Hüquq müdafiəçiləri ümid edir ki, bu dəfə çox ailələr sevinəcək
Bir neçə gündən sonra 28 May Respublika günüdür. Hər bayram ərəfəsi olduğu kimi, İstiqlal bayramı ərəfəsində də cəmiyyətdə əfv ümidləri var. Hətta son günlərdə 28 Mayda bir çox siyasi məhbusun azadlığa buraxılacağı barədə xəbərlər də yayılmaqdadır. Bununla əlaqədar Əfv Komissiyasının bir neçə dəfə toplandığı da deyilir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Respublika günündə əfv olacağına ümidlidir: "Bu ərəfədə QHT rəhbərləri bir dəfə yığışıb. Orada müzakirələr aparmışıq. Siyahı verərək, xahiş etmişik ki, bu şəxslərin azadlığa çıxmasında bizə kömək etsin. Düşünürəm ki, 28 mayda əfv olacaq. Ümidliyəm ki, çox məhbus azad olunacaq. Onsuz da 100 nəfərə qədər insanı əfvə salacaqlar. Çox istərdim ki, onların içərisində siyasi məhbuslar daha çox olsun. Yəqin ki, bu həftə əfv olacaq”.
Hüquq müdafiəçisi Tofiq Yaqublunun azadlığa buraxılma ehtimalının yüksək olduğunu söyləyib: "Tofiq bəyin azad olunacağına çox inanırıq. Çünki siyasi partiyalar, deputatlar müraciət etdilər. Biz ayrı ərizə yazdıq. Digər məhbuslara nisbətən Tofiq bəyin azadlığa çıxma ehtimalı yüksəkdir”.
M.Qəhrəmanlı təqdim etdikləri əfv siyahısından da söz açıb: "Novella xanım 15 nəfərlik siyahı deyir. Nəzərə almaq lazımdır ki, noyabrdan bura İşçi Qrupunun üç toplantısı olub və çoxlu məhbusun məsələsi müzakirə olunub. Biz hər bir müzakirə olunan məhbus üçün təqdimat yazmışıq. Həmkarlarımız, xəstə olanlar, barələrində Avropa Məhkəməsinin qərarı olan şəxslər barədə çoxlu xahişlərimiz olub. Hesab edirəm ki, bu adamların çoxunun əfvə düşmə ehtimalı çoxdur. Çünki qarşıdan Avropa Oyunları gəlir. Respublika günü Azərbaycan üçün böyük önəm kəsb edir. Heç birimiz istəmirik ki, beynəlxalq təşkilatların siyahısında ölkəmizin adı bu qədər hallansın. Hansı beynəlxalq tədbir olursa, orada Azərbaycanın adı çəkilir. Əfv olarsa, çoxlu insan azadlığa çıxarsa, düşünürəm ki, ölkəmizin imici üçün böyük önəm kəsb edəcək”.
İşçi Qrupunun digər üzvü Səadət Bənənyarlı da əfv veriləcəyini təsdiqləyib: "Biz bu qərarı gözləyirik. 10 mayda əfv olmamasının səbəblərini deyə bilmərəm. Əvvəldən deyirdik ki, biz may ayında əfv verilməsini istərdik və gözləyirik. Yəni mesajımız bu şəkildə idi. Hələ də gözləyirik. Belə bir addım atılacağına inanırıq. Çünki çox vacib bir məsələdir. Avropa Oyunları ərəfəsində ölkəmiz adına müsbət keyfiyyətlər verə bilər. Elə məsələlər var ki, qərara mane ola bilər. İşçi Qrupu olaraq, təmaslarımız vətəndaşlarla davam edir. Yəqin ki, bu ayın sonunda iclasımız olacaq”.
Təqdim etdikləri 15 nəfərlik əfv siyahısından danışan hüquq müdafiəçisi deyib ki, əsasən siyasi məhbuslardan ibarət siyahıdır: "Siyahıda təqdim etdiyimiz şəxslər azad olsa, böyük uğur olar. Bildiyiniz kimi, əfvdə 4-5 siyasi məhbusun adını görürük. Ona görə də 15 nəfərin azadlığa çıxması çox böyük uğur, müsbət addım olardı. Məhkəmə qərarı olmadığına görə, bəzi siyasilərin günahsız olduğunu deyə bilmərik. Bu şəxs əgər istintaq altındadırsa, məhkəmə qərarı yoxdursa, biz nə edə bilərik? Yalnız onlar barəsində seçilmiş həbs-qətimkan qərarının dəyişdirilməsini xahiş edirik. Onlar, sadəcə çox gündəmdə olan şəxslərdir. Amma qanuni yolu olmalıdır”.
Əfv Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə bildirib ki, 28 May Respublika günü münasibəti ilə əfv imzalanması ilə bağlı konkret fikir demək çətindir: "Əfv komissiyasının toplanması əfvin olacağı demək deyil. Vətəndaşların il boyu əfv üçün ərizə və müraciətləri daxil olur və mənim də üzv olduğum komissiya bu müraciətləri müzakirə etmək üçün vaxtaşırı iclaslar keçiririk”.
M.İbrahimqızının sözlərinə görə, əfvin imzalanmasında komissiyanın demək olar ki, heç bir rolu yoxdur: "Əfv Fərmanı Prezidentin səlahiyyətindədir. O məsələlərə biz qarışmırıq. Bizim ixtiyarımız yoxdur”.
Şəymən