"Bu "həmvətənlərimiz"in hərəkətlərindən hesabatlılıq duyulur" - İdarə olunurlar

Şahin İsmayılov:"Məlumatların paylaşılmasına, kampaniyanı aparan azərbaycanlıların “aksiya”larına baxanda aydın şəkildə görünür ki, vahid mərkəzdən idarə olunur"




"Xarici ölkələrdə Azərbaycana qarşı başladılan təhqir kampaniyası mərkəzdən idarə olunan şəbəkədir”.

Bu barədə "Sherg.az”a xaricdəki "həmvətənlərimizin" ölkəmizə və ölkə başçısı cənab İlham Əliyevə qarşı başlatdığı qarayaxma kampaniyasından danışarkən millət vəkili Şahin İsmayılov danışıb. 

O söyləyib ki, həmin addımların xaotik deyil sistemli şəkildə atılması bunu deməyə əsas verir:

"Məlumatların paylaşılmasına, kampaniyanı aparan azərbaycanlıların "aksiya”larına baxanda aydın şəkildə görünür ki, vahid mərkəzdən idarə olunur. Çünki bir neçə ölkədə yaşayan şəxslər aksiyalarını vahid süjet xətti ilə aparırlar. Sual yaranır, necə olur ki, həmin şəxslər Avropada, müxtəlif ölkələrdə rahat şəkildə yaşayırlar, aksiyalar keçirirlər, amma heç bir yerdə işləmirlər? Onların hərəkətlərindən, addımlarından bir növ hesabatlılıq duyulur. Belə hərəkətləri Azərbaycanda böyük tədbirlər keçirildiyi vaxtlarda görürük. Məsələn, Birinci Avropa Oyunları ərəfəsində də çirkin kampaniyaların həyata keçirildiyini müşahidə etdik. Müxtəlif vaxtlarda, seçkilər, parlament seçkiləri dövründə belə hadisələrin şahidi oluruq. Lakin axır vaxtlar o azərbaycanlılar sözün əsl mənasında tərbiyəsizlik edir, küçə davranışı göstərir, küçə söyüşləri işlədirlər. Bu əxlaqi və siyasi baxımdan da düzgün deyil”.

Əvvəllər bu təhqir kampaniyasına fikir vermədiyini deyən Ş.İsmayılovun sözlərinə görə, cavab vermədikcə həmin şəxslər daha da irəliyə gedir:

"Ona görə, bu kampaniyaya cavablar gəlməyə başladı. Bəzi hallarda onların özləri ilə danışıqlar aparılır. Sadəcə olaraq 5-10 nəfər şəxs Avropada oturub, səs-küy salır, özlərini göstərir. Azərbaycanda insanların 78 faizinin internetə çıxışı var. Sosial şəbəkələrdə aktivlik müşahidə olunur. Mütləq şəkildə hər kəs öz mövqeyini ortaya qoymalı, Azərbaycanın maraqlarının qorunmasına çalışmalıdır. Artıq seçkilərə az qalıb və reytinq göstəricilərinə görə, Azərbaycan xalqının əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. Qarayaxma kampaniyalarına cavab məsələsinin sosial mediaya keçirilməsi vacibdir. Onsuz da, bu qruplaşmanın üzvləri kiçik bir məsələyə belə don geyindirib, kampaniya aparacaqlar. Sadəcə biz "dövlətin atributlarını təhqir etmək, dövlətin, xalqın özünü söymək kimi bir şeydir”- fikrini çatdırmalıyıq.

Ya onlar başa düşən formada danışmalıyıq, ya da öz bildiyimiz formada. Çəkinmək qətiyyən lazım deyil. Çünki əlimizdə kifayət qədər faktlar, deməyə sözümüz var. Özlərinə cəsarət tapıb, debata qatılarlarsa, layiqli cavablarını verə bilərik”.

Qeyd edək ki, Avropanın bir sıra ölkələrində, Almaniya, Hollandiya,Fransa, İsveçrə və s.də vətəndaşlıq alaraq yaşayan soydaşlarımız Azərbaycanda 11 apreldə baş tutacaq Prezident seçkiləri öncəsi "aktivləşməyə" başlayıblar. Belə ki onlar ölkəmizdəki həssas və ya kövrək məqamdan sui - istifadə edərək Avropa ölkələrindən Azərbaycana və bu ölkə rəhbəri İlham Əliyevə qarşı iyrənc anti- təbliğata start veriblər. Ölkə başçısını "despot" adlandıran bu "aktivlər" Azərbaycan Prezidenti barədə həqqəti əks etdirməyən, arzuolunmaz məlumat yaymaq və şüarlar səsləndirməklə məşğuldurlar.

Aysel Aslan