Cəhənnəmi görmüş pilot...

Xocalı qətliamının ilk şahidi Bakıda tədbirə qatıldı
Markoviç: “Mənim üçün heç bir fakta ehtiyac yoxdur. Hər şeyi öz gözlərimlə görmüşəm”


Dünən Beynəlxalq Mətbuat Mərkəzində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gələn, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə mətbuat konfransı keçirilib.

Tədbirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, "Cəhənnəmi görmüş pilot” sənədli filminin rejissoru Elmar Məlikov, UABD sədrinin birinci müavini Murad Cəfərov və Rasim Seydimov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Hikmət Cavadov Markoviç barədə 2 il öncə məlumat almaları və 1 ildir ki, onunla bağlı axtarış aparmaqları barədə danışıb.

Daha sonra çıxış edən L.Markoviç 1989-92-ci illərdə Gəncədə SSRİ qoşunları tərkibində hərbi xidmətdə olduğunu deyib: "Gəncə aeroportu Dağlıq Qarabağa ən yaxın aeroport idi. Mən həmin illərdə Gəncədən Qarabağa uçan helikopterin komandiri idim. 1991-ci ilin dekabrında dinc əhalini Dağlıq Qarabağ ərazisindən müharibə olmayan ərazilərə daşıyırdım. 1992-ci il fevralın 27-də Gəncəyə qayıdanda Xocalının şərqində 2 km məsafədə dağın ətəyində rəngli paltarlı dinc əhali gördüm. 500 metr məsafəyə endim və gördüm ki, yaralı olan dinc əhalini ermənilər güllələyirlər. Ermənilər Azərbaycan vertolyotunu görəndə atəş açmağa başladılar. Gəncəyə gəlib hadisə barədə Azərbaycan rəhbərliyinə məruzə etdim. O zamankı Prezident Ayaz Mütəllibovun köməkçisi Gəncəyə gəlib dedi ki, siz hadisə baş verən ərazini tanıyırsınız, jurnalistləri həmin yerə çəkiliş üçün aparın. Mənim çəkiliş üçün Xocalıya apardığım jurnalistlərdən biri Çingiz Mustafayev idi. O zaman Çingizə çox böyük inam vardı. Hər kəs onun doğru məlumat verəcəyinə inanırdı. Bizim Xocalıya enib, çəkiliş aparmaq üçün cəmi 5 dəqiqə vaxtımız var idi. Biz havada 5 dəqiqə uçuş etməli idik. Çünki ermənilər bizi görürdülər və atəş aça bilərdilər. Həqiqətən də elə də oldu. Amma biz atəşlərdən yayınıb, geri qayıda bildik. Məhz həmin çəkiliş sayəsində dünya bu qətliamdan xəbərdar oldu”.

Markoviçin sözlərinə görə, qətliam baş verən yeri çəkmək üçün jurnalistlər aşağı düşəndə 2-3 dəqiqə hadisənin şokundan tərpənə bilmədilər: "Biz onları tələsdirirdik. Meyitlər biri-birindən aralı idilər ona görə də yerdən çəkiliş mümkün deyildi. Səmadan isə aydın görünürdü. İnsan əsəbləri bunu qəbul edə bilmirdi. Aramızda bir polis kapitanı var idi. O meyitlərin arasında başı dağıdılmış uşağını gördü. Uşağını qucağında helikopterə gətirəndə biz artıq uçurduq, çünki bizə atəş açırdılar. Polis kapitanı oğlunu helikopterə yerləşdirdi, lakin əlləri boşaldı. Məncə, o artıq ağlını itirmişdi. Helikopterə qalxmağa taqəti qalmamışdı. Onu bizim əməkdaşlar mindirdi. Həmin anda mənə ən çox təsir edən bu olmuşdu”. Hadisə şahidinin dediyinə görə, onlar Xocalıya gedərkən ikinci vertolyot da olub. Bu, Markoviçin idarə etdiyi vertolyotu qorumaq üçün idi. Çünki onun idarə etdiyi vertolyot mülki idi, vətəndaşları daşımaq üçün, orada heç bir hərbi sursat yox idi.

Pilot əgər Xocalı faciəsi ilə bağlı beynəlxalq məhkəmə olarsa, şahid qismində çıxış etməyə hazır olduğunu deyib. "Mənim üçün heç bir fakta ehtiyac yoxdur. Hər şeyi öz gözlərimlə görmüşəm və istənilən zaman Xocalıda gördüklərimi dünya ictimaiyyətinə çatdırmağa hazıram”.

Şəymən