“Türkiyədə hökumət dəyişikliyi olsa belə, yenə də qardaş ölkə bu məsələdə Azərbaycanın mövqeyini nəzərə alacaq”
Çeviközün açıqlaması yalnız özünün fikri deyil
“Türkiyə hökumətində təmsil olunan xeyli sayda insan Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması və sərhədlərin açılmasının tərəfdarıdır”
“Türkiyədə hökumət dəyişikliyi olsa belə, yenə də qardaş ölkə bu məsələdə Azərbaycanın mövqeyini nəzərə alacaq”
“Türkiyədə hökumət dəyişikliyi olsa belə, yenə də qardaş ölkə bu məsələdə Azərbaycanın mövqeyini nəzərə alacaq”
Qardaş ölkənin Azərbaycanda və Böyük Britaniyadakı sabiq səfiri, türk-erməni barışığı üzrə keçmiş komissiyanın üzvü Ünal Çeviköz Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirib.
Sabiq səfir hesab edir ki, Türkiyə və Ermənistan gələcək naminə öz münasibətlərini normallaşdıra bilər: "Dünya dəyişir və bizim zamanlarda münaqişələrə yer yoxdur. Mən bizim nəsillərin gələcəyinə, əlaqələrimizin inkişafına inanıram”. Ermənistanda və Türkiyədə yeni nəsillərin müharibə görmədiyini və müharibə istəmədiyini vurğulayan Çeviköz gəncliyin başqa bir gələcəyə layiq olduğunu deyib. Onun sözlərinə görə, yaxın keçmişdə sərhədlərin açılmasına dair türk-erməni danışıqları uğura gətirməyib, çünki tərəflər gizli hərəkət etməyə çalışıblar. Halbuki, müasir dünyada uğura nail olmaqdan ötrü açıq hərəkət etmək lazımdır.
"Qafqaz” Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə deyib ki, yalnız Ünal Çeviköz yox, Türkiyə hökumətində təmsil olunan xeyli sayda insan Türkiyə-Ermənistan arasındakı münasibətlərin normallaşması və sərhədlərin açılmasının tərəfdarıdır: "Buna doğru da dəfələrlə addımlar atıblar. Amma Azərbaycanın sərt reaksiyasını görəndən sonra geri addım atmağa məcbur qaldılar. Çünki haqlı olan Azərbaycan tərəfi idi. Türkiyə hökuməti də tərəzinin bir gözünə Azərbaycanı, digər gözünə də Ermənistanı qoyublar və Azərbaycan tərəfi ağır gəlib”.
F.Mehdiyevin sözlərinə görə, işin ən maraqlı tərəfi odur ki, biz hələ də onları inandıra bilməmişik ki, sərhədlərin açılması Türkiyə iqtisadiyyatı üçün bir o qədər də böyük irəliləyiş olmayacaq. Ermənistan bazarı çox balacadır.
Politoloq deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün qərb tərəfindən Türkiyəyə qarşı təzyiqlər var. Qərb də Ermənistanla Türkiyə sərhədlərinin açılmasının ona görə tərəfdarıdır ki, Ermənistanın Rusiyadan asılılığı azalsın. Ancaq məişət və ya qida mallarının ticarəti Türkiyə bazarları ilə aparılsa, bu, müəyyən mənada Ermənistan iqtisadiyyatının güclənməsi ilə nəticələnəcək ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil: "Müəyyən fikirlər var ki, Ermənistan iqtisadiyyatı güclənsə və Rusiyadan asılılığına son qoyulsa, Dağlıq Qarabağ problemi istiqamətində Ermənistanla uzlaşmaq daha rahat olacaq. Amma mən bu iddialara qatılmıram. Ermənistan kifayət qədər şovinist bir dövlətdir. Onlar işğal etdikləri torpaqlardan heç vaxt geri çəkiləcəklərini düşünmür”.
F.Mehdiyev deyib ki, Çeviköz bir dövlət məmuru olduğu üçün onun Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı dedikləri sadəcə şəxsi mövqeyini əks etdirmir: "Zamanında şəxsi tanışlığım olan bir sıra AKP nümayəndəsi vardı ki, sərhədlərin açılmasını çox istəyirdilər. Böyük ehtimalla Ünal Çeviköz də bu cür düşünənlərdəndir. Bu onun şəxsi mövqeyi olmaqla yanaşı, ola bilsin ki, digər hökumət dairələrindən ondan bu cür açıqlama ilə çıxış etməsi istənilib. Məqsəd isə məsələni yenidən gündəmə daşımaqla problemin həllinə nail olmaqdan ibarətdir”.
Politoloq hesab edir ki, yenidən geniş müstəvidə gündəmə gələcəyi təqdirdə belə sərhədlərin açılması məsələsi real deyil. Onun sözlərinə görə, Türkiyədə hökumət dəyişikliyi olsa belə, yenə də qardaş ölkə bu məsələdə Azərbaycanın mövqeyini nəzərə alacaq. Azərbaycan özü geri addım atmadıqca, Türkiyənin Ermənistanla münasibətləri normallaşdıracağına inanmıram. Bir ara Türkiyə hökuməti Ermənistan qarşısında açıq şəkildə məsələ qaldırmışdı ki, Azərbaycanın işğal altında olan bir rayonu belə boşaldılacağı halda sərhədləri açmağa hazıram. Amma Ermənistanın bu qərarla razılaşma ehtimalı sıfıra bərabərdir.
Türkiyənin bu qərarının Azərbaycanın maraqlarına uyğun olduğunu vurğulayan professor deyib ki, bir rayondan belə olsa geri çəkilməsi artıq Ermənistanın işğal faktını etiraf etməsi deməkdir: "Ermənistanın bir rayonu boşaltması bizim xeyrimizə olardı. Ermənistan bununla işğalın müvəqqəti olduğunu, həmin torpaqların əsl sahibinin Azərbaycan olduğunu etiraf etmiş olardı. Yəni ki, bu rayonun boşaldılması ilə Dağlıq Qarabağ ətrafı rayonların işğaldan azad olunması prosesi başlanmış olardı. Şəxsən mənim qorxum ondan ibarətdir ki, vaxt uzanması ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisi "de- fakto” özəlləşdirilsin. Belə olan halda isə bizim torpaqlarımızı işğaldan azad etmə ehtimalımız daha da çətinləşsin. Odur ki, ən azı 7 ətraf rayonun geri qaytarılması indiki şəraitdə bizim üçün prioritet olmalıdır”.
Şəymən