Çağırışlarla müharibəni dayandırmaq olmaz

Nə Makronun, nə Fransanın Qarabağ münaqişəsini həll etmək imkanı yoxdur


"Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mütəmadi danışıqların aparılmasının tərəfdarıdır”. Bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye bildirib. Səfir deyib ki, rəsmi Paris dövlət başçıları arasında birbaşa və mütəmadi dialoqun aparılmasının tərəfdarıdır:

"Buna görə xarici işlər nazirləri arasında bu yaxınlarda keçirilən görüşü alqışlayırıq. Dəfələrlə söyləmişik ki, münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə ancaq danışıqlar yolu ilə, mütəmadi dialoq vasitəsi ilə nizamlana bilər”. Diplomatın sözlərinə görə, yalnız xarici işlər nazirləri arasında görüşlərlə kifayətlənmək lazım deyil, dövlət başçılarının görüşünün təşkil edilməsi zəruridir: "Sonuncu görüş buna kömək edə bilər və növbəti görüşlərin baş tutması üçün fəal işləmək lazımdır”. 

Həmsədr Fransanın münaqişənin həllində tutduğu mövqeyə münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə deyib ki, Fransanın indiki Prezidenti Makron öz sələfləri Olland və Sarkozi kimi sadəcə quru söz deyə bilər. Onun məsələni həll etmək imkanı yoxdur. Deputatın sözlərinə görə, Fransa uzun müddətdir Ermənistan və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini dəyişməyib: 

"Qarabağ münaqişəsinin əsası SSRİ tərəfindən qoyulub, sonralar Rusiya tərəfindən davam etdirilib. Ona görə də problemin açarı Moskvanın əlindədir. ABŞ və Fransa canfəşanlıq edə bilər, ancaq onların əməli fəaliyyətə keçməsi mümkün deyil. Həmsədrlərin tez-tez bəyan etdikləri narahatlıq isə qeyri-müəyyən və mücərrəd bir anlayışdır. Əgər həqiqətən narahatdırlarsa, zəhmət çəkib işğalçı dövlətə təzyiq etsinlər. Desinlər ki, "ay cırtdan dövlət, öz işğalçı qoşunlarını Azərbaycanın torpaqlarından çıxart”. 
Əgər Azərbaycan 1988-ci ildəki sərhədlərini bərpa etsə, o zaman Qarabağda savaş bitəcək və həmsədrlər evlərində "rahat” yatacaqlar. Lakin vasitəçilər istəyirlər ki, münaqişə dondurulsun və cəbhə xəttində bir güllə belə atılmasın. Onların problemi həll etmək niyyəti yoxdur. Tövsiyələrlə, çağırışlarla müharibəni dayandırmaq olmaz. Bu, çox iyrənc mövqedir. 25 ildir torpağımız işğal altındadır, daha nə qədər dözməliyik? Düşmənə təzyiq göstərmək əvəzinə, bizdən güzəştə getməyimizi tələb edirlər”.

İsmayıl