"Bununla da ziyanlı məhsulların satılmasına şərait yaradılır"

Eyyub Hüseynov: "Əhaliyə satılan məhsullar arasında təhlükəli mallar meydana çıxacaq”


"Azərbaycanda uzun illərdir kim nə istəyir bazara gətirib, satır”.

Bunu Sherg.az-a alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatının tələb edilməməsi haqqında dəyişikliyə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, biznes sahibləri, satıcılar istehlakçıları aldadırlar. Bu mənada insanların həyatı üçün ziyanlı məhsulların satılmasına şərait yaradılır.

"Bu vəziyyətdən biznes qurumları sui-istifadə edir. İstehlakçı hüquqlarının zəif qorunduğu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun az işlədiyi vəziyyətdə, dövlət orqanlarının bu proseslərə biganə qalması bazarın çirklənməsinə gətirib çıxaracaq. Əhaliyə satılan məhsullar arasında təhlükəli mallar meydana çıxacaq”.

Qeyd edək ki, dəyişikliyə əsasən sabahdan yalnız bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı lisenziya tələb olunacaq.

Aysel Aslan