Çalışmalıyıq ki, Fuad Abbasov Rusiyada qalsın

Son zamanlar Rusiyada Azərbaycan diasporu ətrafında böyük bir qalmaqal yaşanıb. Belə ki, Rusiya ictimaiyyətinin bir sıra aktivistləri tanınmış jurnalist Fuad Abbasovu diaspor təşkilatının yeni rəhbəri postuna təyin ediblər. Jurnalist Fuad Abbasov bir müddət azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratmaq təşəbbüsü irəli sürüblər. Lakin Rusiyada Azərbaycanlılar Konqresinin və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin rəhbərliyi də daxil olmaqla, digər fəallar bu təşəbbüsə qarşı çıxıblar. 
Onlar Fuad Abbasovu "ittihamçı” adlandırıblar. Hətta F.Abbasovun Rusiyadan deportasiya edilməsi tələbi ilə bir neçə azərbaycanlı icma Moskva məhkəməsinə müraciət ediblər. Bəzi mənbələrdən jurnalistin evində axtarış aparıldığı və həbs olunduğu iddiası yayılıb. 
Ancaq daha sonra mediaya açıqlama verən Fuad Abbasov deport ediləcəyi xəbərinin əsassız olduğunu söyləyib. Soydaşımız narahatlığa əsas görmədiyini deyib: 
"Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”. F.Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bəzi media quruluşlarının Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınıb. Bir çox debatlardan erməniləri və ermənipərəst rusları haqlı arqumentləri ilə susdurub. Amma görünən odur ki, getdikcə daha çox ön plana çıxan Abbasovun ətrafında müəyyən ajiotaj yaratmağa cəhd göstərilir.
Soydaşımızla bağlı yayılan söz-söhbətə münasibət bildirən tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycandan kənarda olan istənilən soydaşımızın dövlət və millət üçün çalışmasını, hansısa işləri görməsini dəstəkləyirik. Onun sözlərinə görə, hər kəsin potensialından uyğun şəkildə istifadə olunmalıdır:
 "Lakin istər Fuad Abbasov, istərsə də bənzər şəxslər ətrafında hansısa ajiotaj yaratmağın qətiyyən tərəfdarı deyiləm. Xaricdə fəaliyyət göstərən azərbaycanlıların öz bacarıqlarını dövlət və millətin faydası üçün təqdim etməsi alqışlanmalıdır. Ancaq həssas məqamlarda F.Abbasov kimi şəxslərin məsələsini qərəzli olaraq şişirtmək, zərərli müzakirələr açmaq doğru deyil. Əgər kimsə konkret bir hadisə ilə bağlı gün üzünə çıxırsa, fəallığı ilə seçilirsə, dərhal onun ətrafında siyasi kampaniyaçılığa başlamaq yolverilməzdir. Düşünmürəm ki, Fuad Abbasovun hansısa siyasi məqsədləri var. Sadəcə ciddi problem yarandı və F.Abbasov bir azərbaycanlı olaraq öz imkanlarından uğurlu şəkildə istifadə etdi. Problemin aradan qaldırılmasına çalışdı”.
A.Həsrətin fikrincə, həmkarımız məhz bu istiqamətdə, bildiyi yolda fəaliyyətini, mübarizəsini davam etdirməlidir: 
"Fuad Abbasovun Rusiyada sıxışdırılması, oradan deportasiya edilməsi və s. məsələlərə Azərbaycan diasporası xüsusi diqqət yönəltməlidir. Çalışmalıdırlar ki, Fuad Abbasov Rusiyada qalsın və orada fəaliyyətini davam etdirsin. Çünki o cür adamların problemli məqamlarda xüsusi həssaslığı və çevikliyi bizim işimizə yarayır”.
İsmayıl