Cənubi Qafqaz rahatlıq tapacaq

Azərbaycan - Türkiyə - Rusiya formatının yaranması real görünür və müsbət hadisədir
Amma bölgənin ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir və bu məsələ hələ öz həllini tapmayıb


Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral Azərbaycan-Türkiyə və Rusiya üçlü formatı barədə jurnalistlərin suallarını cavablandırıb.
Səfir deyib ki, rəsmi Ankara üçtərəfli əməkdaşlıq formatlarının sadəcə iqtisadi deyil, siyasi nəticələr verməsini də gözləyir. Səfirin sözlərinə görə, üçtərəfli formatlar üç ölkə arasında siyasi və iqtisadi əlaqələri yeni səviyyəyə çıxararaq, regional inkişafa ciddi dəstək verəcək:

"Bunun ən yaxşı nümunəsi Gürcüstanla olan üçtərəfli formatdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin üç ölkəyə qazandırdığı ortadadır. İnşası davam edən və yaxın zamanlarda tamamlanması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üç ölkəyə, həmçinin bütün Avrasiyaya fayda verəcəyi də hamıya məlumdur”. Özoral diqqətə çatdırıb ki, eyni formatda İranla əməkdaşlıq da hər üç ölkənin xalqlarının xeyrinə olacaq. Diplomatın sözlərinə görə, Türkiyənin Orta Asiyaya gedən yolları diversifikasiya etməsi ilə Azərbaycan bu istiqamətdə əsas məntəqə olacaq: "Bütün bunlar Xəzər dənizindəki gəmi daşımaları, Ro-Ro səfərlər, regiondakı dəmir yolu daşımalarına müsbət təsir edəcək”. Səfir əlavə edib ki, üçtərəfli əməkdaşlıq bir tərəfdən iqtisadi əməkdaşlığın inkişafına dəstək verəcək, digər tərəfdən, üç ölkənin siyasi münasibətlərini gücləndirəcək biri-birinə daha da yaxınlaşdıracaq: "Bütün bunlar regionda sülh və əmin-amanlığa çox böyük dəstək verəcək”. Səfirin sözlərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın qardaş Türkiyə ilə yanaşı, qonşu Rusiya ilə də sıx münasibətləri var. Bu ölkələrdən biri strateji müttəfiqimiz, digəri isə tərəfdaşımızdır: "Türkiyə-Rusiya münasibətlərinin normallaşmasından sonra üçlü formatın yaranması daha real görünür. İstanbul konfransında da üç ölkənin rəhbərləri yanaşı oturdular və çox mehribancasına söhbət etdilər. Görünür, rəhbərlər də üçlü birliyin formalaşmasında maraqlıdır. Amma diqqəti çəkən və sual doğuran məsələ başqadır. Üç ölkəni iqtisadi cəhətdən hansı layihələr birləşdirəcək? Səfirin qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Gürcüstanın bir neçə ortaq enerji layihəsi var və bölgəyə fayda verir. Hətta Azərbaycan-Rusiya-İran arasında da ortaq layihələr mövcuddur. Amma Türkiyə, Azərbaycan və Rusiya arasında hələlik hansısa iqtisadi layihələrdən söhbət getmir. Əslində qaz bazarında biz Rusiya ilə rəqib sayılırıq. Çünki bizimlə yanaşı, Moskva da öz qazını Türkiyəyə, oradan isə Avropaya çatdırmaq istəyir. Yəni ortada müəyyən suallar var və əvvəlcə onlara cavab tapılmalıdır”. Ekspertin fikrincə, üçlü formatda siyasi təmaslar da önəmlidir: "İndi Rusiya-Türkiyə arasında əlaqələr normaldır. Bu da Cənubi Qafqaza müsbət təsir edir. Amma bölgənin ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir və bu məsələ hələ öz həllini tapmayıb. Aprel döyüşlərindən sonra cəmiyyət ümid edirdi ki, Rusiya ermənilərə təsir edəcək və münaqişənin həllini sürətləndirəcək. Amma bu, baş vermədi. Kreml rəsmiləri açıq şəkildə etiraf etdilər ki, Moskva münaqişənin yaxın müddətdə həllinə inanmır. O baxımdan düşünürəm ki, üç dövlət başçısının bir araya gəlməsi mühüm siyasi məsələlərə təsir etməyəcək. Üçlü format yaransa belə, yenə də ruslar ermənilərin maraqlarını müdafiə edəcək. Hər halda bu barədə dialoqun aparılmasını dəstəkləyirəm”.

İsmayıl