İranda yaşayan Güney azərbaycanlıların tarixini araşdıran Məhəmməd Əmin Rəsulzadə olub. Rəsulzadə 1911-1912-ci illərdə "Türk Yurdu” jurnalında "İran türkləri” adlı məqaləsini dərc etdirib. Onun haqqında çox məqamları, xüsusilə mühacirət dövrünü diqqətə çatdırmaq olar. 1920-ci ildən sonra Rəsulzadə Türkiyədə, Polşada, Fransada, Almaniyada yaşayıb və bu ölkələrin hər birində Azərbaycanın tarixini, mədəniyyətini yaşatdı. Bu gün isə Məhəmməd Əmin Rəsulzadənin dünyadan köçdüyü gündür. Onu böyük sayğı ilə anırıq”.

Qeyd edək ki, bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür. M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

Aysel Aslan