“Bu, sadəcə Nazarbayevin mövqeyidir”

Elman Nəsirli: “Ermənistanın olduğu bir iqtisadi birlikdə Azərbaycanın yer alması mümkünsüzdür”



"İran, Azərbaycan, Hindistan və Monqolustan Avrasiya İqtisadi Birliyi (AİB) ilə əməkdaşlıq imkanlarına baxırlar. Türkiyə isə ittifaqla ticarət müqaviləsi bağlamaq arzusunda olduğunu bildirib”.

Bu sözləri ötən günlərdə Rusiyada keçirilən AİB-nin Ali İqtisadi Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev söyləyib. Onun qənaətincə, indiki mərhələdə Türkiyə potensial tərəfdaşdır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bizim ölkədə səfərdə olarkən adıçəkilən təşkilatla ticarət müqaviləsi bağlamaq arzusunu dilə gətirdi. Bunu öyrənmək lazımdır”. Qazaxıstan prezidenti onu da əlavə edib ki, İran da bu birliklə əməkdaşlıq etməyə maraq göstərir: "Başqa ölkələr də var. Misal üçün, Hindistan, Monqolustan, Azərbaycan var. Bütün bunlara baxmaq lazımdır”.

Qazaxıstan liderinin açıqlamasını dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirli "Şərq”ə söyləyib ki, Azərbaycan indiyə qədər bu məsələyə dair konkret mövqe ortaya qoymayıb. Buna rəğmən ölkəmiz Ermənistan istisna olmaqla AİB-nin üzvü olan digər dövlətlərlə bir çox sahələrdə əməkdaşlıq edir: "Bu, N.Nazarbayevin mövqeyidir. Azərbaycan sözügedən təşkilatla əməkdaşlığa o halda baxa bilər ki, bu əməkdaşlıq ölkəmizin milli dövlətçilik maraqlarına xələl gətirməsin. Eyni zamanda bu təşkilat heç bir halda İrəvanla əməkdaşlığı özündə ehtiva etməsin. Ermənistanın olduğu bir iqtisadi birlikdə Azərbaycanın yer alması mümkünsüzdür. Adıçəkilən ittifaqa ölkəmizin indiyə qədər üzv olmamasının səbəbi odur ki, ərazilərimiz işğal altındadır. Erməni təcavüzünə son qoyulacağı halda, Azərbaycan məlum ittifaqa qatılması məsələsinə baxa bilər. Bir daha qeyd edirəm ki, indiki reallıqda ölkəmizin bu haqda rəsmi mövqeyi yoxdur”.

Ayyət Əhməd