Çap mediası daha ağır durumdadır
Mövcud reklam dövriyyəsində ədalətli bölgünün olmaması vəziyyəti daha da ciddiləşdirib
Son aylar ölkədə müşahidə olunan iqtisadi çətinliklər ölkə mediasına, xüsusən çap mətbuatına mənfi təsirini göstərməyə başlayıb. Maliyyə durumu onsuz da ürəkaçan olmayan qəzetlər çap xərcinin bahalaşması ilə əlaqədar bir qədər çətin duruma düşüb. Böhrandan çıxmağa çalışan media rəhbərləri müəyyən təkliflər irəli sürüblər. Diqqəti çəkən təkliflərdən biri medianın reklam bazarının yenidən formalaşdırılmasıdır. Bəzi baş redaktorlar hesab edir ki, media düşdüyü vəziyyətdən çıxmaq üçün reklam bazarı ilə əlaqələri sıxlaşdırmalıdır.
Əslində reklam məsələsinin ölkə mediasının ən ciddi problemlərindən biri olduğu dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hökumət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Hətta səslənən təkliflər arasında mətbuat və elan qurumunun yaradılması da yer alıb. Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib. Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media kapitanlarını qətiyyən qane etmir. Bir çox dünya ölkələrində reklam şirkətləri qəzetlərlə yaxından əməkdaşlıq etsələr də, Azərbaycanda bu iş olduqca zəif qurulub. Ölkəmizdə media-reklam bazarı nisbətən elektron və internet medianın xeyrinə işləyir. Çap məhsullarına isə reklam agentlikləri arasında maraq çox azdır. Hazırda qəzetlər reklam bazarında elektron və internet mediaya uduzur. Nəticədə qəzetlər biznes növünə çevrilə bilmir. Çünki qəzet təkcə satışdan gələn gəlir hesabına problemlərini həll etməkdə çətinlik çəkir. Əldə olunan gəlirlə böyük əməkhaqqı fondunu, ofisi və texniki xərcləri qarşılamaq mümkün olmur. Belə halda qəzetlər çoxsaylı manevr imkanlarına malik olmurlar, inkişaf edə bilmirlər. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. MDB ölkələri sırasında bu sarıdan daha çox inkişaf isə qonşu Rusiyada qeydə alınır. Burada təkcə televiziyalar yox, qəzetlərdə verilən reklamların həcmi il ərzində 10 milyonlarla dollar həcmində ölçülür. Təbii ki, bütün bunlar qəzetlərin inkişafında kifayət qədər müsbət rol oynayır.
Vurğulayaq ki, bu sahədə qanunvericilikdə də müəyyən çatışmazlıqlar var. Belə ki, mövcud qanunvericiliyə görə, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilmir. Belə olan halda şirkətlər mətbuata reklam verməkdə maraqlı olmurlar. Təbii ki, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilsə, şirkətlər özləri mətbuata reklam verməkdə maraqlı olacaqlar. Media ekspertləri də reklam məsələsinin çox həssas olduğunu deyirlər. Onların fikrincə, reklam sifarişçisi məhsulunun cəmiyyətdə daha geniş şəkildə yayılmasını arzulayır. Bunun üçün daha populyar vasitələri seçir. Yəni hansı vasitə daha çox yaya bilirsə, insanlar hansından məlumatı, reklamı daha çox ala bilərlərsə, şirkətlər də ona üz tuturlar. Ekspertlərə görə, yazılı mətbuatla bağlı dəqiq mexanizm yoxdur. Amma qonşu ölkə Türkiyədə dövlətin verdiyi reklamların paylaşılması müəyyən mexanizm əsasında reallaşır. Digər xarici ölkələrdə isə reklam müəyyən bir şuraya verilir. Şura da qəzetlərin populyarlılığına, tirajına görə reklamı onlar arasında yayır. Çap mediasına reklamın az gəlməsi bununla bağlıdır. İkincisi isə çap mediasının güclü rəqibləri var. Məsələn, televiziyalar həddindən artıq çox reklam götürür. Bütün bunların hamısı çap mediasının mövqeyini zəiflədir. Azərbaycanda qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib ki, Kütləvi İnformasiya Vasitələrində reklam məsələsi ölkə mediasının ən ağrılı problemlərindəndir. Onun sözlərinə görə, uzun müddət aktual olmasına baxmayaraq, problemin həlli yolunda uğurlu nəticələr əldə edilməyib: "Mütəxəssislər bu sahədə mövcud olan problemi Azərbaycandakı reklam bazarının ölkənin iqtisadi inkişafına uyğun olmaması ilə əlaqələndirirlər.
Nəzərə alsaq ki, müəssisə və təşkilatların ümumi büdcələrinin ən azı bir faizinin reklam və elanlara xərclənməsi nəzərdə tutulur, onda ölkə KİV-lərinin reklam dövriyyəsinin minimum halda 200 milyon manatdan yüksək olması gözləniləndir. Amma biz buna bənzər rəqəmi reallıqda görmürük. Azərbaycan büdcəsi ilə reklam bazarı, hələ ki, tərs-mütənasibdir. Beynəlxalq standartlara görə, medianın ən azı 75 faiz maliyyəsi reklam və elanlardan gələn gəlirdən formalaşmalıdır. Azərbaycanda isə, əsas gəlir mənbəyi rolunda satış və yayım prinsipi dayanır”.
M.Ələsgərli ikinci bir problem kimi mövcud reklam dövriyyəsində ədalətli bölgünün olmamasını göstərib. O bildirib ki, uzun müddət reklam alıcısı rolunda televiziya və radiolar çıxış ediblər, qəzetlər isə arxa cərgədə dayanıb: "İndi bu sıraya onlayn media müdaxilə edib. Bu baxımdan, onsuz da az məbləğlə ifadə olunan reklam bazarı, onlayn media, televiziya və radiolar arasında daha çox bölüşdürüldüyündən, çap mediasının az məbləğli reklam gəlirləri daha da azalıb. Düzdür, çap mediasını bu durumdan çıxarmaq üçün dövlət səviyyəsində ciddi addımlar atılır. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu müsabiqəli yardım proqramlarını birmənalı olaraq çap mediaya yönəldir. Amma istənilən halda, reklam işinin yerində olmaması, çap mediası üçün ciddi maliyyə sızıntıları yaradır. Problemin həlli yolları asan deyil. KİV-in reklam probleminin aradan qaldırılması üçün tam bir mexanizm hazırlanmalıdır. Lazımi infrastruktur qurulmalıdır. Məsələn, hələ bu günə qədər Azərbaycanda tiraj komissiyası yoxdur. Tutaq ki, ortada reklam vəsaiti var və bu reklamı tiraja görə bölüşdürmək lazımdır. Qəzetlərin dəqiq tirajlarını hansı mənbəyə istinadən müəyyən etmək olar? Belə bir indikator mexanizmi, bizdə qurulmayıb. Digər tərəfdən, ölkədə kifayət qədər reklam agentlikləri olsa da, əksəriyyətinin peşəkar kadrları yoxdur. Peşəkar media menecerləri də yox səviyyəsindədir. Reklam agentlikləri özləri də qeyri-ixtisas sahibi olan valantyorlar hesabına fəaliyyət göstərirlər. Bu problem təkcə reklam agentlikləri üçün deyil, media qurumlarının özləri üçün də keçərlidir. Kim deyə bilər ki, hansısa media qurumunda peşəkar reklam menecerləri fəaliyyət göstərir? Məsələ ondadır ki, Azərbaycanda reklam meneceri hazırlayan təhsil obyekti də yoxdur. Bu yöndə problemləri kifayət qədər sıralamaq olar. Bu baxımdan hesab edirəm ki, reklam problemini həll etmək üçün tam bir mexanizm hazırlanmalı, təkliflər paketi olmalıdır. Mətbuat Şurası belə bir təkliflə çıxış edib. KİV-lərin reklam işinin təkmilləşdirilməsi üçün təkliflər paketinin ilkin layihəsi də hazırlanıb. Amma bu layihə nə vaxt diqqət çəkəcək, bu haqda dəqiq informasiya bilmirəm. Bu məsələ parlamentdə müzakirə edilib, uyğun qərarlar verilməlidir”.
Problemlə bağlı "Şərq”ə danışan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə deyib ki, reklam bazarının formalaşdırılmasından söhbət gedə bilməz. Çünki bizdə reklam bazarı ümumiyyətlə yoxdur: "Olmayan bir şeyi necə formalaşdırmaq olar? Reklam agentlikləri əsasən ayrı-ayrı şirkətlərin yaratdığı qurumlardır. Onlar da konkret konkret bir neçə şirkətin maraqlarını ifadə edirlər. Yəni müstəqil agentliklər faktiki olaraq yox dərəcəsindədir. Mövcud reklam şirkətləri ilə isə media qurumları arasında iş ənənəsi yoxdur. İndiki şəraitdə prosesin stimullaşdırılmasına böyük ehtiyac var. Vaxtı ilə Mətbuat Şurası və KİVDF bu məsələ ilə bağlı bir neçə toplantı keçirib, müzakirələr aparılıb. İş adamlarının bu prosesə cəlb olunmasına cəhd göstərilib. Lakin nəticə etibarı ilə ortalığa yeni bir mənzərə çıxmayıb. Eyni zamanda sosial reklamların da mətbuata verilməsi istiqamətində hansısa addımlar atılmayıb. Nəzərinizə çatdırım ki, dünyanın bir çox ölkələrində kiçik tirajlı yerli qəzetlər əsasən sosial reklamların hesabına fəaliyyət göstərirlər. Dövlət bu prosesi məqsədyönlü şəkildə stimullaşdırır və ənənəvi medianın sıradan çıxmasının qarşısını alır. Çünki ənənəvi medianın sıradan çıxması jurnalistikanın təməl prinsiplərinin yox olmasına və mediada xaosun yaranmasına səbəb olar”.
Baş redaktorun fikrincə, bu prosesdə Azərbaycanın iş adamlarının da üzərinə böyük məsuliyyət düşür: "Sahibkarlar medianın mahiyyətini dərk etməli, mətbuatın ölkə və xalq üçün nə dərəcədə önəmli olduğunu anlamalıdırlar. Təəssüflər olsun ki, Azərbaycanda belə insanların sayı barmaqla sayıla biləcək qədər azdır. İş adamları hər hansı problemlərlə üzləşəndə və ya cəmiyyətə mesaj vermək istəyəndə medianı yada salırlar. Ancaq mediaya dəstək məqamı gələndə mətbuatı unudurlar, saymırlar. Onlar elə düşünürlər ki, sanki media havadan, kosmosdan qidalanır”. E.Mirzəbəylinin sözlərinə görə, bu məsələ bütövlükdə Azərbaycan cəmiyyətinin problemidir. Ölkəmizdə milli burjuaziyanın formalaşmamasından irəli gələn məsələdir: "Problemi aradan qaldırmaq üçün bir neçə versiyanın üzərində işləmək lazımdır. Mövcud olan qurumların əli ilə sahibkarlarla mütəmadi görüşlər keçirməlidir. Onların prosesə cəlb olunması üçün mühüm addımlar atılmalıdır. Təklif edirəm ki, reklam bazarı öz məcrasına düşənə qədər, hardasa iki-üç il ərzində proses vahid bir mərkəzdən idarə olunmalıdır. Vahid Mərkəzi də Mətbuat Şurasına üzv olan media orqanları təşkil edə bilərlər. Ya da bir neçə mətbu orqanın rəhbəri bir yerə toplaşaraq, özləri müstəqil agentlik yaradar və s. Yəni çoxlu sayda variantlar irəli sürmək olar. Amma bir şeyi qəbul etmək lazımdır ki, artıq müzakirələr açmağın, boş yerə gileylənməyin faydası yoxdur, təxirəsalınmaz ciddi işlər görməliyik”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb