Cəsarətli geyinmək Zeynəb Xanlarova ilə başladı

Bu gün isə Aygün Kazımova, Röya, Elza Seyidcahan bu yolu gedir

Əgər təbiət qadını modanın saldığı halda yaratsaydı, o zaman qadın ümidsiz halda olardı. (P.Buast)
Ətrafda modadan söhbət açan jurnallar, qəzetlər onu göstərir ki, bir çoxları üçün moda bəhsi və ya daha doğrusu, modanın özü həqiqətən də maraqlıdır. Görəsən, moda həqiqətən də bu qədər önəmlidir, yoxsa, biz onu bu qədər böyüdürük?
Moda elə bir aləmdir ki, insanı dəyişə, gözəlləşdirə bilər. Amma zövqlü geyim hər vaxt insanda müsbət enerji, xoş hisslər yaradır...
Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Əslində bu belədir, ancaq nəzərə alınacaq çoxlu detallar var ki, onların bəziləri haqqında məlumat vermək
istərdim. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli? Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa...
Birinci növbədə hər bir şəxs öz geyimiylə sahib olduğu əhval-ruhiyyəsini, xarakterini ən xırda detalacan nümayiş etdirə bilər. Qeyd edim ki, rənglər hər bir insanın konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır. Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.
Bəs cəsarətli geyinmək necə, onu hər adam bacarırmı?
Təbii ki, sadə insanlardan fərqli olaraq moda ilə daha çox tanınmışlar maraqlanır. Onlar modanın əsirinə çevrilir. Son zamanlar təkcə zövq deyil, cəsarətli geyinmək də dəbə düşüb. Tanınmışlar fərqlənmək üçün eyni zamanda cəsarətli geyimlərə üstünlük verirlər.
Azərbaycan şou-biznesinin bir çox müğənniləri cəsarətli geyim performansları sərgiləməklə diqqət çəkməyə maraq göstərirlər.
Bəs peşəkar stilistlər cəsarətli geyimlər barədə nə düşünürlər? Suallarımızı Azərbaycanın ən bahalı və tanınmış stilisti Anar Atakişiyev cavablandırdı.
- Əvvəllər dəbli-dəbsiz geyinmək mövzusu müzakirə olunurdusa, bu gün cəsarətli geyinən müğənnilərdən danışılır. Bu gün bizim şou-biznesdə daha çox cəsarətli geyinən müğənnilər kimlərdi?
- Dəbli geyinmək tamamilə başqadı, cəsarətli geyinmək tam başqadır. Müğənnilərimiz dəbli geyinib, işlərini bitirdilər, indi keçiblər artıq cəsarətli geyinməyə (Gülür). Amma olsun. Hər halda şou əhli yeni bir söz öyrənib. Yeni bir trend buraxıblar. Qaldı cəsarətli geyinənlərə, sovet vaxtından yada salacam. Azərbaycan səhnəsində ən cəsarətli geyimləri ilk Zeynəb xanım Xanlarova geyinib. Zamanın ən cəsarətli geyinən sənətkarı olub. Sonralar Aygün xanım Kazımova cəsarətli geyinən sənətçilərdən sayılır. Burda bir sual önəmlidir. Cəsarətli geyim nədir? Mən bu geyimdə sərbəst ola bilirəm. Mənə bu yaraşırsa, bunu rahat daşıya bilərəm və kənardakıların kritik yanaşması mənim üçün qətiyyən maraqlı deyil.
Aygündən sonra mütləq Röyanın adını çəkməliyəm. Yəni mən hər zaman sıralaması ilə ad çəkirəm. Röya da cəsarətli geyimləri ilə seçilən sənətçilərdən sayılır. Zülfiyyə xanım da cəsarətli xanım sayılır.
- Bizdə Ledi Qaqaya, Beyonsa baxıb onların tərzlərini bəyənənlər olsa da, nədənsə, öz müğənnilərimizdə bu fərqli tərzləri qəbul edə bilmirik. Misal üçün, Elza Seyidcahanı...
- Elza Seyidcahanın stilindən çox razıyam. İlk dəfə ona Azərbaycanın Ledi Qaqası mən demişəm. Hələ 7 il əvvəl Ledi Qaqa təzə çıxmağa başlayanda dedim ki, yerli Ledi Qaqamız Elza Seyidcahan. Cəsarətli geyinənlərin sırasındadır. Cəsarətli geyimlərin də iki növü var. Adam var çıxır bədəninin 40 faizi bağlıdı, 60 faizi açıqdı. Adam var Elza Seyidcahan kimi başına məşəl qoyur, amma çılpaq deyil. Hər ikisi cəsarət tələb edir. Amma stil baxımından fərqlidilər. Elza zövqlü geyinir.
Amma Aygün və Röya cəsarətli və yeniliyi sevən müğənnilərdi. Elza cəsarətli olsa da, inanmıram ki, Ledi Qaqa kimi ət paltarı geyinər. Elza Azərbaycan üzrə ən cəsarətli müğənni sayılır.
- Gənc xanımlardan Leyla Ramazanlı. Ayan Babakişiyevanın cəsarətli geyimlərdə fotosessiyalarını görmək olur.
- Leyla Ramazanlı haqqında dəqiq bir söz deyə bilmərəm. Mən Leyla xanımı 3-4 ildi görməmişəm. Nə üzbəüz, nə də klipinə rast gəlməmişəm.
- Daha kimi cəsarətli sayırsız?
- Öz yaşına görə İlhamə xanımı cəsarətli geyinən xanım adlandırmaq olar. Bilirsiz, cəsarətli geyim tərzini hərə bir şəkildə yorumlaya bilər. Bəziləri üçün Elza Seyidcahan zövqsüz görünə bilər, ya da onun tərzini anlaya bilməyənlər var. Amma yenə də o xanım cəsarətli geyinən sənətçidir. Aygün Kazımova cəsarətli, açıq-saçıq və zövqlü geyinir. Hər sənətçi açıq-saçıq geyinə bilməz. Bunu səhnədə daşımağı bacarmaq vacibdi. Zülfiyyə xanım bədən ölçülərinə görə
cəsarətli geyinən xanımdı. Və hədsiz dərəcədə modanı qabaqlaya bilir. Cəsarət və zövq fərqli və oxşardı.
- Bəziləri açıq-saçıq geyimlər geyinməklə fərqlənməyə üstünlük verirlər. Yəni özlərində cəsarət tapıb o geyimləri geyinsələr də, bəzən bədən ölçüləri buna imkan vermir, ya bədənin lazımsız qüsurları görünmüş olur. Cəsarət budumu, münasibətiniz necədir?
- Buna münasibətim həm yaxşı, həm də pisdi. Yaxşıdı. Müğənni həddindən artıq açıq-saçıq geyinib gedib şou proqramda oxuyursa, buna qarşıyam. Amma müğənni, misal üçün, "Kristall Holl”da konsert verirsə, həddindən artıq açıq-saçıq geyimi qəbul edə bilərəm. Çünki məkanın önəmi var. Bəzən mental düşüncələri hardasa qoruyub saxlasaq da, bəzən bir qədər də Avropaya açıq olmalıyıq. Baxın, bu günlərdə biz Avropa Oyunlarına ev sahibliyi etdik. Dünyaya özümüzü bir güclü, müasir, eyni zamanda milliliyi itirməyən bir millət kimi tanıtdıq. Yerində, lazım olan yerdə əgər biz cəsarətli geyinə biliriksə, bunun nəyi pisdi? Daha demirəm ki, toya gedəndə açıq-saçıq paltar geyinib müğənni oxusun. Bəzən lazım olmayan yerdə mentalitetdən danışırıq. Bu yaxınlarda Mətanət Əsədovanın verilişdə bir yazıçı ilə olan mübahisəsini gördük. Həmin gün Mətanət xanım kifayət qədər abırlı bir geyimdə idi. Əgər mentalitetdən danışırıqsa, o ziyalının danışığı niyə mental dəyərlərə söykənməmişdi? Müğənni açıq-saçıq da geyinə bilər. Həmin bəyə sual verirəm ki, efirdən bir qadına o cür ağır fikir söyləmək yaraşırmı? Bəs mentalitetiniz harda qaldı? Mən anamla o verilişə baxanda utanıram.
- Ümumiyyətlə, səhnə açıq-saçıqlığı sevirmi?
- Dəbi diktə edən insanlar var. Səhnə də bunun üstündə işini qurmalıdı. Onlar trendlər buraxırlar. Onlar nə tələb edirlərsə, səhnə insanları da onu etməlidir. Əgər dünya bazarına çıxmaq istəyiriksə, bunun üçün bir qədər çalışmaq, cəsarətli olmaq lazımdır. Bizim sənətçilər yeri gəlsə, nə Rihannadan, nə də Beyonsdan geri qalmırlar.
Açıq-saçıq geyimlər səhnədə qəbulolunandı. Sadəcə çərçivədən çıxmamaq şərti ilə mentalitet sözünü də ucuzlaşdırıb ondan yersiz istifadə etməsinlər. Mən Muğam Teatrında açıq-saçıq geyinilsin demirəm. Amma böyük səhnələr var ki, orda açıq-saçıq geyim də geyinə bilər. Biz inkişaf edən dövlətdə yaşayırıq. Yayda şortikdə kimsə görünürsə, onu daşlamaq lazım deyil. Bəli, hər kəs cəsarətli geyinmək istəyirsə, ilk növbədə bədəninin buna uyğun olub-olmadığını nəzərə almalıdır. 70-80 kq çəkisi olan xanım müğənni göbəyi açıq geyinib, nə bilim, piylərini göstərirsə, buna cəsarət demirlər, buna ağılsızlıq, şitlik deyirlər. Amma bədəninin ölçüsü buna uyğundursa, sənin səhnə alacağın yer, məkan buna münasibdisə, niyə də cəsarətli geyinməyəsən? Cəsarətli geyinməyi onsuz da hər adam bacarmır. Sadəcə bunun üçün zövq də önəmlidir. Elə harasını gəldi açıb tökmək cəsarətli geyinmək demək deyil, cəsarətli geyinərkən estetik məqamlar da nəzərə alınmalıdır. Kənardan bu, estetik görünmür. Ümumiyyətlə mənə elə gəlir ki, tanınmışlar nə qədər zövqlərinə arxayın olsalar da, hər halda peşəkar stilistlərlə işləsələr, daha yaxşı olar.
Tahirə