Camal Mehmetxanoğlu azərbaycanlı ola bilməz

...Olsaydı, Türkiyədə kürd partiyasını yox, MHP-ni dəstəkləyərdi



Azərbaycan diasporunun Türkiyədəki nümayəndələrindən biri, İzmir-Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və qardaş ölkədə fəaliyyət göstərən "CanAz” internet televiziyasının rəhbəri Camal Mehmetxanoğlu qarşıdan gələn parlament seçkilərində səsini müxalifdə olan kürd partiyasına - HDP-yə verəcəyini bəyan edib.

Camal Mehmetxanoğlu birmənalı qarşılanmayan seçimini bir neçə faktla əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, HDP (Xalqların Demokratik Partiyası - sədr Səlahəddin Dəmirtaş) insanların təbii haqlarından biri olan ana dilində təhsili və qadınların ictimai-siyasi həyatda fəaliyyətini dəstəklədiyi üçün seçimi məhz o təşkilat olacaq. Seçiminin niyə HDP olacağına aydınlıq gətirən Camal Mehmetxanoğlu deyib ki, etnik ayrı-seçkiliyə yol vermədiyi üçün, kürd milləti və digər etnik azlıqların hər zaman yanında olduğu üçün bu partiyanı dəstəkləyəcək. Əzilən siniflərin yanında hər zaman HDP olduğunu vurğulayan C.Mehmetoğlu HDP-nin də Türkiyə Böyük Millət Məclisində olmasını istəyir: "HDP-nin parlamentdə olması Türkiyədə daxili savaşların azalmasına çox kömək edə bilər”. Azərbaycan diasporunun nümayəndəsinin fikrincə, bu gün iqtidarda olan AKP-yə müxalif ola biləcək tək partiya məhz HDP-dir. Camal Mehmetxanoğlu düşünür ki, HDP digər ana müxalifət partiyaları olan CHP və MHP hakim AKP-yə qarşı layiqli mübarizə apara bilmir.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, heç bir halda Azərbaycan diaspor nümayəndəsinin kürdlərin namizədini dəstəkləməsi başadüşülən deyil. "Əhsən!” bizim diaspor nümayəndələrimizə: "Kürdlər hər zaman ermənilərlə alyansda olublar. Camal Mehmetxanoğlunun dəstəklədiyi Xalqların Demokratik Partiyası açıq-aşkar saxta erməni soyqırımını tanıdığını elan edib. Türkiyədə yaşayan ermənilər də Səlahəddin Dəmirtaşa səs verəcəklərini bəyan ediblər. Hər nə qədər bizim üçün xoş olmasa da, bunu başa düşdük. Bəs, Azərbaycan diasporunun Türkiyədəki nümayəndəsi olan Camal Mehmetxanoğlu hansı əsasla HDP-ni dəstəkləyir? Onun irəli sürdüyü bəyanatların heç biri əsaslı deyil. Sözün açığı, həmin adamın azərbaycanlı olmasına da şübhə edirəm. Çox güman ki, onun qanında kürd qanı var. Əgər o, azərbaycanlı olsa idi, MHP-ni dəstəkləyərdi. Çünki Türkiyədə azərbaycanlıların maraqlarını müdafiə edən partiya Milliyyətçi Hərəkat Partiyasıdır. Ayrı-seçkilik və separatçılıq edən bir partiyaya səs verən adamın Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur. Bu partiyanın mövqeyi kürd millətçiliyi, Türkiyənin parçalanmasıdır. Əgər Azərbaycan diaspor nümayəndələri onların bu mövqeyini müdafiə edib, parlament seçkilərində HDP-ni dəstəkləyəcəksə, mənim ona sözüm yoxdur. Əslində həmin adamın Azərbaycan nümayəndəsi olduğuna da inanmıram. Görünür, özünə uydurma bir təşkilat yaradıb”.

Şəymən