Çağırış...

Gecikmənin bir yox, bir neçə səbəbləri var
Yeni Günəşli qəsəbəsindəki təcili yardım stansiyasında cəmi 4 həkim iş başındadır



"4 həkim eyni vaxtda bütün çağırışlara necə çata bilər? Təcili yardım həkimlərinin sayı ilə əhali sayı arasında 50 faiz kəsir var”


Cəlilabadda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Astanabad kəndində qeydə alınıb.
Çağırışa gedən Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının əməkdaşları həmin kənddə döyülüb. Təcili yardım avtomobilində həkim İbadət Ağayev, köməkçi həkim Ruslan Sadıxov və sürücü Muxtar Babayev olub.

Məlumata görə, həkim briqadası çağırış yerinə vaxtında çatıb. Onları isə müayinə etmək üçün getdikləri Ərəstun Zöhrab oğlu Məmmədov qarşılayıb. Həmin şəxs əvvəlcə həkim İbadət Ağayevə, sonra köməkçi həkim Ruslan Sadıxova, daha sonra isə sürücü Muxtar Babayevə müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
Həkim briqadası maşına minib ərazidən uzaqlaşmaq istədikdə isə daşla təcili yardım maşınına ziyan vurulub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Xatırladaq ki, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi təcili yardım həkimlərinin bəzən fiziki təzyiqlərə məruz qaldıqlarını bildirmişdi. Bunun səbəblərini də belə izah etmişdi: "Təxirəsalınmaz çağırışlar qeydiyyata alındıqdan 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir. Bu çağırışlara arterial təzyiqin nəzərə çarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı və s. çağırışlar aiddir. Orqanizmdə hansısa xəstəlik gizli formada gedərək ağırlaşma yaradır və təcili yardıma gecikmiş halda müraciət olunur. Əhalinin icbari tibbi müayinələrinin aparılmasına baxmayaraq, insanlar tibb müəssisələrinə vaxtında müraciət etmirlər. Bu da bəzən xəstəni ağır vəziyyətdən çıxarmağa həkimlərə mane olur. Nəticədə əhali tərəfindən belə hallar pis qarşılanır və həkimlərə qarşı hətta fiziki təzyiqlər də göstərilir. Bununla da həkimlərə olan münasibətdə mənfi rəy yaranır.

Yaxşı olar ki, insanlar vaxtaşırı tibb müəssisələrinə müraciət etsinlər, orqanizmdə gedən gizli proseslər vaxtında aşkar edilsin, vəziyyətin yüngülləşməsi müşahidə olunsun. Təcili yardımın da əsas iş prinsipi sırf ağır hallarda xəstəni bu vəziyyətdən çıxarmaqdan ibarətdir”. Gecikmələrin bir səbəbi də ünvanların düzgün qeyd olunmamasıdır. Bu problem daha çox Bakıətrafı qəsəbələrdə, yeni tikilən yaşayış massivlərində, həyət evlərində müşahidə olunur. Bu evlərin konkret ünvanı olmadığı üçün təcili yardım briqadası çətinlik çəkir və nəticədə gecikmə yaranır.

Həkimlərə fiziki təzyiq göstərilməsini yolverilməz adlandıran Təcili tibbi yardım həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında gecikmə səbəbləri barədə ilginc məlumatlar verdi:


- Təcili Tibbi Yardım Stansiyasının heyəti yerləşdiyi ərazidə əhalinin sayına görə təyin edilir. Yeni Günəşli qəsəbəsindəki təcili yardım stansiyasında 4 həkim var. Bu stansiya təkcə Yeni Günəşliyə deyil, Qaraçuxura da baxır, həmin ərazidəki digər yaşayış massivlərinə də xidmət göstərir. Nəzərə almaq lazımdır ki, paytaxtda əhalinin sayı kəskin artıb. Əhalinin sayı 10 il, 20 il əvvəlki kimi deyil. Axşam vaxtı, əhalinin işdən çıxdığı vaxtlarda çağırışlar olur, yollarda tıxaclar, təcili yardım da gecikir. 4 həkim eyni vaxtda bütün çağırışlara necə çata bilər? Təcili yardım həkimlərinin sayı ilə əhali sayı arasında 50 faiz kəsir var. Səhiyyə Nazirliyindən xahiş edirik ki, təcili tibbi yardım stansiyası həkimlərinin sayı artırılsın. Bizə çağırışlar ratsiya vasitəsilə bildirilir, lakin xəstə yanında olduğumuzdan həmin çağırışlara vaxtında gedə bilmirik. Şəxsən mənim xirtdəyimdən tutublar ki, hardasan?! Demişəm, bax, bu sənəd, görürsən, çağırış daxil olub 22:00-da, mənə çatdırılıb 22:40-da. 5 dəqiqəyə bura gəlmişəm. 35 dəqiqə çağırış gecikib. Ona görə də həkim briqadalarının sayı ən azı 6-7 dəfə artırılmalıdır. Əlbəttə, əhalinin sayı burada nəzərə alınacaq. Ancaq bu da nəzərdən qaçmamalıdır ki, hazırda şəhərdə nə qədər qeydiyyatsız əhali yaşayır. Sənədsiz, ünvansız evlər çoxdur. Bu da təcili yardımın işini çətinləşdirir. Həm əhali sayına görə həkim sayı düzgün təyin edilmir, həm də çağırışlarda ünvanları tapmaq olmur. Yəni, təcili yardımın gecikmələrində bir yox, bir neçə səbəb var ki, bura əhalinin statistikası, qeydiyyat, ünvan problemi, yol infrastrukturu da daxildir. Əlaqədar qurumlar bu problemlərin həllini tezləşdirməlidir.

Ş.Məmmədov son vaxtlar təcili yardım maşınlarının hərəkətinin xeyli asanlaşdığını da bildirdi:

- Hiss olunur ki, bizdə də təcili yardım maşınlarına hərəkət zolağında yol vermək ənənəsi formalaşır. Xeyli irəliləyiş var bu məsələdə. Müşahidə edirik ki, hərəkət zolağındakı avtomobillər təcili yardım maşınının önündən çəkilir, yol verir. Təcili yardım maşını səsli siqnalla hərəkət edirsə, onun yolu təcili açılmalıdır. Hətta çox ağır xəstələr olanda təcili yardım maşını hər iki siqnalını (həm səs, həm də işıq effekti) işə salmaqla hərəkətin əksinə də gedə bilər.

Həkim əhalinin təcili yardım həkimlərinə kobud davranışlarının həm də narahatlıqdan qaynaqlandığını dedi:

- Hamımız üçün doğmalarımız, yaxınlarımız əzizdi. Xəstənin özünü də, yaxın adamın da keçirdiyi narahatlıq, həyəcandan dolayı elə gəlir ki, həkim gecikir. Xəstə üçün də bir dəqiqə 1 saat qədər uzun çəkir. Bunlar psixoloji amillərdir. Həkim də gərək ailənin durumunu, keçirdiyi hissləri anlayışla qarşılasın. Amma əsas məsələ, həkimlərin sayını artırmaqdır. Həkim briqadalarının sayı yetərli olarsa, çağırışlara da vaxtında gedilər.

Məlahət Rzayeva