"Bu, Paşinyanın xarici siyasətdəki fiaskosudur" - Aktual şərh

"Ermənistan KTMT-da tamamilə təklənib. Artıq Rusiya da müttəfiqi İrəvana dəstək vermir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Analitik bildirib ki, Ermənistan önəmli ölkə deyil, ona görə də Moskva mənafelərini kənara qoyaraq israrla İrəvanın tərəfini saxlamır: 
"Ermənistanın KTMT-da rəhbərliyi itirməsi Nikol Paşinyanın xarici siyasətdəki fiaskosudur. Təşkilat son illər ərzində müxtəlif ölkələrlə sıx əlaqələr qurmaq niyyətində olduğunu bəyan edib. Rusiya başda olmaqla, Qazaxıstan və Belarus dövlət başçıları dəfələrlə bildiriblər ki, İran, Pakistan və Azərbaycanla yaxın münasibət qurmağı qarşılarına məqsəd qoyublar. 
Təbii ki, burada söhbət birbaşa üzvlükdən daha çox həmin ölkələrin müşahidəçi qismində təşkilatda təmsil olunmasından gedir. Lakin Ermənistan hər dəfə bunun əleyhinə çıxıb. Xüsusən Azərbaycanın və Pakistanın hansısa formada qurumda yer almasını İrəvan üçün ciddi təhlükə görüb. Yəni hər addımı ilə təşkilatın maraqlarına zidd addımlar atıb. KTMT-nın hansı üzvü razı olar ki, qurumda onların ümumi siyasətinə zidd davranış sərgiləyən bir ölkə təmsil olunsun?!”.
Siyasi şərhçinin fikrincə, bu insident imkan verəcək ki, KTMT üzvləri Ermənistanın təhdidlərini tamamilə netrallaşdırsınlar və qurumun nizamnaməsində dəyişiklik etsinlər: 
"Hazırda bununla bağlı danışıqlar gedir. Ehtimala görə, qurumda yeni tərəfdaş və müşahidəçi statusu təsis ediləcək. Şübhəsiz ki, bütün bunlar Ermənistanı növbəti dəfə qıcıqlandıracaq. Lakin hər zaman olduğu kimi yenə də İrəvan çarəsiz qalacaq və çırpınışları fayda verməyəcək”.
İsmayıl