"Bu səfər Azərbaycanla Türkmənistan arasında iqtisadi və siyasi əməkdaşlığın təməlini qoydu"





"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistan səfəri olduqca ciddi iqtisadi, siyasi əhəmiyyət kəsb edir”.

Bunu "Sherg.az”a millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri, Fəzail Ağamalı bildirib.

Parlamentari ölkə başçısının sözegedən ölkəyə səfərini çox yüksək qiymətləndirir:

"Artıq bu iki ölkə arasında olan soyuq münasibətlər tamamilə aradan qalxıb. Azərbaycan və Türkmənistan arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub. Düşünürəm ki, iki ölkənin ortaq münasibətləri onları müttəfiqə çevirib. Azərbaycan xalqı ilə Türkmən millətinin kök, soy, dil, din və mədəniyyət biriliyi var. 

Bu kimi faktorlar da münasibətlərimizin yüksək səviyyədə olmasına imkan verir. Digər tərəfdən Azərbaycanın Avropaya qaz ixracı üçün yaratdığı ciddi kommunikasiya üstünlükləri Türkmənistanın nəhəng qaz yaraqlarından hasil etdiyi enerji ehtiyatlarını Avropaya nəql etməyə imkan verir. 

Türkmənistanın Rusiya və İran istiqamətinə yönələn köhnə enerji daşıyıcıları onlar üçün sərfəli deyil. Bu ölkənin Çinlə geniş ticarət əlaqələri olsa da, onun üçün Avropa böyük və etibarlı bazardır. 

Bu baxımdan Türkmnənistanın Azərbaycanla geniş şəkildə əməkdaşlıq etməyə marağı var. Xəzərin statusu məlum olduğu üçün Türkmənistanın bu cür layihələrdə iştirak etməyə hüquqi əsaları mövcuddur. Ümumilikdə iki ölkə arasında xoş niyyət və prezidentlər arasında sıx əlaqələr aydınca müşahidə olunur. 

Azərbaycanla Türkmənistanın bir çox məsələlərdə ortaq cəhətlərinə əsaslanaraq cənab prezidentin Türkmənistan səfəri böyük iqtiasi və siyasi əhəmiyyət kəsb edir. İki ölkə arasında imzalanmış müqavilələrin həm statistikası, həm də mahiyyəti onu deməyə əsas verir ki, artıq yüksək səviyyəli əməkdaşlığın təməli qoyulub. Gələcəkdə də iki ölkə arasında bir çox sahələrdə tərəfdaşlıq əlaqələri gündən-günə dərinləşəcək”.

Kənan Eynuroğlu