Bu gündən sabaha ümid yoxdur

Neftin ucuzlaşması davam edəcək




Beynəlxalq neft etalonu olan "Brent” altı ayda 26 faiz ucuzlaşıb. Hazırda analitiklərin bir qismi hətta 2014-cü ildəki ən pis qiymətin təkrarlanması barədə proqnozlar səsləndirirlər.
Xatırladaq ki, 2014-cü ilin sonunda neftin qiyməti 50 dollardan aşağı düşmüşdü. Analitiklər OPEC+ ölkələrinin 2018-ci il 6 dekabr iclası ilə 27 noyabr 2014-cü ildəki iclasöncəsi vəziyyətlə bağlı paralellər də aparırlar. O vaxt neft hasilatını məhdudlaşdıraraq qiymətləri qorumaq yerinə, Səudiyyə Ərəbistanı istehsalı azaltmaqdan imtina edərək, qiymətin kəskin düşməsinə razılaşdı ki, təki bazardakı öz payını ABŞ-ın şist neftinin sahiblərinə verməsin.

Neftin sürətlə ucuzlaşdığını deyən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə açıqlamasında ucuzlaşmanın davamlı ola biləcəyini deyib: 

"Neftin ucuzlaşmasının yalnız bir səbəbi var. Bu səbəb də ondan ibarətdir ki, Beynəlxalq Enerji Agentliyinin hesabatlarında neftin qiyməti dərc edilib və ictimaiyyətə çatdırılıb. Hesabatda qeyd olunub ki, istər cari il üçün, istərsə də gələn ilin birinci rübündə bazara çıxarılan neft istehlakçılar tərəfindən qəbul edilən nefti üstələyəcək. Yəni tələb az olacaq. Ona görə də bu gün istehsalçılar nefti hansı qiymətə oldusa satırlar. Onların ümidi yoxdur ki, sabah, ya biri gün həmin neft bugünkündən baha olacaq. İstehsalçıların fikrincə, əgər neft bazarda boldursa, sonrakı günlərdə daha ucuz olacaq”.

Yeganə Bayramova