“Bu şəhərdə” Avropa Oyunlarından qürur duyur
“Avropa bir daha nə qədər güclü, mədəni bir millət olduğumuzun şahidi olacaq”
İlk Avropa Oyunlarının başlanmasına 10 gün qaldı. Azərbaycan üçün tarixi əhəmiyyəti olan belə bir mötəbər yarışda hər kəs əlindən gələni etməyə çalışır. Hətta bu yarışlar üçün tanınmışlar sırasında seçilən ulduz səfirlərimiz də var ki, onlar da bu yarışların təbliğində fəallıq nümayiş etdirirlər.
"Bu şəhərdə”nin komandası da ulduz səfirlər sırasında yer alır. Tanınmış yumor ustaları Rəfael İsgəndərov, Coşqun Rəhimov da tennis üzrə ulduz səfirlərdilər. Onlar yığma komandamıza dəstək olacaqlar.
İlk Avropa Oyunları ilə bağlı fikirlərini dilə gətirmək üçün "Bu şəhərdə” komandası ilə əlaqə yaratdıq, onlarla həmsöhbət olduq.
Rəfael İsgəndərov "Şərq”ə açıqlamasında bu mötəbər yarışlarda ulduz səfir olaraq təmsil olunduqları üçün qürur hissi keçirdiyini qeyd etdi: "İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi böyük uğurdu. Biz bunu bacardıq. Belə mötəbər yarışlarda ulduz səfir olaraq "Bu şəhərdə” komandasının da olması bizim üçün xüsusilə qürurverici haldı. Demək ki ki, bizim illərdi əməyimiz əbəs olmayıb. Biz bu xalqa xidmət edirik. Bu xalq, dövlət də bizi sevir. İnanın, içimizdə o qədər böyük həyəcan var ki, onu izah etməyə söz tapmıram. Bir danılmaz həqiqət var. İlk Avropa Oyunları Azərbaycandan başlayır. Bu bir tarixdi. Biz də bu tarixə imza atan ilk dövlətik. Mən idmançılarımıza qələbə arzulayıram”.
"Bu şəhərdə”nin aktyoru Coşqun Rəhimov da ulduz səfir olaraq fikirlərini bölüşdü: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi hadisə deyil. Bu, Azərbaycan dövlətinin siyasi-iqtisadi uğurudur. 10-15 il əvvəl heç kimin ağlına belə gəlməzdi ki, ilk Avropa Oyunlarına Azərbaycan ev sahibi olacaq. Amma bu, yuxu deyil. Həqiqətdi. Azərbaycan Avropaya qucaq açır. Bütün Avropa Bakımızda olacaq. Bu, bizlər üçün qürur verən hadisədir. Avropa Azərbaycana gələrək bir daha nə qədər güclü, mədəni bir millət olduğumuzun şahidi olacaq. Hər birimiz çalışmalıyıq ki, ev sahibi olaraq Azərbaycanı düzgün təbliğ edək”.
"Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun da ilk Avropa Oyunları ilə bağlı maraqlı fikirləri oldu: "Avropaya ev sahibi olmaq hər dövlətin gücü daxilində deyil. Azərbaycanı sevən hər bir vətəndaş ev sahibi olaraq məsuliyyət hiss etməlidir. Cəmi bir ay hər bir vətəndaşımız səbrlə qonaqlara maksimum mədəniyyətimizi nümayiş etdirməlidir. Yəni küçədə "semiçka” çırtlayan insan, yol qaydasını adətən pozan sürücülər küçədə, yolda, parkda bir ay heç olmasa, səbr edib mədəniyyətini nümayiş etdirməli, bu neqativ alışqanlıqlara yol verməməlidir. Bütün Avropa Bakıya gəlir. Qonaqlarımız Bakıda böyük mədəniyyət görməlidirlər. Bunun üçün yenə deyirəm, bir ay səbr etmək olar. İçində vətən sevgisi olan hər birimiz ev sahibi olduğumuzu hiss etməliyik. Elə zənn etməliyik ki, gələn qonaq evimizin, ailəmizin fərdi qonağıdır. Bu, tarixi bir hadisədir. Azərbaycan bu günə qədər "Evrovizion” kimi mötəbər bir yarışa da ev sahibi oldu. Və ev sahibi olaraq da Azərbaycan bir çox dövlətlərdən üstün olmağı bacardı. Biz bu yaxınlarda Almaniyada qastrol səfərində olduq. Orada Bakı, Azərbaycan adı eşidən almanlarda bizim haqqımızda o qədər yüksək təəssürat var idi ki, bizə xüsusi bir simpatiya ilə yaxınlaşırdılar. "Evrovizion” müddətində Azərbaycanı tanıyan almanlar bizim dövlət haqqında yalnız xoş sözlər dilə gətirdilər. Bu bizi sevindirdi. Əminik ki, ilk Avropa Oyunlarına ev sahibi olan Azərbaycan bu dəfə də gücünü, mədəniyyətini qonaqlara nümayiş etdirəcək. Avropa 6 qitənin ən böyüyüdü.
Əslində Avropa dünyanın demək olar ki, elə yarısından çoxudu. Bu oyunlara 50-dən artıq ölkə gəlir. Bütün dünyanın diqqəti Azərbaycana yönəlir. Çingiz Abdullayevin bir fikri çox diqqətimi çəkdi. Azərbaycanı sevən hər kəs bu oyunlar zamanı diqqətli olmalı, mədəniyyətimizin yüksək səviyyədə nümayişi üçün əlindən gələni etməlidir. Hər bir vətəndaş bu təbliğatda maksimum Azərbaycanın mədəni, güclü dövlət olduğunu göstərməyə çalışmalıdı. Əksini etməyə maraq göstərən insan isə düşmənimizdən fərqlənmir. Ermənilərin bəlkə də ən böyük arzusu olardı ki, belə bir mötəbər yarış orda keçirilsin. Amma onlar bizimlə müqayisə oluna bilməz. Çünki Azərbaycan güclüdür, həm də çox güclüdür. Biz bu gücümüzü bir daha Avropaya ev sahibliyi etməklə nümayiş etdirmiş oluruq. Ona görə də hər birimiz maksimum dərəcədə ev sahibi olaraq məsuliyyətimizi dərk etməliyik. "Bu şəhərdə” ilk Avropa Oyunlarının məhz bu şəhərdə keçirilməsindən qürur hissi keçirir!”
Tahirə