QHT-lər üçün ixtisaslaşmış internet televiziyasının yaradılması hadisədir
Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır. Bu barədə "Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyinin sədr müavini Cəsarət Hüseynzadə məlumat verib. Sədr bildirib ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.
Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, Azərbaycanda ixtisaslaşmış ilk QHT TV-nin formalaşmasıdır. QHT TV-nin rəhbəri vurğulayıb ki, layihə qeyri-hökumət təşkilatlarının fəaliyyəti haqqında cəmiyyətdə dolğun məlumatların çatdırılmasıdır. Televiziya kanalının əsas vəzifələrindən biri qeyri-kommersiya təşkilatları, vətəndaş birlikləri və gənclərin fəal hissəsinin fəaliyyətini təbliğ etməkdir. Layihə çərçivəsində artıq 20-yə yaxın reportaj hazırlanaraq QHT.az saytı və sosial şəbəkələr vasitəsi ilə yayımlanıb.
Layihə ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Milli QHT Forumun prezidenti Rauf Zeyni belə bir təşəbbüsü irəli sürən həmkarlarına təşəkkür edib. Qurum sədri bildirib ki, layihə müəllifləri vətəndaş cəmiyyətinin inkişafını düşünərək, internet televiziyasının yaradılmasını təklif ediblər:
"İlk növbədə Ədliyyə Nazirliyinə təşəkkür edirəm ki, təşəbbüskar qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyətinin inkişafına çalışan qurumları qeydiyyata alırlar. İkinci olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasına öz minnətdarlığımı bildirirəm ki, bu cür faydalı layihələrə maddi dəstək verirlər. Şura dövlətin büdcəsini vətəndaş cəmiyyətinin inkişafı istiqamətində məqsədyönlü şəkildə sərf edir. Biz də üzərimizə düşəni edirik. Milli QHT Forumun bazasındakı bütün imkanlar və resurslar televiziya təşəbbüsü göstərən həmkarlar üçün səfərbər olunub. Elə bu məqsədlə Cəsarət Hüseynzadəyə İTK Mərkəzinin direktoru vəzifəsini vermişik.
Bildiyiniz kimi, Forumun 6 resurs mərkəzi, eyni zamanda regional mərkəzləri var. Onların hamısını bu işə səfərbər etmişik. Ümid edirik, layihə gözəl alınacaq. Sonda fürsətdən istifadə edib mətbuat işçilərini qarşıdan gələn Milli Mətbuat günü münasibəti ilə təbrik edirəm, fəaliyyətlərində uğurlar arzulayıram”.
İsmayıl