Fazil Mustafa: “Bilmirəm, PKK-ya qoşulan tələbələrin bu addımı milli, yoxsa ideoloji amillə bağlıdır, ancaq məsələ çox ciddidir”
Bu uşaqlar niyə PKK-ya qoşulub?
Əjdər Ağayev: “Orta məktəblərdəki tərbiyə, mənəviyyat boşluğu özünü Türkiyədə 3 tələbənin PKK-ya qoşulması fonunda “doğruldub”
Fazil Mustafa: “Bilmirəm, PKK-ya qoşulan tələbələrin bu addımı milli, yoxsa ideoloji amillə bağlıdır, ancaq məsələ çox ciddidir”
Fazil Mustafa: “Bilmirəm, PKK-ya qoşulan tələbələrin bu addımı milli, yoxsa ideoloji amillə bağlıdır, ancaq məsələ çox ciddidir”
Elçin Behbudov: "Vuruşmaq istəyirlər, qoy ermənilərə qarşı vuruşsunlar”
Nizami Cəfərov: "Ciddi valideyn düşünməlidir ki, övladı ora nə məqsədlə gedir”
Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu bildirilib. Bu fakt isə xarici ölkələrdə təhsil alan soydaşlarımızla bağlı bir çox məsələni aktuallaşdırıb ki, bunlardan da biri gənc soydaşlarımızın müxtəlif terror qruplarına, radikal dini cərəyanlara qoşulmaq ehtimalı ilə bağlıdır. Maraqlıdır, Azərbaycan digər ölkələrdə təhsil alan tələbələrin hansısa terror təşkilatına qoşulmaması, ölkəmizin mənafeyinə zidd olan hansısa addım atmaması üçün onları davamlı olaraq nəzarətdə saxlamalıdırmı?
... sonra da daş atıb, başımızı tuturuq ki, bu uşaqlar niyə PKK-ya qoşulur, ekstremist təşkilatlara meyl edir?
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin sözlərinə görə, təhsil almaq üçün Türkiyəyə gedən 3 tələbə təhsildən yayınaraq, uyğunsuz qurplaşmalara meyl salıb və PKK üzvünə çevrilməsi heç də ürəkaçan hal deyil. Odur ki, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır: "Amma bir məsələni qeyd edim ki, qanunsuz silahlı birləşmələrə qoşulmaq, onların ideologiyalarını bölüşmək üçün müxtəlif səbəblər var. Bu əməllər bəzi gənclərin arzusu,
qarşıya qoyduğu məqsəd olur. Bəzilərinin genindən gəlir. Həmçinin də yaxşılıqdan daha çox pis əməllərə meyilli olan insanlar çox asanlıqla bu yola düşürlər”.
Professorun sözlərinə görə, təhsilin, tərbiyənin əsas məqsədi lap körpə yaşlarından başlayaraq uşaqları normal vətəndaş mövqeyində formalaşdırmaqdır: "Əgər doğrudan da 3 azərbaycanlı tələbə təhsilini atıb, PKK sıralarına qoşulubsa, deməli, onlar həm ailədə, həm də oxuduqları orta məktəbdə lazımi vətəndaş kimi yetişdirilməyib. Onlara vətənpərvərlik hissləri, əsl vətəndaş mövqeyi yüksək səviyyədə diktə edilsəydi, onlar heç vaxt PKK ideologiyasına xidmət etməzdi. Ancaq öz ölkəsinin tarixini, coğrafiyasını, ədəbiyyatını, mədəniyyətindən xəbərsiz olan uşaqlar bu hərəkəti edə bilər. Azərbaycanın klassiklərini, ictimai- siyasi xadimlərini mükəmməl mənimsəyən uşaqlar özlərini onlara bənzətmək, onlar kimi Vətən, millət uğrunda mübarizə aparmaq, öz xalqına faydalı adam olmaq istəyir. Bu gənclər isə bir terror təşkilatını özlərinə kumir seçiblər. Bunun isə əsas məsuliyyəti ailənin və daha artıq dərəcədə məktəbin üzərinə düşür. Bu gün isə vəziyyət elə bir səviyyəyə düşüb ki, bizim məktəblərimizdə vətənpərvərlik hissi, vətəndaş mövqeyi qalsın bir kənara, ölkənin tarixi, coğrafiyası normal səviyyədə tədris olunmur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahan nəticələri də bunun əyani sübutudur. Hesab edirəm ki, şagirdlərin imtahanda ən aşağı nəticə göstərməsinin birbaşa səbəbkarı imtahan götürənlərin özləridir. Aidiyyəti qurum imtahan mexanizmini düzgün müəyyənləşdirmədiyi üçün şagirdlər də oxumağın daşını atır. Ana dili və riyaziyyat fənləri ilə buraxılış imtahanı keçirmək olmaz. Son ildə də xarici dil əlavə ediblər. Bunu başa düşdük ki, dünyaya inteqrasiya, xaricə məhəbbətdən irəli gəlir. Bəs Azərbaycana məhəbbət? Orta məktəblərdə şagirdlərə vətəndaşlıq mövqeyini düzgün şəkildə aşılamırıq, sonra da daş atıb, başımızı tuturuq ki, bu uşaqlar niyə PKK-ya qoşulur, ekstremist təşkilatlara meyl edir? Azərbaycan tarixini bilməyən, Azərbaycan coğrafiyasından xəbərsiz olan uşaqdan vətənpərvər olmağı, dünyanın hər yerində Azərbaycanın maraqlarını müdafiə etməyi necə tələb edə bilərik? Orta məktəblərdəki tərbiyə, mənəviyyat boşluğu özünü Türkiyədə 3 tələbənin PKK-ya qoşulması fonunda "doğruldub””.
...naşı gənclərə ideoloji təsir etmək daha asandır
Ölkənin təhsil sistemində kompleks islahatların keçirilməsindən əlavə Ə.Ağayev hesab edir ki, Azərbaycan digər ölkələrdə təhsil alan tələbələrin hansısa terror təşkilatına qoşulmaması, ölkəmizin mənafeyinə zidd olan hansısa addım atmaması üçün onları davamlı olaraq nəzarətdə saxlamalıdır. Onların hələ toy vaxtlarıdır: "Nəzarətsiz, məsuliyyətsiz qalan gənclər istənilən halda yad təsirlər altına düşə, "cızığından” çıxa bilir. Vaxtında vətəndaşlıq mövqeyi aşılanmayan, naşı gənclərə ideoloji təsir etmək daha asandır. Belə insanlar özləri də bilmədən müəyyən ideyaların təsirinə düşüb, qanunsuz qruplaşmalara qoşulurlar. Getdiyin yolun onu uçuruma apardığını görəndə isə artıq çox gec olur, düşdüyü tələdən çıxa bilmir. Onlar ali təhsilli tələbə olsa da, savadsızdırlar. İnanmıram ki, həmin tələbələr şüurlu surətdə PKK-ya qoşulsunlar. Bəlkə də, onlar tələyə düşüb. Amma savadlı, bilikli tələbə yad təsirlərə düşmür. Artıq onda vətəndaşlıq mövqeyi formalaşdığı üçün doğrunu yanlışdan seçə bilir. Milli özünüdərkdən xəbərsiz olan insanları isə hara istəsən çəkmək olar. İndinin uşaqları test imtahanına nə düşəcək, onu oxuyur. Əgər bir şagirdin seçdiyi ixtisas qrupunda tarix fənni yoxdursa, artıq öz ölkəsinin tarixi onun üçün əhəmiyyətsiz bir fənn olur. Biz də şagird olmuşuq. Bilirəm ki, imtahana düşməyən dərsləri şagirdlər üzdən- üzə oxuyur. Sözümün canı odur ki, məktəblərdə təlim - tərbiyə işinin gücləndirilməsinə böyük ehtiyac var. Biz alimdən öncə insan, vətəndaş yetişdirməliyik. Əks halda, gənclərimiz bir heç uğruna uçuruma yuvarlanacaq”.
Azərbaycanlı tələbələr PKK-ya qoşulmayıb, hara qoşulmalıydılar?
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Azərbaycandan olan tələbələrin PKK-ya qoşulmasını təsadüfi hesab etmir: "Azərbaycanlı tələbələr PKK-ya qoşulmayıb hara qoşulmalıydılar? Görün nə vəziyyətdir ki, Türkiyənin son seçkilərində HDP Azərbaycanda ikinci yerə çıxdı. Deməli, PKK-nın Azərbaycanda kifayət qədər simpatiya bəsləyənləri var. Ona görə də buna çox təəccüblənmək lazım deyil və bu, gözlənilən bir şey idi. Bilmirəm, PKK-ya qoşulan tələbələrin bu addımı milli, yoxsa ideoloji amillə bağlıdır, ancaq məsələ çox ciddidir” . Fazil Mustafanın sözlərinə görə, sözügedən videonun məhz seçkilərdə HDP-nin uğur qazandıqdan sonra mediada ictimailəşməsi səbəbsiz deyil. Millət vəkili deyib ki, əgər belə bir fakt varsa, bu məsələnin üzərində düşünməyə dəyər: "Xaricdə təhsil alan Azərbaycan Respublikasının vətəndaşı olan tələbələrin fəaliyyətinə nəzarət olunması ilə bağlı müvafiq işlər aparılır. Ancaq təəssüf ki, bizdə çoxlarının başı pul qazanmağa qarışdığına görə, bu məsələyə çox da diqqət yetirmirlər. Xaricdə bu işi görmək həvalə edilən şəxslərin - xüsusilə də səfirliklərin və digərlərinin fəaliyyətləri o qədər də qaneedici deyil. Ona görə də belə problemlər hələ də qalmaqdadır”.
Tələbələri taleyin ixtiyarına buraxmaq olmaz
Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə deyib ki, indi dünyada elə bir vəziyyət yaranıb ki, sərhədlər açıqdır, kim hara istəyir gedir, hardan istəyir gəlir: "Ancaq təbii ki, ölkəyə gəlib-gedənlərə nəzarət olmalıdır. Tələbələri taleyin ixtiyarına buraxmaq olmaz. Burada söhbət insan taleyindən gedir. Tələbə dərsə gəlmir, davamiyyəti zəifdir, onu məktəbdən qovaq, belə olmamalıdır. Onun taleyi ilə maraqlanmaq lazımdır, hardadır, bəlkə başında bir iş var. Tələbələrin terror qruplarına qoşulmağında dini-ideoloji faktorlar əsas rol oynayır. Onlar müxtəlif qanunsuz qruplaşmaların təsiri altına düşürlər. Bilirsiniz, sovet vaxtı tələbə təşkilatları vardı, tələbələrlə daim iş aparılırdı. İndi də var belə təşkilatlar. Amma fəaliyyətləri zəifdir”.
E.Behbudovun sözlərinə görə, hüquq-mühafizə orqanları əməliyyat tədbirləri keçirib, məsələni dəqiqləşdirməlidirlər ki, bu gənclər ora necə gedib çıxıb: "Bəlkə eləsi var, geri qayıtmaq istəyir, ancaq qoymurlar. Dövlət bu məsələ ilə məşğul olmalıdır. Şəxsən mən bizim uşaqların PPK-ya, başqa qruplaşmalara qoşulmağını qəbul edə bilmirəm. Biz özümüz müharibə şəraitindəyik. Vuruşmaq istəyirlər, qoy ermənilərə qarşı vuruşsunlar. PKK-çılar arasında nə işləri var?”
Komitə sədrinin sözlərinə görə, itkin düşmüş şəxslərin yaxınları, ailə üzvləri mütləq hüquq-mühafizə orqanlarına rəsmi müraciət etməlidir. Çünki hüquq-mühafizə və təhlükəsizlik orqanlarına rəsmi müraciət daxil olmadığı və ortada konkret cinayət hadisəsi qeydə alınmadığı üçün fəaliyyətsiz qalırlar: "Amma bütün hallarda söhbət tələbə olan gənclərin - bu bəxtsiz cavanların taleyindən və bu mənada birbaşa ölkənin gələcək taleyindən gedirsə, bu hadisə hamını narahat etməlidir. Xüsusilə də ölkəmizin suverenliyi, dövlət və milli təhlükəsizliyin müdafiəsini təşkil etməli olan orqanları”.
Gününü keçirən insanlar da hər zaman müxtəlif siyasi qüvvələrin maraq dairəsinə düşürlər
3 azərbaycanlı tələbənin PKK sıralarına qoşulmasına münasibət bildirən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Nizami Cəfərov isə deyib ki, Türkiyəyə attestatla təhsil almağa gedən tələbələrin əksəriyyəti qəbul olduqları özəl universitetlərdə oxumur və başqa işlərlə məşğul olurlar. Gününü keçirən insanlar da hər zaman müxtəlif siyasi qüvvələrin maraq dairəsinə düşürlər”.
Millət vəkilinin sözlərinə görə, Türkiyədə təhsil alan azərbaycanlı tələblər haqqında bu cür söhbətlər çox olur: "Onlar universitetlərə adlarını yazdırıb başqa işlərlə məşğul olurlar. Bilik dalınca getməyən tələbə, əlbəttə, müxtəlif yollara əl atacaq. Çünki onun məqsədi bilik almaq deyil. Gününü keçirən adamları da müxtəlif siyasi qüvvələr, qurumlar çox asan ələ keçirə bilirlər. Düşünürəm ki, ciddi nəzarət olmalıdır və bu məsələlərin kökünə gedilməlidir”. Millət vəkili bu cür hadisələrin intellektsizlikdən, məqsədsizlikdən yarandığını vurğulayıb: "Türkiyənin gözəl universitetlərinə qəbul olan tələbələr qarşılarına qoyduqları məqsədə nail olur, təhsillərini alırlar. Onları heç bir siyasi qurum yanlarına çəkə bilməz. Amma məqsədi olmayan və orada gününü keçirməyə gedənlərin axırı sonda belə olur”. N.Cəfərov bu məsələdə valideynlərin daha çox günahkar olduğunu da bəyan edib: "Valideyn bilir ki, övladının bilik səviyyəsi universitetə qəbul olmaq üçün yetərli deyil. Sadəcə qohum-əqrəba yanında pis olmamaq üçün attestatla başqa ölkədə oxumağa göndərir. Halbuki ciddi valideyn düşünməlidir ki, övladı ora nə məqsədlə gedir. Bu cür faktlar digər valideynləri də narahat edir, onlar övladlarının belə təşkilatlara qoşulacaqlarından qorxurlar. Bunun üzərində dövlət qurumlarımız müəyyən təhlillər aparmalıdır. Çünki bu cür faktlar var və bundan sonra da ortaya çıxa bilər”.
Qeyd edək ki, PKK-ya qoşulan azərbaycanlı tələbələrin valideynləri səfirliyə müraciət edib. Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat müşaviri Elbəy Əliyev isə 3 tələbədən yalnız 2-nin valideyninin onlara müraciət etdiyini vurğulayıb: "Tələbələrdən Sənan Güləhmədov, Mobil Tağızadənin valideynləri övladlarının yoxa çıxması ilə bağlı telefonla bizə müraciət ediblər. Biz də səfirlik olaraq Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlamışıq”.
Şəymən