"Bugün Fransa prezidenti Emmanuel Makron və ÇAD prezidenti İdris Dəbi arasında görüş keçirilib. Daha sonra isə birgə mətbuat konfransında iştirak ediblər. E.Makronun əsas toxunduğu məsələ isə ABŞ-ın Suriyadan çəkilmək qərarı olub. E.Makron qeyd edib ki, ABŞ-ın bu addımını qınayırıq. Çünki, onlar öz müttəfiqlərini yarı yolda qoydu. Makron eyni zamanda qeyd edib ki, Suriyadakı terror qruplaşmalarına qarşı təkbaşına döyüşən və mübarizə aparan Kürdlər və (Türkcə: Suriye demokratik güçleri ) PYD, YPG-dir. Biz onlara kömək etməliyik".
Bu barədə "Sherg.az"a Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya mərkəzinin eksperti Rusif Məmmədsoy bildirib.
O qeyd edib ki, əslində Emmanuel Makronun çarəsizliyi başa düşüləndir:
"Bildiyiniz kimi, Fransadakı aksiyaların miqyası günü-gündən böyüməkdə davam edir. Hər gün yüzlərlə insan aksiyaçılara qoşulur. Yəni, Makron həm daxili , həm də xarici siyasətdə məğlubiyyətə düçar olub. Bunun da əsas səbəblərindən biri öz nitqi zamanı "Avropa Ordusu" yaratmaq təklifi olub. Düşünürəm ki, Makron artıq ABŞ-la hesablaşmağa özünü məcbur hiss edir. Fakt ABŞ Fransaya çətin sual verib. Fransa tərəfi yaxşı başa düşür ki, ABŞ Avropaya dəstəyini dayandırsa, dünya müharibəsindəki ssenari təkrarlana bilər. Bosniyadakı hadisələri də buna misal gətirə bilərik. ABŞ-ın illik hərbi xərci Fransanın büdcəsindən iki dəfə artıqdır. Belə olduğu halda diktə edən tərəf əlbəttə ABŞ olacaq !
İndi isə E.Makronun çıxışı zamanı PYD və YPG- ni terror qruplaşması hesab etməməsinə diqqət edək. Onlar hələ də həmin qruplaşmaları terror təşkilatı kimi qəbul etmir. Daha dəqiq desək istəmirlər. Çünki, bu adla onlara gizli silah və yardım göstərirlər. Bununla bağlı sizə kiçik bir dialoqu xatırladım. John Dorrian 2017-ci ilin may ayında bir konfransda iştirak edir və bu cür deyir :
J.D : PKK və Suriya Ərəb koalisiyası Suriya Demokratik Güclərinin bir parçasıdır.
Müxbir : Səhv eşitmədimsə PKK SDG-nin bir parçasıdır dediniz ?!
J.D : Eləmi dedim? YPG demək istəmişdim .
Yəni, reallığı hər kəs görür , lakin təkzib edir !
Bundan əlavə Fransa tərəfi hər şeyə rəğmən Suriyada qalacağını bəyan edib. Belə ki, Fransanın AB üzrə naziri Nathalie Loiseau etdiyi açıqlamada, Fransanın Suriyada qalacağı və hərbi gücünü qoruyacağını bildirilib. Fransa müdafiə naziri də eyni cür fikirdədir.
Bu zaman isə belə bir sual ortaya çıxır. Bəs Fransa təkbaşına bunları bacara biləcəkmi?! Bu biraz çətindir. Çünki, ABŞ kimi güclü iqtisadiyyata malik bir ölkə Yaxın Şərqdə itirdiyi pullara görə narahat olduğu və öz hərbiçilərini Suriyadan çıxartdığı halda, iqtisadiyyatında çöküş yaşanır deyə vergiləri artıran, bu səbəbdən də ölkənin hər tərəfində etiraz aksiyaları yaşayan Fransa hökuməti bu yükün altından çıxa bilərmi?! Əlbəttə, xeyr !
Fransa istənilən halda Suriyada qalıcı qüvvə olmağa çalışacaq. Çünki, əgər ABŞ-dan sonra Fransa da çıxsa Türkiyənin regiondakı hərəkəti daha da rahatlaşacaq. 2001-ci il Fransada "Qondarma erməni soyqırımı" nın tanınması ilə iki ölkə arasındakı soyuqluq davam edir. Fransa yaxşı başa düşür ki, Türkiyə bu qədər irəliləyəcəyi halda onu hansı təhlükə gözləyir. Hətta, Türkiyənin Afrin əməliyyatı zamanı Fransanın məşhur qəzetlərindən birində belə bir məqalə yazılmışdı " Türkiyənin qarşısı mütləq şəkildə alınmalıdır. Əks halda bizi çox böyük təhlükə gözləyir. Kipr məsələsində bunu etmədiniz , heç olmazsa indi edin ". Bəs bunu Fransa necə edə bilər?!"
Ekspertin qənaətincə, E.Makron da anlayır ki, Donald Trampla yenidən müttəfiq kimi çıxış etmək onun üçün müsbət olacaq:
"Əks halda çıxılmaz vəziyyətdə qalacaq. Əslində əlverişli şərait də yaranıb bunun üçün. Çünki, ABŞ öz ordusunu Suriyadan yavaş-yavaş çəkir. Lakin, heç bir zaman strategiyasını dəyişməz. Belə ki, hazırkı situasiyaya görə ABŞ bunu etməli oldu. Lakin, Suriyada varlığını davam etdirməyə məcburdur. Bunun üçün ona sadiq müttəfiq lazımdır. Bunun üçün Fransadan yaxşı "müttəfiq" ola bilməz. Düşünürəm ki, yaxın günlərdə Emmanuel Makron və Donald Tramp arasında telefon danışığı və.s ola bilər. D.Tramp isə bunun qarşılığında ölkədəki xaosun yatırılmasında köməklik edə biləcəyini düşünürəm. Lakin, Makron da öz növbəsində müxtəlif "xülyalar" qurmamalıdır".
Ayyət Əhməd