“Fiziki məhdudiyyəti, çox yaşlı olması, hamilə və ya uşaqlı olması vəziyyətləri istisna olmaqla kişi sərnişinin öz yerini qadın sərnişinə vermək tabusunu yıxmaq lazımdır”
Cəmiyyət yorğundur
İctimai yerlərdə davaların kökündə əsəb, qayğılar, problemlər dayanır
“Fiziki məhdudiyyəti, çox yaşlı olması, hamilə və ya uşaqlı olması vəziyyətləri istisna olmaqla kişi sərnişinin öz yerini qadın sərnişinə vermək tabusunu yıxmaq lazımdır”
“Fiziki məhdudiyyəti, çox yaşlı olması, hamilə və ya uşaqlı olması vəziyyətləri istisna olmaqla kişi sərnişinin öz yerini qadın sərnişinə vermək tabusunu yıxmaq lazımdır”
65 nömrəli marşrut xəttində sərnişinlər arasında insident baş verib. Cavan oğlan ona düzgün oturmağı məsləhət görən qadını, daha sonra isə onun bu hərəkətinə etirazını bildirən yaşlı kişini döyüb. Avtobusda əməlli-başlı çaxnaşma yaranıb, polisin müdaxiləsi ilə dava-dalaş səngiyib. Hadisə anında qeydə alınan videogörüntülər medianın və sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Həmişə olduğu kimi fikirlər haçalanıb, kimi qadının iradının haqsız olduğunu iddia edib, kimi də cavan oğlanı tərbiyəsizlikdə ittiham edib.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralıya görə münaqişəyə hər iki tərəf səbəb olub. Nə qadın, nə də oğlan geri addım atıb. Əl hərəkətlərinə isə birinci qadın başlayıb, oğlanın ona əl yelləməsinə qarşı da dözümsüz olub.
Sosioloqun sözlərinə görə, insan özünə qarşı ediləcəyini istəmədiyi hərəkəti başqasına etməməlidir: "Hamımız bilirik ki, kişilərin avtobusda oturmasına qadınlar imkan vermir, əgər oturan bir kişi görürlərsə, mütləq qınaq, narazı baxışlar işə düşür. Axı kişi də eyni yolpulunu ödəyir, üstəlik əksəriyyəti daha ağır işlərdə işləyir və dincəlməyə onun da ehtiyacı var. İctimai nəqliyyat tamamilə qadınların hakimiyyəti altındadır, kişilər ya avtobusun, ya da vaqonların bir küncünə sıxışdırılıb, hamısı da ayaqüstə”.
Lalə xanımın sözlərinə görə, baş verən bütün münaqişələrin, davaların əsas səbəbi cəmiyyətdəki yorğunluqdur. Hamı biri-birinə qarşı aqressiya doludur. Sanki partlamağa hazır bomba kimiyik: "Ola bilər o gənc də doğru formada oturmayıb, kadrlarda bunu görmək olmur. Buna səbəb avtobuslarda oturacaqların arasındakı məsafə problemi də ola bilər, gəncin yorğunluğu da, eyni zamanda etinasızlığı da. Amma onun oturuşuna əl-qol hərəkəti ilə etiraz etmək lazım deyildi və o qadın bunu edib təəssüf ki. Başa düşürəm, qarşısındakı gənc ola bilər ki, ədəb qaydalarından kənar olaraq oturub, bunu gözümlə görməmişəm deyə dəqiqliklə bir şey deyə bilmərəm, amma yenə də burda davalıq bir səbəb olmamalıydı. Nədənsə kadrları görən əksər insan gəncin ona yer verməməsinə görə qadının bu qədər aqressiya nümayiş etdirdiyini düşünür, biz bunu sosial şəbəklərdəki rəylərdən də görə bilirik”.
Sosioloqun fikrincə, fiziki məhdudiyyəti, çox yaşlı olması, hamilə və ya uşaqlı olması vəziyyətləri istisna olmaqla kişi sərnişinin öz yerini qadın sərnişinə vermək tabusunu yıxmaq lazımdır: "Axı ağır fiziki əməklə məşğul olub evinə yorğun qayıdan kişilər var, başının üstündə dayanıb əl çantası ilə ona təzyiq edən qadına yer verməyə niyə məcbur hiss etməlidir özünü? Dikdaban geyindiyinə görə? Yaxud işdəki masası arxasında oturaraq günün bitməsini gözləyib evinə qayıdır deyə? Çox müşahidə etmişəm, avtobusa daxil olan qadın sərnişinlər çox vaxt kişi sərnişin oturan istiqamətlərə yönəlib başının üstündə dayanır, yer almaq üçün səssiz təzyiq göstərir. Kişi sərnişin də yorğun olsa belə qınaq və mental dəyərlərə qarşı çıxmaq istəmir, yerini təklif edir. 50-60 yaşında olan kişinin qalxıb özü yerini 20-25 yaşlı gənc qıza verməsi isə ümumiyyətlə qəbuledilməzdir. Bunu o yeri atası yaşda kişidən alan o qız dərk etməlidir. Bütün hallarda gənc oğlan o qadına əl qaldırmamalı idi, bu qətiyyən doğru davranış deyil, hətta haqlı olsa belə. Əminəm ki, sonra bu cür davranışa görə özü də peşman olub”.
Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli isə "sherg.az”a bildirib ki, nəqliyyat vasitələrində sərnişinlər arasında davranış pozuntusu baş verdikdə zərər verənə müəyyən cəzalar tətbiq olunmalıdır.
Onun qənaətincə, avtobus, metro kimi nəqliyyat vasitələrində sıxlıq yaşandıqda sərnişinlər arasında baş verən xoşagəlməz hərəkətlər artıb:
"Bu, inzibati davranış pozuntusu altında kiçik xuliqanlıq hərəkəti kimi qəbul olunmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının cinayət məcəlləsində müvafiq qanunvericilik var. Qanun bazasında xətalar haqqında məcəllə mövcuddur. Eyni zamanda cinayət məcəlləsində kiçik xuliqanlıqla bağlı olan maddələr yer alıb. Peşəkar nəqliyyatçılar kimi yanaşsaq, müşahidə edərik ki, bunu nəqliyyat əməkdaşlarının məsuliyyətsizliyi kimi dəyərləndirmək doğru olmaz. Sadəcə, nəzarət mexanizmi olmalıdır. Nəqliyyatdan istifadə edərkən bir vətəndaşla digər vətəndaş arasında qeyri-etik davranış baş verərsə və ya hər hansısa bir sərnişin fiziki zorakılığa məruz qalarsa, bu zaman zərərçəkən müvafiq dövlət orqanlarına şikayət edə bilər. Nəticə etibarı ilə qarşı tərəflə zərərçəkən arasında məhkəmə çəkişməsi olmalıdır.
Bununla bağlı zərər verən şəxs məsuliyyət daşımalıdır. Nəqliyyat agentliklərində işləyən məmurlar və ya nəzarətçi polislər belə hadisələrə şahid olduqda, həmin şəxsi müəyyənləşdirib, ona cəzalar tətbiq etməlidir. Bu sırf davranış, tərbiyə məsələsidir. Əgər bəzi hallarda kiçik zorakılıq xarakterli hadisə və ya bədənə hər hansısa bir xəsarət yetirilibsə, burada artıq cinayət məcəlləsinin müxtəlif tələbləri tətbiq olunmaqla ona cəzalar verilməlidir. Kiçik xuliqanlıq və xoşagəlməz hallar baş verərsə, bununla bağlı inzibati xətalar məcəlləsinin müəyyən müddətli həbs cəzaları var. Zərər verən şəxsi 15-20 sutka azadlıqdan məhrum etmək cəzası tətbiq oluna bilinər”.
Şəymən