Cəbhəboyu gərginlik artacaq

“İstənilən təxribatın qarşısı sərt şəkildə alınmalıdır”


Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.

Bu barədə məlumat Müdafiə Nazirliyinin saytında öz əksini tapıb. Məlumatda o da bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan (39 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.

Ermənistanın siyasi rəhbərliyinin ötən ilin aprel hadisələrindən doğru-düzgün nəticə çıxarmadığını vurğulayan ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, eyni ağılsızlıqları təkrar-təkrar edirlər. Hər dəfəsində də günahlarının cəzasını çəkirlər: 

"Azərbaycan Silahlı Qüvvələri düşmənin hücum həmlələrinin qarşısını almaq məqsədi ilə onların həm ön cəbhədə yerləşən mövqelərini atəşə tutur, həm də onların dərinlikdə yerləşən hərbi obyektlərini zərərsizləşdirir. Əvvəllər ermənilər atəşkəsi yüngül silahlarla pozurdularsa, artıq daha ağır texnikadan istifadəyə başlayıblar. Bir neçə dəfə qeyd etmişdik ki, bunların beynəlxalq qurumlar və ATƏT qarşısında yerinə yetirilməmiş öhdəlikləri var. Sanki özlərinə öhdəlik götürüblər ki, nə olursa olsun, cəbhə xəttində vəziyyəti gərginləşdirməlidirlər. Ancaq son nəticədə itirən özləri olur”.

2 gün bundan öncə ön xətdə olduğunu vurğulayan Ü.Cəfərov şəxsi müşahidələrinə əsasən getdikcə bütün cəbhəboyu gərginliyin artacağını proqnozlaşdırır. 

Hesab edir ki, ordumuzun əsgərləri ayıq-sayıq olmalı və düşmənin diversiya qruplarını bir addım belə yaxına buraxmamalıdır. İstənilən təxribatın qarşısı sərt şəkildə alınmalıdır. Erməni Prezidenti hər dəfə gülünc çıxışlarında bildirir ki, biz itirdiyimiz ərazilərimizi geri qaytaracağıq. Amma hələ də anlamır ki, o ərazilər Azərbaycanındır. Azərbaycan hansı yolla olursa olsun öz torpaqlarını geri qaytaracaq”.

Şəymən