31 Mart soyqırımı ilə bağlı film çəkib xaricdə nümayiş etdirmək daha yaxşı olardı
1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırımının 100-cü ildönümünə 2 gün qalıb. Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində Ermənistan səfirliklərinin binaları qarşısında etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu ilə qədər təkcə müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları, eləcə də müxtəlif qurumlarımız deyil, mühacir azərbaycanlılar da yaşadıqları ölkələrdə təcavüzkar dövlətin nümayəndəlikləri qarşısında çoxsaylı aksiyalar keçiriblər.
İsveçdə fəaliyyət göstərən Azərbaycan Birliyinin sədri Kənan Hacıəkbəroğlu bu il 31 Mart soyqırımı ilə bağlı İsveçin Stokholm və Göteborq şəhərlərində elmi konfranslar keçirməyi planlaşdırdığını deyib. Stokholmdakı tədbirdə xarici vətəndaşlar, İsveçin dövlət və parlament nümayəndələri iştirak edəcəklər: "Göteborqdakı tədbirdə isə siyasi partiyaların nümayəndələrinin iştirakını təmin edəcəyik. Bununla bağlı artıq dəvətlər də göndərmişik. Soyqırımla bağlı dəqiq məlumatları onlara çatdırmaq və soyqırım məsələsini geniş şəkildə müzakirə etmək gündəliyimizdə var.
İsveç tərəfin bu məsələ ilə bağlı daha yaxından məşğul olmaları üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Biz burada müəyyən işlərdə türk dərnəkləri ilə birgə fəaliyyət göstəririk. İnanıram ki, türklər də bizim haqq səsimizə dəstək verəcəklər. Ermənilərin çirkin niyyətlərinin həyata keçməməsi üçün biz burada üzərimizə düşən bütün işləri həyata keçiririk”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının sözlərinə görə, soyqırım həqiqətlərinin və ermənilərin işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif üsullardan istifadə etmək olar:
"Təbii ki, dünyanın müxtəlif ölkələrində olan Ermənistan səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsi də effektiv üsullardan biridir. Digər variantlar isə kitabların xarici dillərə tərcümə olunaraq yayılması, braşurların hazırlanması, dünyanın tanınmış elm adamları, ictimai-siyasi xadimlərinin iştirakı ilə konfransların keçirilməsi və xarici ölkə KİV-lərində soyqırımla bağlı məlumatların verilməsinə nail olmaqdır. Ən vacib elementlərdən biri də 31 Mart soyqırımı ilə bağlı film çəkib xaricdə nümayişini təşkil etməkdən ibarətdir. Ermənilər saxta soyqırımlarının dünyada tanıdılmasına nail olmaq üçün hər vasitədən istifadə edirlər. Biz də haqq səsimizi eşitdirmək üçün mümkün olan bütün variantlardan yararlanmalıyıq.
Verilən məlumatlar fonunda 31 Mart soyqırımına hazırlıq tədbirlərinin qənaətbəxş səviyyədə olduğunu deyə bilərəm. Bilmirəm verilən vədlərə nə dərəcədə əməl olunacaq, keçirilən tədbirlər nə dərəcədə effekt verəcək. Amma ilk dəfədir ki, 31 Mart soyqırımı ilə bağlı bu cür geniş aksiyalar və təbliğat işləri nəzərdə tutulub”.
A.Nağı hesab edir ki, soyqırım və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan nümayəndəliklərinin keçirdikləri tədbirlərini ermənilərin pozmasına mane olmaq üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülməli, məsələ hüquqi müstəvidə həll olunmalıdır. Aksiyaların təşkil olunacağı ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib təhlükəsizlik təminatı alınmalıdır.
Şəymən