“Qısa zaman ərzində Azərbaycan güclü idman ölkəsinə çevrilib”
“Bunu bütün dünya görür”
Eldar Əlizadə: “Biz Avropanın üzdə olan dövlətləri ilə rəqabətə giririk”
“Qısa zaman ərzində Azərbaycan güclü idman ölkəsinə çevrilib”
“Qısa zaman ərzində Azərbaycan güclü idman ölkəsinə çevrilib”
Hazırda Azərbaycan ilk və mötəbər Avropa Oyunları ərəfəsindədir. Tədbirə qısa müddət qalsa da, ölkəmizdə bu əlamətdar yarışa dair hazırlıqlar yüksək səviyyədə aparılır.
Artıq həmin istiqamətdə bir sıra idman obyektləri tikilib, istifadəyə verilib. Şübhəsiz ki, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu səbəbdən qətiyyətlə söyləyə bilərik ki, Azərbaycanın idman müstəvisində beynəlxalq imici güclənməkdədir. Ölkəmizin dünya arenasında artan nüfuzunun nəticəsidir ki, bir çox təşkilatlar öz möhtəşəm oyunlarının reallaşmasını Azərbaycana həvalə edir. Bundan başqa qeyd edək ki, ölkəmizdə idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Gənclərimizin gələcəyinə həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilib. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması sözügedən sahənin inkişafı üçün başlıca yol kimi seçilib. Eyni zamanda beynəlxalq təcrübədən bəllidir ki, istənilən sahənin tərəqqisi, maddi-texniki təminat məsələlərinin uğurla həlli və intellektual kadr potensialının yetişdirilməsindən asılıdır. Bu baxımdan, Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman kompleksləri tikilərək yeniyetmələrin ixtiyarına verilib. Nailiyyətlərimizin Avropa və dünya məkanında etiraf edilməsi də məhz görülən işlərin təzahürüdür. Bununla yanaşı, əminliklə vurğulaya bilərik ki, hazırda dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın və Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Buna rəğmən, Avropa Oyunları gündəmə gələndən bəzi xarici və onların dəyirmanına su tökən daxili qüvvələr ölkəmizə qarşı "qara piar” kampaniyası aparmaqdadırlar. Heç kimə sirr deyil ki, bütün qarayaxmalar ölkəmizin gücünü gözü götürməyənlərin ucuz təbliğatından başqa bir şey deyil. Ona görə də dünyanın hansısa ölkəsi və xalqı bu cür kampaniyalara etimad göstərmir. Əksinə, ölkəmizi demokratiya, ifadə azadlığı və dini tolerantlığın beşiyi kimi dəyərləndirir. Mövcud reallıqlar fonunda ilk Avropa Oyunlarının tarixi əhəmiyyəti barədə ölkəmizi Türkiyədə layiqincə təmsil edən, Uşu Dünya və Avropa çempionu Eldar Əlizadənin də münasibətini öyrəndik. O, "Şərq”ə açıqlamasında söylədi ki, idman oyunlarının tarixi olduqca qədimdir. Əsrlər öncə dünyada belə oyunlar keçirilib və onların istiqaməti müxtəlif cür olub: "Avropa Oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada deyil, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Eyni zamanda məlum möhtəşəm tədbirin Azərbaycanda baş tutması respublikamızın başqa millətlər tərəfindən daha düzgün araşdırılmasına və gələcəkdə inkişaf etmiş ölkələr sırasına daxil olmasına təkan verəcək”.
Həmsöhbətimiz hesab edir ki, məlum yarış Ermənistanın ölkəmizə qarşı işğalçı planını Avropa ölkələrinə sübut edəcək: "Onlar gəlib hər şeyin ən düzgününü görəcəklər. Qonaqpərvər və humanist millət olduğumuzun şahidi olacaqlar. Dağlıq Qarabağ münaqişəsinə dair səhih məlumatlar əldə edəcəklər. Bir sözlə, sözügedən əlamətdar tədbir ermənilərin çoxsaylı yalan və iftiralarını ifşa edəcək”.
E.Əlizadənin qənaətincə, məlum yarış Azərbaycanda idmana olan marağı daha da artıracaq: "Xaricdən ölkəmizə nəzər saldıqda Azərbaycanı idmansız təsəvvür edə bilmirlər. Deyirlər ki, qısa zaman ərzində Azərbaycan güclü idman ölkəsinə çevrilib və hazırda bütün idman növləri üzrə nəhəng Rusiyanın ən böyük rəqibidir. Rusiyaya rəqib olmaq hər ölkənin işi deyil. Lakin Azərbaycan idmanı və idmançıları bunu etməyi bacarıb. Əlbəttə, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Bir daha qeyd edirəm ki, məlum marafonun Azərbaycanda reallaşması ölkədə idmanın inkişafına səbəb olacaq”.
Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasına gəlincə, müsahibimiz diqqətə çatdırıb ki, belə hal dünyanın hər bir ölkəsində mövcuddur: "Fikir verin, həmişə inkişaf edən, qabağa gedən ölkənin ayağından çəkirlər. İnkişaf etməyən ölkənin heç adı belə çəkilmir. Amma Azərbaycan bu gün inkişaf edir. Çiçəklənir. Bunu həzm edə bilməyənlər var. Biz də kasıb, inkişafdan qalmış ölkə olsaydıq, heç gözucu da baxan olmazdı. Lakin biz Avropanın üzdə olan dövlətləri ilə rəqabətə giririk. Bunu bütün dünya görür. Əsas odur ki, belə "badalaqlar” bizə təsir göstərə bilmir. Yenə də öz uğurlu yolumuzla davam edirik. Boş və mənasız sözlərdir. Qoy, onlar danışmaqlarında olsunlar, bizsə, öz real, əməli işlərimizdə”.
Həmsöhbətimiz düşünür ki, bu möhtəşəm idman yarışı ölkəmizin turizm məkanına çevrilməsi istiqamətində də mühüm rol oynayacaq: "Bakını internetdə izləyənlər bir anlıq orda olmaq istəyirlər. Xarici idmançılar və yaxud da yarış izləyiciləri Azərbaycanı gördükdən sonra bura tez-tez üz tutacaqlar. Getdikləri məkanlarda ölkəmizin gözəlliklərindən söz açacaqlar ki, bu da bir üstünlükdür”.
E.Əlizadənin fikrincə, ilk Avropa Oyunlarının Azərbaycana həvalə olunması ölkə başçısının uzaqgörən, daxili və xarici siyasətinin təzahürüdür: "Üstəgəl, hazırda respublikamızın iqtisadi potensialı da buna imkan yaradır. Azərbaycan qısa müddət ərzində çoxsaylı idman arenaları inşa etdi. Müəyyən idman qurğuları yaradıldı. Düşünürəm ki, yarışın təşkili çox yüksək səviyyədə olacaq. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan Olimpiya Oyunlarına da ev sahibliyi edəcək”.
Müsahibimiz bəyan edib ki, bu nəhəng yarış Azərbaycan xalqına böyük sevinc və qürur hissi bəxş edəcək: "Xalqımız idmançılarımızın qələbələrini canlı olaraq görüb, sevinəcəklər”.
Sonda müsahibimiz idmançılarımıza tükənməz uğurlar arzulayıb: "İdmançılarımız Oyunlara tam ciddi şəkildə hazırlaşırlar. Əminəm ki, böyük qalibiyyətlərə imza atıb, Azərbaycan himninin sədaları altında bayrağımızı zirvələrdə dalğalandıracaqlar”.
Ayyət Əhməd