Millət vəkili və sosioloq Azərbaycan cəmiyyətinə təpki göstərdi
Ölkə ərəb müftinin fətvasının təsiri altındadır. Azərbaycandan minlərlə kilometr uzaqda - Ərəbistan yarımadasında bir müfti sərsəm fətva verir, deyir ki, kişi acından ölmək həddinə çatarsa, öz əyalını - yəni arvadını kəsib yeyə bilər. Çünki kişi ilə qadın bir bədəndir. Müftinin fətvası ilə işimiz yox!.. Dəlinin atdığı daşın ardınca quyuya baxa-baxa qalmaq fikrində deyilik. Heyrətimiz ərəb müftinin sərsəmləməsinə özünü Avropaya inteqrasiya etmiş sayan ölkə vətəndaşlarının reaksiyasınadır.
Təsəvvürə gətirmək belə çətindir ki, Azərbaycan insanı hələ də ibtidai icma quruluşu təfəkkürünə üstünlük verir. Çox acıdır, amma reallıqdır. Cəmiyyətimiz bir müftinin açıqlamasına köklənib. Sanki dünya bu müftinin ətrafında dönür. Kişilər, qadınlar daş atıb, başlarını tuturlar; kişi arvadının ətini yesinmi, yeməsinmi? "Ağıllılar” da mübahisəyə qoşulur. Xanımın biri bu fətvadan sonra ərə getməkdən çəkinəcəyini və gələn elçilərdən ilk növbədə oğlanın arvad yeyən olub-olmadığını soruşacağını yazır. Burda deyiblər "sözün bitdiyi yerdəyik”. Həqiqətən, bundan ötəsi düşünülməz. Dünyanın qlobal problemlərlə çalxandığı və Azərbaycanı da təsir altına aldığı bir vaxtda bizim insanların "adamyeyən” müzakirələrinə bunca aludə olmasına heç cür məntiqi əsas tapmaq mümkün deyil. Məntiq yoxdur da, ondan. Bəs bizim əhaliyə nə düşüb ki, problemlər məngənəsində sıxılmasına baxmayaraq, dərdini əlac aramaq əvəzinə ərəb müftinin fətvasının ardınca düşüb boşboğazlıq, avaraçılıq, çərənləməklə məşğuldur? Həyatını da mənasız, dəyərsiz işlərə sərf edir. Bütün gününü sosial şəbəkələrdə yazışmağa, fotolar paylaşmağa sərf edənlərin, çox güman ki, başqa peşələri yoxdur. İşsizlikdən belə edirlər, ya da "Cəbiş müəllim”dəki kimi "acından”.
İnsanlığı təhdid edən internet
Ərəb müftinin fətvası ətrafında dönüb-durulmasına ciddi yanaşsaq, təhlükəli tendensiyanın hökm sürdüyünü görərik. Demək ki, cəmiyyətimiz boşboğazlığa alışıb. İşsiz-peşəsiz insanlar vaxtını boş və mənasız şeylərə sərf etməklə məşğuldurlar. İndiyədək cəmiyyət sosial şəbəkələrdə əsaslı, tutarlı, məntiqli müzakirələrin şahidi olmayıb. Televiziyalarımız şoulaşdığı kimi, cəmiyyət də şoulara köklənib. "Facebook”, "Tvitter” "Youtub” və s. sosial şəbəkələr lağlağı meydanına çevrilib. Halbuki, onlardan sərfəli istifadə də mümkündür. Əslində, texniki inqilabın ümumilikdə insanlığı təhdid etdiyini hər addımda görmək mümkündür. "Facebook”, "whatsapp” istifadəçiləri ilə bağlı lətifələr yaranır artıq: Qonşu qonşusuna "Facebook”da yazır: ay qonşu, çoxdandı görünmürsən?! Sevgililər də daha əyani şəkildə görüşməyə ehtiyac duymurlar. "whatsapp”da şəkil paylaşmaqla biri-birindən xəbər tuturlar. Cəmiyyətimiz bu hala gəlib artıq. Texniki imkanların hər keçən gün artması insanları biri-birindən uzaqlaşdırır, ögeyləşdirir. Münasibətlər, duyğular, hisslər sanki heç kimə lazım deyil. İnsanlarda duyğu hissləri korşalıb. Bu gedişlə, nəinki sevmək, ağlamaq, gülmək, hətta dadbilmə, iybilmə qabiliyyətimizi də itirəcəyik. Klonlaşacağıq. 20 il öncə Braziliya teleserialı vardı - "Klon”. O zaman buna inanmırdıq, "kinodu da” deyib üstündən keçirdik. Başımıza gəlir yavaş-yavaş.
İnsanlarımız texniki vasitələrə o qədər aludə olublar ki, birbaşa ünsiyyət, təmas bacarığını da itiriblər.
Şeyx Nəsrullah niyə bu ölkəni seçmişdi?
Millət vəkili Fazil Mustafa şəxsi "Facebook” səhifəsində şərhlərə maraqlı şərh yazıb. Və ən əsası da Mirzə Cəlilin Şeyx Nəsrullahının nədən Azərbaycanı "seçməsinin” səbəblərini də göstərib:
"Səudiyyə müftisinin adından yayılan "kişi arvadının ətini yeyə bilər” başlıqlı absurd fətvası barədə şərhlərlə tanış olmaq üçün Türkiyə saytlarına diqqət yetirdim və orada bunun ağlabatan olmadığına görə ciddiyə alınmadığını müşahidə etdim. Ən səviyyəsiz müfti belə bilməmiş deyil ki, "Qurani-Kərim”də hansı heyvanın ətinin yeyilib-yeyilmədiyi göstərilib, adam ətinin yeyilməsini isə adamlara xatırlatmağa ehtiyac duyulmayıb. Yəni "adam, adamın ətini yeməz!” fikrini şüur sahibi olan insanlara xatırlatmağa zərurət olmayıb. Bu müftinin də ən azı Quranı məndən, səndən qat-qat yaxşı bildiyini nəzərə alarsaq, Qurana zidd olan bu sözləri işlətməsi məntiqdən, ağıldan kənar sayılmalıdır. Demək ki, yazılan şərhlərdən də görərsiniz ki, bu yalan xəbərə ən çox inanan, dərhal etiraz səsini ucaldan da bizim azərbaycanlı auditoriyası oldu. Çünki yüz illərdir bizdə dəyişən çox az şeylər var. Vaxtilə Şeyx Nəsrullahın da ölüləri dirildəcəyinə bizdə inanmışdılar. Yaxud da Şeyx Nəsrullah da düşünmüşdü ki, ölülərin dirilməsinin mümkünlüyünə ancaq bizim məmləkətin insanlarını inandırmaq olar. Kişinin də qadın ətini yeyə bilməsi fətvasına da inanmağa bu qəbildən yanaşılmalıdır. Ən acınacaqlısı budur ki, bizdə adam adamın ətini indiyədək yeməsə də, kişilər qadınların, qadınlar da kişilərin hüquqlarını addımbaşı "yeyirlər”. Əti bir tərəfə qoyun, hüquqların qarşılıqlı yeyilməsinə qarşı daha həssas olmağa çalışın”.
Natamamlıq kompleksi
Yaxşı, işsiz-peşəsizləri, bisavadları qoyaq kənara. Bəs, vaxtını "Facebook”da keçirən bəzi ziyalılar, alimlər, hətta mətbuat, media təmsilçiləri də var axı. Onlar niyə bu ümumi axına qoşulur? Həm də yersiz, mənasız, qeyri-ciddi müzakirələrlə gündəmi zəbt edirlər. Bunun bir açılımı olmalıdır hər halda. Mövzunu sosioloq Əhməd Qəşəmoğlu ilə davam etdirdik. Sosioloq müftinin sərsəm açıqlaması ardınca düşülməsini cəmiyyətdəki intellekt çatışmazlığı və yarımçıqlıq - natamamlıq kompleksinin dərin olması ilə izah etdi:
- Ərəb müftisinin ölkənin bir nömrəli mövzusuna çevrilməsinin konkret səbəbləri var. Mən bir sosioloq, həm də psixoloq kimi bunun səbəbini birinci növbədə imanla idrakın yanaşı olmamasında görürəm. İmanla idrak bir yerdə olduqda cəmiyyətdə ahəng yaranır, iman da möhkəm olur. İmanın yanında idrak - intellekt dayanmalıdır. O zaman kamillik yaranır. Amma idrak imanın yanından çəkiləndə cahillik başlayır. Peyğəmbərimiz Muhəmməd əleyhissalam əbəs yerə demirdi ki, elm ardınca gedin. O çox gözəl anlayırdı ki, təkcə şəriətlə irəli getmək olmaz. Ona görə də dünyəvi elmlərə önəm verməyə başladılar. Dünyanın ən gözəl, mükəmməl əsərlərini, qədim yunan, Roma filosoflarının kitablarını ərəb dilinə tərcümə etdilər və bu kitablar ərəb İspaniyası - Əndəlus vasitəsilə Avropaya yayıldı. Avropa o kitablardan düzgün istifadə edib elmə, biliyə yiyələndi, amma bəzi Şərq ölkələri və bəzi cəmiyyətlər özlərində olan elmin də qədrini bilmədilər və cahil olaraq qaldılar. İndi, o fətvanı verən müftinin bəlkə imanı var, amma idrakı yoxdur. Bizim cəmiyyət də idrak çatışmazlığı səbəbindən düşüb müftinin fətvasının ardınca. Bizim cəmiyyətdə də idrak normal həddə deyil. Normal olsaydı, Azərbaycanda həmin fətvanın müzakirəyə çıxarılmasının yersizliyi, mənasızlığı anlaşılardı. Dünyada insan əti yeyən tayfalar var. Bunu çox adam bilir. İnsanın aclıq həddində it, pişik əti yediyi tarixi dönəmlər də olub. Məsələn, Polşada səfərdə olarkən İkinci Cahan Savaşı illərində faşistlərin yaratdığı Osvensim həbs düşərgəsində olmuşam. Məlumdur ki, ora ölüm düşərgəsi idi. Faşistlər insanlar üzərində təcrübə aparırdılar. İnsanları aclığa məhkum edir və onların bu halda hansı hərəkətləri edəcəyi ilə bağlı müşahidə aparırdılar. Orada tarixi sənədlərdə yazılır ki, bu ölüm düşərgəsində aclıqdan ölmək həddinə çatan adamlar biri-birinin qara ciyərini yeyirmiş. Yəni, bu, tarixin indiyədək yaşanmış bəlkə də ən utancverən dönəmi, bəşəriyyətin üz qarasıdır. Amma 21-ci əsrdə bir ərəb müftisinin kişilərin aclıq həddində öz arvadını yeyə bilməsi barədə fətva verməsi ağılsızlıqdır. Çünki indiki zamanda bu, ancaq cahilliyin göstəricisi sayılır. Bu fətvanın nə yeri, nə zamanıdır, nə də bu fətva üçün uyğun heç bir vəziyyət yoxdur. Müfti olan kəs cəmiyyətdə ahəngin möhkəmlənməsinə yardım etməlidir, sərsəm açıqlamalar verməklə, əksinə, ahəngin pozulmasına yox. Bizim cəmiyyətin də bu məsələni bunca qızğın müzakirəyə çıxarıb gündəmin baş mövzusu etməsi, ikiqat artıq cahillikdir. Bir cəmiyyət bu sərsəm fikri bu qədər geniş müzakirə edir və ona köklənirsə, deməli, cəmiyyət qüsurludur. Bu mövzuya şərh yazanların da intellekt, savad problemi var.
"Facebook” da şoulaşır
Absurd bir məsələyə vaxt ayıranlar arasında ziyalıların, elmli, bilikli adamların olmasına gəlincə, Ə.Qəşəmoğlu bunu həmin insanların natamamlıq kompleksi ilə əlaqələndirdi:
- İnsanlar var ki, nə yolla olursa-olsun, gündəmdə qalmaq istəyirlər. Bu, artıq bizim cəmiyyətdə xəstəliyə çevrilib. Müğənnilər, şou-biznes əhli kimi bəzi siyasətçilər, ziyalılar da diqqət mərkəzində olmağa çalışırlar. Məsələn, bir siyasətçi özünə yalançı, şişirtmə bir imic formalaşdırıb. Kimsə onu tənqid edəndə, sərt, kəskin reaksiya verir. Çünki formalaşdırdığı yalançı imicin dağılacağından ehtiyatlanır. Ciddi adamlarsa reklam olunmağa, gündəmdə qalmağa ehtiyac duymurlar. Mən nə qədər elm adamı, ziyalı tanıyıram ki, tutarlı elmi əsərlər müəllifidirlər, elmi kəşfləri var. Amma heç yerdə çıxıb danışmırlar, kimdənsə də bunu rica etmirlər. Səssiz, sakitdirlər. Çünki gec-tez elmlərinin üzə çıxacağını bilirlər. İstedadlı insan, alim gec-tez qiymətini alır. Müəllim kimi müşahidə etmişəm ki, əlaçı tələbə heç vaxt müştəbeh olmur. Təmkinli, sakit davranır. Amma zəif tələbə çalışır özünü müəllimə təqdim etsin, yardımçı vasitələrlə - geyimi, rəftarı, danışığı ilə seçilsin. Çünki onun elmi, savadı ilə seçilmək imkanı yoxdur. Gündəmdə qalmağa çalışan müğənnilər də, bəzi ziyalılar, siasətçilər də bu qəbildəndir. Özlərini daim mərkəzdə görmək istəyi onları hər cür absurd, mənasız məsələyə münasibət bildirməyə vadar edir. Cəmiyyət də cahilliyi ucbatından buna aldanır.
Məlahət Rzayeva