Çay süfrəsi başında çay söhbəti

Bir kiloqram yarpaq yığmaq üçün çay becərən 2.000-2.500 yarpaq dərməlidir



Siz çayı sevirsinizmi? Bizim üçün bu, mənasız sual ola bilər. Azərbaycanda hər evdə birinci növbədə qonağın qabağına bir stəkan ətirli çay qoyarlar.
Alimlər deyirlər ki, çayı dünyada ən çox yayılmış içki adlandırmaq olar. Bəs biz çay haqqında indiyədək deyilənləri və yazılanları bilirikmi? Gəlin, təzə çay dəmləyək, çay süzüb qabağımıza qoyaq və onun harada əmələ gəldiyi, tarixi və bu günü haqqında söhbət edək.
Yəqin, hamıya məlumdur ki, çayın vətəni Şərqdir. Çin rəvayətində deyilir ki, bir zaman Sarı torpaqda Ta-mo adlı pirani budda rahibi yaşayırmış. O, çox müqəddəs və həddindən artıq səbirli adammış. Ta-mo bütün ömrü boyu Buddanın özünü görməyi arzulayırmış. Nəhayət, bir gün Allah onun yuxusuna girir. Rahib o qədər sevinir ki, gözlərini yummadan dua oxumağa and içir. Lakin yuxu ona qalib gəlir. Ta-mo yuxudan ayıldıqda qəzəbindən gözünün qapaqlarını kəsir. Onları tulladığı yerdə isə tünd yaşıl kol bitir və insanlar bu kolun yarpaqlarından yuxunu qaçırdan içki düzəltməyi öyrənirlər.
Başqa bir rəvayətdə deyilir ki, çayı ilk dəfə çobanlar tapmışlar. Onlar görmüşlər ki, həmişəyaşıl kolun yarpaqlarını yeyən keçilər çevik və qıvraq olur. Çobanlar yarpağı dəmləyib içmişlər; bu, onların xoşuna gəlmişdir. Beləliklə, onlar çay içməyə başlamış və başqalarına da bunu məsləhət görmüşlər.
XVII əsrin əvvəllərində, hər yerə baş soxan Avropa tacirləri Şərqə gəlib çıxanda, çay bir sıra isti ölkələrdə geniş yayılmışdı. 1610-cu ildə Hollandiya tacirləri Yava adasından gətirdikləri "ilahi otu” dəmləməyi və gündə 40-50 fincan çay içməyi məsləhət görmüşlər. Bir həkim yeni içkiyə o qədər pərəstiş edibmiş ki, bütün dərmanlar əvəzinə xəstələrə ancaq çay yazarmış.
O zaman Rusiyada "ecazkar içkinin” mövcud olduğunu hələ bilmirdilər və nahar zamanı pivə, kvas, nahardan sonra isə bal içirdilər. Bir dəfə Altun xanı çap Mixail Fyodoroviçə dörd pud quru çay yarpağı göndərir. İçki çarın xoşuna gəlir və çox çəkmədən Çinə çay üçün bütöv bir karvan yola düşür.
Rusiyada müxtəlif həcmdə və biçimdə məşhur Tula və Suksun samavarları meydana gəlir. Kəndlilərin necə yaşadıqlarını, onların ailəsində samavarın olub-olmaması ilə, çayın şəkərləmi, yoxsa "acı” içilməsi ilə ölçməyə başlayırlar. Lakin çayın becərildiyi əfsanəvi ölkə haqqında hələ uzun zaman rəvayətlər gəzir, "ecazkar ağac”ın ayrıca sirri olduğunu deyirdilər. Nəhayət, XIX əsrin əvvəllərində Krıma bir neçə çay kolu gətirilir və müşahidə aparmaq üçün Nikitin botanika bağında əkilir. On illər keçdikdən sonra torpaq sahibi Mixail Eristavi ilk plantasiyalar salır, sonra isə Zaqafqaziyada yetişdirilən kollardan yığılmış çay hazırlamağa başlayır.
Çar hökuməti kənd təsərrüfatının bu yeni sahəsinin inkişafı qayğısına qalmırdı. 67 il ərzində cəmi 917 hektar çay plantasiyası salınmışdır. Çay ibtidai fabriklərdə emal olunurdu. Onun keyfiyyəti o qədər pis idi ki, Gürcüstan çayı ancaq ordunun "aşağı rütbəli xidmətçilərinə” verilirdi.
Bəs indi necə? Siz çayın bu kimi markalarına və sortlarına rast gələ bilərsiniz: "Gürcüstan çayı”, "Azərbaycan çayı”, "Krasnodar çayı”, "Ekstra”, "Əla növ”, "Buket”. Bizim Vətənimizdə yetişdirilən çay xarici ölkələrdə yetişdirilən çaydan əsla geri qalmır. Məhsuldarlığa görə isə biz hamıdan qabaqda gedirik. Buna misal olaraq iki rəqəm göstərək: inqilabdan əvvəl hər hektardan 300-400 kiloqram çay yarpağı yığılırdı, indi isə ən yaxşı çay becərənlər mövsüm ərzində hər hektardan 8-10 min kiloqram çay yarpağı yığırlar.
Siz Qərbi Gürcüstana və ya bizim Lənkərana getsəniz, hər yerdə yaşıl dalğalara bənzəyən çay kollarına rast gələrsiniz. 1963-cü ildə Gürcüstan misli görünməmiş məhsul -180 min tondan artıq keyfiyyətli çay yarpağı yığmışdır. Azərbaycanın çay becərənləri də tapşırığın öhdəsindən yaxşı gəlmişlər. Lənkəran subtropiklərində onlarca hektar sahədə yeni yaşıl plantasiyalar salınmışdır.
Gəlin, kollardan birinə nəzər salaq. Kolun geniş çətirində minlərlə xırda budaq vardır. Kolun ucu vurulmuşdur. O, şəhər meydanlarında və küçələrində olan bəzək kollarına bənzəyir. Yarpaqlar hamar və parlaqdır. Onların hər biri qiymətli maddə olan kofein mənbəyidir. Botaniklərin fikrincə, Vətənimizdə bitən 18 min çiçəkli bitki arasında eləsi yoxdur ki, onun tərkibində çay yarpağının tərkibindəki qədər kofein olsun. Çay kolu 50-70 il yaşayır və məhsul verir.
Çay becərənlərin əməyi asan deyildir. Plantasiyalara bütün il ərzində qulluq etmək lazımdır. Daha çox zərif yarpaq yetişdirmək üçün nə qədər də bacarıq və ustalıq tələb olunur! Çay yığımı isə tam bir sənətkarlıqdır. Yarpaqların heç də hamısı çay üçün yararlı deyildir. Çay kolunun hər kvadratmetrinin səthində 4 minədək yarpaq vardır, lakin bu yarpaqların ancaq onda bir hissəsini dərmək olar. Yarpaqların ən yaxşısı cavan zoğda bitən və tumurcuğu olan iki üst yarpaqdır. Bu tumurcuğun içərisində çoxlu tanin və ətir vardır. Cavan zoğlar o qədər tez artır ki, bir günü də ötürmək olmaz. Əgər bu gün yetişən yarpaqlar gün batanadək dərilməsə, qalınlaşar, keyfiyyətdən düşər. Buna görə də yığım dövrü çox gərgin və məsul dövrdür.
Bir kiloqram yarpaq yığmaq üçün çay becərən 2.000-2.500 yarpaq dərməlidir. Ən yaxşı təcrübəli işçilər isə gündə 100-120 kiloqram çay yığırlar. İndi siz hesablayıb görün, onlar nə qədər yarpaq dərməlidirlər!
Son vaxtlar plantasiyalarda xüsusi çayyığan kombaynlar işləməyə başlamışdır. Maşının çevik "barmaqları” zərif və yararlı yarpaqları axtarıb tapır və onları dərir. "Barmaqlar” qalın yarpaqlara dəymir. Yarpaqlar bunkerə daxil olur, oradan isə yük maşınına yüklənib fabrikə gedir.
Çay yığılıb fabrikə gətirilir. Burada da çayı yararlı vəziyyətə gətirmək üçün hələ çox iş görmək lazım gəlir. Zərif yarpaqlar qurudulur, artıq rütubət buxarlanır. Yarpaqlar yumşalır və xüsusi maşınlara daxil olur. Burada onlar üç dəfə eşilir və çeşidlənir. Növbəti mərhələ fermentasiya mərhələsidir. Yarpaqlar öz yaşıl rəngini itirir və qaralır. İndi çayı qurutmaq, irilərini xırdalamaq, çeşidləmək və çay çəkibdoldurma fabrikinə göndərmək lazımdır.
Biz qara, məxməri çayın hazırlanması prosesindən danışdıq. Lakin bizdə yaşıl məxməri çay, yaşıl kərpici çay, qara və yaşıl təbəqə çay da vardır. Məsələn, yaşıl məxməri çay qara çaydan az yayılmamışdır. Bu çayı bizim Orta Asiya respublikalarında içirlər və o, susuzluğu yaxşı yatırır.
Bəs çayların hansı daha yaxşıdır? Bu suala cavab vermək çətindir. Necə deyərlər, hər kəsin öz zövqü vardır. Bir də ki, ətirli çay təkcə çayın keyfiyyətindən deyil, həm də dəmlənməsindən asılıdır. Ən dadlı çay dağ suyundan alınır, çay suyu ikinci yerdə gedir, quyu suyu üçüncü yeri tutur. Lakin suyu yaxşı qaynatmaq lazımdır. Çay dəmləyən ustalar suyun 16 cür qaynadığını, yəni suyun qaynayıb balıq gözü boyda köpük verdiyini, çalxalandığını və köpükləndiyini, gur qaynadığını göstərirlər və i.a. Əgər siz bütün bu sirlərə yiyələnməmişsinizsə, onda adi qaydalara əməl edin: dəm çaynikini əvvəlcə qaynanmış su ilə yaxalayın, onun içinə çay atdıqdan sonra üçdə iki hissəsi qədər qaynar su tökün, beş dəqiqə dəsmal altında saxlayın və ya dəsmala bükün, sonra çayniki ağzına qədər doldurun və qaşıqla qarışdırın. İndi çayı süzmək olar. O, ətirli və kəhrəba rəngində olur. Çayı od üstündə dəmə qoymaq məsləhət görülmür, çünki çayın ətirli efir yağları buxarlanır.
Tez-tez soruşurlar ki, çay faydalıdırmı, yoxsa zərərlidir? Bu məsələ ətrafinda uzun müddət mübahisələr getmişdir. İndi sübut edilmişdir ki, çay müalicə xassələrinə malikdir. Onun tərkibində fəaliyyəti artıran kofein, efir yağı, aşılayıcı maddələr, tanin, "C” və "P” vitaminləri vardır ki, bu vitaminlər də yoluxucu xəstəliklərə orqanizmin müqavimətini artırır, adamı sinqa xəstəliyindən qoruyur, qan damarlarının divarcıqlarını möhkəmləndirir. Çay yayda adamı sərinlədir, bərk şaxtalı günlərdə isə bədəni qızdırır.
Bəli, çay çox qədim bitkidir. Lakin insan onu dəyişdirmiş, müxtəlif şəraitə uyğunlaşdırmış, öz iradəsinə tabe etdirmişdir. Bəs çayı daha da təkmilləşdirmək olarmı? Bəli, bu sahədə çox böyük işlər aparılır. Qərbi Gürcüstanın yaşıl plantasiyaları arasında Ümumittifaq Elmi-Tədqiqat Çay və Subtropik Bitkilər İnstitutu yerləşir. Bu institutun alimləri çayın aqrotexnikasını öyrənmək sahəsində iş aparır, seleksiya ilə məşğul olur, kolxoz və sovxozlara gündəlik yardım göstərirlər.
Azərbaycan Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun filialı Lənkəran subtropiklərində yerləşir. Filialın plantasiyalarında – Lənkəranda ən yüksək məhsul – hər hektardan altı min kiloqramdan artıq çay yarpağı yığılır, ayrı-ayrı sahələr isə hektar hesabı ilə 10-12 min kiloqramadək çay verir. Alimlər suvarma rejimini, aqrotexnikanı öyrənir, yeni sortlar yetişdirir, məsləhətlər verir, mühazirələr oxuyurlar.
... Söhbətimiz qurtarır. Yorulmadınız ki? Yəqin çay sizi gümrah etmişdir, elə deyilmi?! Nuş olsun!


Fidan Həşimova, Jurnalist