“Sədərək” bazarı üçün alıcı yetişdiririksə, sonu elə belə də olacaq
Efirdə şpaqat açan, ağız suyunu müğənninin sifətinə tüpürən, sonra da anidən özünü müğənninin
ağuşunda bulan aparıcıdan bundan artığını gözləməyə dəyməz ki!
Ürək dağlayan faciə yaşanan ölkənin televiziyaları yenə də səriştəsizliklərini ortaya qoydu. ATV telekanalının aparıcısı Mətanət Əliverdiyevanın timsalında. İnsanlara üz vermiş faciəni kiçiltmək, ya da, ona faciə kimi baxmamağı "tövsiyə” etmək, dəhşətli hadisəni "əsib keçən bir külək”, "bir film” adlandırıb "baxdıq, bitdi” demək, aparıcının səviyyəsizliyini, bisavadlığını və qeyri-peşəkarlığını göstərir. Bu, ilk deyil. İndiyədək də, müxtəlif zamanlarda və ən müxtəlif hallar qarşısında teleaparıcılarımızın sözün həqiqi mənasında danışıqlarını və davranışlarını kontrol edə bilməmələri üzə çıxıb.
Özünümüdafiə imkanları olduğundan efirə çıxıb "belə deməmişdim, sözümü konteksdən çıxarıblar”, "üzərimdə şou yaradırlar” kimi açıqlamalar verirlər. Bunlara deyən gərək, şou quran da, şoulaşan da, şoudan pul qazanan da sizlərsiniz. Şou belə pis əməldirsə, əvvəlcə özünüz ondan uzaq olun. Mətanət Əliverdiyeva da, eynən bu cür hərəkət etdi. Camaatın gözünün içinə baxa-baxa söylədiyi sərsəmləmələrə görə, üzr istəmək, yanlış ifadələr işlətdiyini etiraf etmək əvəzinə, günah keçisi roluna girib gözündən yaş axıtdı. Bax, əsl şou, budur. Efirdə şpaqat açan, ağız suyunu müğənninin sifətinə tüpürən, sonra da anidən özünü müğənninin ağuşunda bulan aparıcıdan bundan artığını gözləməyə dəyməz ki!
İllərdir, teleaparıcıların qeyri-professionallığından, efir qaydalarını çeynəmələrindən danışılır, yazılır. Ölçü götürən varmı? Xeyr. Sanki özəl telekanal bu ölkənin efir məkanının bir parçası deyil. Efir və yayım qaydalarının özəl telekanallara heç bir aidiyyəti yoxdur. Gah efirdə donbalaq aşırlar, gah dalaşırlar, gah pul cırırlar, gah söyüşürlər. Nitqləri başdan-ayağa qüsur içində. Bəzi teleaparıcıların canlı yayımdakı danışığı lentə alınsa və sonra sakit bir tərzdə dinlənsə, nə qədər saçma-sapan ifadələr işlətdikləri, dağınıq, qırıq-qırıq cümlələr qurduqları aydın olar.
Adi günlərdə bütün bu qüsurları efir işıqları - bər-bəzək, musiqi, vur-çatlasın sədaları altında görünməz olur. Amma elə ki, ciddi bir hal baş verir, yaxud bir faciə, sarsıntı yaşanır, efir işıqlarının sönüklüyü altında aparıcılarımızın da, əslində necə sönük olduğu aşkara çıxır. Və məlum olur ki, özünü öyüb, "mən neçə ildir efirdəyəm” deyənlər, bu illər ərzində bir addım da olsun irəli getməyiblər. Sadəcə, belə bir görüntü yaradıblar. Özləri dediyi kimi, "bir külək əsən kimi” süni imiclərini, yamaq səmimiyyətlərini sovurub aparır.
Uzun illər teleaparıcılıq etmiş, publisist İlhamiyyə Rza məlum məsələylə bağlı dünən münasibət bildirib. Bu barədə status paylaşan teleaparıcı baş verənləri qeyri-peşəkarlığın göstəricisi kimi qələmə verib:
- Məlum aparıcının dediklərinə bir televizyonçu və bir vətəndaş olaraq münasibət bildirmək istərdim. Bir dəfə də bu barədə yazmışdım ki, vaxt vardı şəxsiyyətə pərəstiş edilirdi, indi də şəxsiyyətsizliyə pərəstiş dövrüdür. Tanınmaq, populyar olmaq, qayğısız yaşamaq üçün mümkün qədər şəxsiyyətsiz olmalısan. Bu gün şəxsiyyətlər deyil, zombilər yetişdirilir. Öz fikri, mövqeyi olmayan, deyiləni qeyd-şərtsiz yerinə yetirən zombilər. Özü də bu siyasəti daha çox televiziyalar yürüdür. Amma hər şeyin də bir həddi var...
Əminəm ki, Mətanətə tapşırıq verilsəydi ki, bu, faciədir, o, efirdə mərsiyə də deyərdi... Bu haqda "Facebook”da bir status da yazmışdım: faciənin ilk gecəsi, rəfiqəm hadisə yerinə çiçək dəstələri aparmışdı və onunla kobud rəftar edib ordan uzaqlaşdırmışdılar polislər. Bir gün sonra isə, eyni məqsədlə gələnlərə imkan yaradıb güllər üçün xüsusi yer də ayırmışdılar. Çünki artıq bununla bağlı göstəriş almışdılar. Tam öz vicdanı, mövqeyi olmayan zombilər kimi...
Mətanət əgər Prezidentin müşavirəsində deyilənləri eşitsəydi, prezidentin də bu hadisəni faciə adlandırmasını görsəydi, əlbəttə ki, belə danışmazdı... Yaxud, ölkədə matəm elan olunsaydı, başqa cür danışardı... Televiziyaların bizə sırıdıqları "qəhrəmanlara” yox deməyin zamanı gəlib çatıb. Mən Mətanətin dediklərinə haqq qazandıranları, empati qurmağa çağıranları qətiyyən anlamıram. Uzun illər canlı efirdə çalışan bir insan kimi, əmin edirəm ki, heç kimin üstünə tapançanı yönəldib, bunu de, bunu demə kimi bir durum yoxdur. Yadımdadır, bir dəfə Britaniya səfiri efirimizdə olanda, 20-ci əsrin əvvəlində Bakıya işğalçı olaraq gəlmiş Denstervil əsgərlərinin abidəsinə həqarət mövzusunu müzakirə edirdik. Efirin bitməsinə 40 dəqiqə qalmış, qulaqcıqla əmr gəldi ki, verilişi təcili olaraq major notlarla bitirim. Mən buna məhəl qoymadan verilişi necə planlaşdırmışdımsa, eləcə də bitirdim. Ertəsi gün isə, maraqlı veriliş üçün təşəkkür də aldım. Özümü örnək gətirmirəm, bu, sadəcə efir təcrübəmdən bir nümunə idi. Canlı efirdə, vətəndaş mövqeyi olan insanlar olmalıdır - əlbəttə ki, vətəndaş yetişdirmək istəyiriksə. İstəmiriksə, "Sədərək” bazarı üçün alıcı yetişdiririksə, sonu elə belə də olacaq...
Məlahət Rzayeva