Büdcə kəsirlərindən qorxmaq lazım deyil

Tahir Kərimli: “Təəssüflər olsun ki, mənim proqnozlarıma ciddi yanaşmadılar və neftin qiymətinin qəfil düşmə ehtimalına önəm verdilər”



Azərbaycan nefti bahalaşıb. "AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,49 dollar və ya 0,71 faiz bahalaşaraq 69,94 dollar təşkil edib.

Büdcə müzakirələri zamanı neftin qiymətinin 45 dollar götürülməsinə etiraz etdiyini xatırladan millət vəkili Tahir Kərimli hələ o vaxtdan neftin qiyməti ilə bağlı nikbin olduğunu deyib: 

"Heç bir beynəlxalq təşkilat neftin qiyməti ilə bağlı 50 dollardan aşağı proqnoz vermirdi. Amma nəyə görəsə bizim qurumlar qiymətin aşağı olacağını proqnozlaşdırırdılar. İsrar etdim ki, neftin qiymətini 50 dollardan götürsünlər. Bu ən azı 1 milyard əlavə vəsaitin büdcəyə daxil olması demək idi. Hökumət büdcə siyasətini yığcamlaşdırmağın tərəfdarıdır. Halbuki büdcə kəsirlərindən qorxmaq lazım deyil. Çox təəssüflər olsun ki, mənim proqnozlarıma ciddi yanaşmadılar və neftin qiymətinin qəfil düşmə ehtimalına önəm verdilər. Beynəlxalq güclər arasındakı "soyuq müharibə”lər, münaqişələrin günü-gündən artması, İranla bağlı məsələ, Rusiyaya qarşı sanksiyaların artması neftin qiymətinin hələ ki, daha da bahalaşacağını deməyə əsas verir. Neftin qiymətinə ən çox təsir edən faktorlardan biri də OPEC-ə üzv və qeyri-üzv dövlətləri tərəfindən neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılmasıdır. Neft hasilatının, eləcə də dünya bazarına çıxarılan neftin həcminin birbaşa tələbə görə tənzimlənməsi təklifə təsir göstərir”.

Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsində neftin qiyməti aşağı hədlə götürülsə belə, neftin dünya bazarında qiymətinin artması Azərbaycanın dövlət gəlirlərinin artmasına təsir göstərir və ölkəyə daxil olan valyutanın həcmini artırır.

May ayında büdcəyə dəyişiklik məsələsinin gündəmdə olacağını qeyd edən T.Kərimli hesab edir ki, ilin ikinci yarısı üçün neftin qiymətinin yuxarı həddə götürülməsi zəruridir: "Neft Fonduna toplanan vəsaitlərdən səmərəli istifadə etmək olmur. Həmin vəsaitlər dondurulmuş olduğu üçün istifadəsi dividend gətirmir. Həmin vəsaitlərin kənd təsərrüfatına, iqtisadiyyata, təhsilə yönləndirilməsi vacib məsələlərdən biridir”.

Şəymən