Çap mediasının gəliri yoxdur

Heç olmasa, ƏDV-dən azad olunsa, qəzetlərin işi yüngülləşər



Milli Məclisin iclasında qəzetlərin çap xərclərinə tətbiq edilən ƏDV-nin ləğvi məsələsi növbəti dəfə gündəmə gətirilib. Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuata tətbiq olunan ƏDV-ni aradan qaldırmağa çağırıb: "Ölkədə reklamın olmadığı bir vaxtda, yanvar ayından çap məhsullarına ƏDV tətbiq olunur və bu, mətbuatın vəziyyətini daha da çətinləşdirir.

Təklif edərdim ki, çap məhsulları ƏDV-dən azad olunan məhsullar sırasına aid edilsin. Çünki Azərbaycan mətbuatı Azərbaycan ordusunun həyata keçirdiyi missiyanı hazırkı informasiya müharibəsi dövründə həyata keçirir. Ona görə də xahiş edirəm ki, mətbuatın durumunu yaxşılaşdırmaq üçün bu addım atılsın”.

Parlament üzvünün təklifini dəyərləndirən fəaliyyəti dayandırılmış "Ayna” - "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı "Şərq”ə bildirib ki, ƏDV-ni mərhum Heydər Əliyev ləğv etmişdi və təxminən 15-17 il idi ki, ƏDV yox idi: "Bu ildən isə onu tətbiq etməyə başladılar. Eyni zamanda mətbəə xərcləri də artdı. Yəni mətbəəyə aid olan bütün məmulatlar, qəzet kağızı, qəzetin boyası və s. məhsulların qiyməti bahalaşdı. Bunlar da ƏDV-dən azad olunsa, çap mətbuatının işi asanlaşar. Söhbət bundan gedir”.

İqtisadçı-ekspert Qadir İbrahimli də qeyd edib ki, qəzetlərin çap xərclərinə tətbiq edilən ƏDV büdcəyə böyük gəlirlər gətirmir: "Hökumət qəzetləri ƏDV-dən azad etsə, qəzetlərin işi bir az yüngülləşər. Qəzetlərin reklam bazarı məhduddur. Çap mediasının gəlir mənbəyi onun satışıdır. Bu baxımdan ƏDV-nin tətbiqi qəzetlər üçün ciddi çətinliklər yaradıb. Kağızın qiyməti iki dəfə bahalaşıb. Üstünə də 18 faiz ƏDV gəlib. Nəticədə qəzet kağızının satış qiyməti 120 faiz bahalaşıb. Bu da redaksiyaların gəlirlərinin ciddi azalmasına səbəb olub. Yaxşı olardı ki, ƏDV aradan qaldırılsın”.

Ayyət Əhməd