“Zamirə Hacıyevanın yalnız Azərbaycanda olan mülkləri müsadirə oluna bilər, xaricdəki mülklərinə isə heç kim heç nə edə bilməz”
Beynəlxalq Bankın sabiq rəhbəri, indi həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşının barəsində də həbs-qətimkan tədbiri seçilib və onun haqqında 4 aylıq həbs qərarı verilib. Amma Zamirə Hacıyeva Azərbaycanda deyil, ölkəni çoxdan tərk edərək vətəndaşlığını qəbul etdiyi Böyük Britaniyada yaşayır.
"Azadlıq”a istinadən aldığımız məlumata görə, haqqında həbs-qətimkan tədbiri olaraq 4 aylıq həbs qərarı verilən Zamirə Hacıyevanın adına çoxlu mülklər var və bu ailənin əlindən həmin mülkləri almaq istəyirlər. Həm də, təkcə Azərbaycanda deyil, ölkənin xaricində. Bildirilib ki, hazırda Hacıyevlər ailəsinin mülkləri axtarılır və belə mülklərdən biri Çexiyanın paytaxtının səfalı rayonlarından biri olan Çeske Budojeviç şəhərində aşkar edilib. 4 mərtəbəli, əzəmətli və xudmani bu mülk şəhərin lüks məhəllələrindən birində yerləşir və qiyməti də 4 milyon dollardan artıqdır.
Qeyd edək ki, Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb.
Maraqlıdır, artıq bir müddətdir Azərbaycanı tərk edən Zamirə Hacıyevanın həbs edilərək ölkəyə gətirilməsi nə dərəcədə realdır? Barəsində Beynəlxalq axtarış verməklə bu həbsi gerçəkləşdirmək olar? Bu məsələ ilə bağlı "Şərq”in suallarını cavablandıran hüquqşünas Müzəffər Baxış hesab edir ki, o, başqa ölkə vətəndaşı olduğu üçün Azərbaycana gətirilərək həbs olunması real görünmür: "Əgər Cahangir Hacıyevin xanımı həqiqətən də Britaniya vətəndaşlığını alıbsa, Azərbaycan məhkəmələrinin onlar haqqında hansı qərarı çıxarmasından asılı olmayaraq, onun haqqında heç bir tədbir görə bilməyəcəklər. Bu isə deməkdir ki, onun haqqında seçilən həbs-qətimkan tədbiri tam formal xarakterli bir addımdır. Əslində, Zamirə Hacıyeva Britaniya vətəndaşı olmasa belə, Azərbaycanın onun barəsində real addımlar atması mümkün olmazdı. Çünki Britaniya və digər böyük dövlətlərdə ortada yetərli sənəd sübut olmadan təqsirləndirilən şəxsləri vermirlər. Uzaq başı, Azərbaycan həmin xanımın cinayətkar olduğunu sübut edən materialları Britaniyaya təqdim edə bilər ki, orada cəzalandırılsın. Amma bizim hüquq-mühafizə orqanları tərəfindən toplanan istintaq materialları bir çox hallarda saxta olduğu üçün heç bir ölkəyə təqdim olunmur”.
Hüquqşünasın sözlərinə görə, Zamirə Hacıyevanın yalnız Azərbaycanda olan mülkləri müsadirə oluna bilər, xaricdəki mülklərinə isə heç kim heç nə edə bilməz: "Bizim məhkəmələrin qərarları Böyük Britaniyada tanınmadığı üçün onun xaricdəki mülklərinə toxuna bilməzlər. Amma Azərbaycandakı mülklərini müsadirə də edə bilərlər, yerlə-yeksan da”.
Şəymən