Cahangir Hacıyevin apellyasiya şikayətində qərar veriləcək - SABAH




Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev və digərlərinin birinci instansiya məhkəməsinin qərarından verdikləri şikayət üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İbrahim Hüseynovun vəkili Azər Tağıyev çıxış edib. Vəkil çıxışında müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra prokuror çıxış edərək müdafiəçilər tərəfindən verilən şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini istəyib.
Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layicov replika hüququndan istifadə edərək prokurorun çıxışından narazı olduqlarını qeyd ediblər.
Hakimlər kollegiyası sabah saat 15:00 qədər müşavirəyə yollanıblar. Sabah qərar elan ediləcək.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.
C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.