Bütün siyasi partiyalar hesabat verməlidir
12:25 28.10.2017
Arxiv
524
Əks halda onların qeydiyyatı ləğv olunmalıdır
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov "Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlandığını deyib.
Deputat bildirib ki, dəyişikliklər siyasi partiyalarda şəffaflığın artırılması, yəni maliyyə mənbələri və maliyyənin hara sərf olunması ilə bağlıdır: "Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər. Bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bəziləri isə hesabatı düzgün təqdim etmir. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir”. Xatırladaq ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 45-i Mərkəzi Seçki Komissiyasına 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib. Bu partiyalardan 31-nin hesabatı boş olub. Yəni, onların fəaliyyətsiz olduğu göstərilib. 10 siyasi partiya isə ümumiyyətlə hesabat təqdim etməyib. Bu isə onu göstərir ki, Azərbaycanda 41 siyasi partiya fəaliyyətsizdir və onların dövlət qeydiyyatı ləğv oluna bilər.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da hesab edir ki, hesabat verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir: "Qanunun tələblərinə əməl edilməlidir. Əgər tələb olunursa, deməli, hesabat vermək lazımdır. Biz hesabat veririk. Digər siyasi partiyalar da maliyyə hesabatını təqdim etməlidir. Bu, qanunun tələbidir. Hesabat verməyənlər məsuliyyət daşıyır. Hesabat verməyən siyasi partiyaların qeydiyyatı ləğv olunmalıdır”.
Məsələni "Şərq”ə dəyərləndirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, parlamentdə təmsil olunan siyasi partiyalar büdcədən vəsait alırlar. Parlamentdə təmsil olunmayan təşkilatlara isə büdcədən vəsait ayrılmır. Bu da birbaşa qanunvericiliyə görədir:
"Bütün siyasi partiyaların hesabat verməsi qanunla tənzimlənir. Ancaq bu gün MSK-ya təqdim olunan hesabatlara baxdıqda bir sıra partiyaların son illərdə yalnız boş hesabatlar təqdim etdiklərinin şahidi oluruq. Bu prosesdə qeyri-müəyyənliklərin olduğunu da görürük. Necə ola bilər ki, son 3-4 ildə sənin partiyana 1 manat da daxil olmayıb, ancaq il ərzində müxtəlif tədbirlər, kütləvi mitinqlər, piketlər və s. tədbirlər keçirtmisən?! Deməli, həmin siyasi partiya öz maliyyə imkanlarını gizlədir. Əli Kərimli deyir ki, "ən yaxın dostlarımın maliyyəsi ilə maşın almışam və başqa tədbirlər keçirtmişəm”. Lakin bunu da maliyyə hesabatında göstərmir, gizlədir. Bu, birbaşa qanunu pozmaqdır”.
Partiya funksioneri bildirib ki, bütün siyasi təşkilatlar öz fəaliyyətinin şəffaf olmasında maraqlı olmalıdır. Bu yollar birbaşa hüquqi yolla tənzimlənməlidir. Hüquq-mühafizə orqanları həmin pulların mənbəyini tapmalıdır. Ölkəmizin maraqlarına zidd olan və xarici kəşfiyyat orqanları ilə əlaqəsi olan maliyyə mənbələri ilə bağlı dəqiq məlumatlar varsa, təbii ki, buna hüquqi qiymət verilməlidir. Söhbət dini radikalizmi dəstəkləyən terror təşkilatlarından və ona bənzər qurumlardan gedir. Bütün siyasi partiyalar şəffaf fəaliyyətin tərəfdarı olmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya