“Ceyms Uorlik səhv danışır”
Asim Mollazadə: “Hər üç münaqişədə - Qarabağda, Gürcüstanda, Ukraynada torpaqların işğalı faktı var”
"Düşünürəm ki, müharibə dövrü artıq keçib. Bu savaşda həddindən artıq qurban verilib, vəsaitlər itirilib. Mən və Minsk Qrupunun digər həmsədrləri çalışırıq ki, hər iki tərəfi təmsil edən nazirlər və prezidentlər öz xalqlarının maraqlarını təmin edən dinc yolla həll variantını tapsınlar”. Bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Uorlik bildirib ki, münaqişənin həlli həm Azərbaycan, həm də erməni xalqlarının xeyrinədir: "Ümid edirəm Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa dair razılaşma olacaq, azərbaycanlılar və ermənilər təhlükəsiz, əmin-amanlıq şəraitində birgə yaşayacaqlar”. Ceyms Uorlik tərəflər arasında etimadın yaradılması və daimi olaraq gücləndirilməsinin çox vaxt aparan, çətin məsələ olduğunu söyləyib: "Lakin bu o demək deyil ki, biz cəhdlərimizi kənara qoymalıyıq. Biz bu istiqamətdə fəaliyyət göstərərək tərəflər arasında etimadın yaradılmasına çalışmalıyıq. Azərbaycan-Ermənistan sərhədində, təmas xəttində yaranan zorakılıq halları bizi həmişə narahat edir. Hər zaman prezidentlərlə görüş zamanı biz bu məsələləri səsləndiririk. Tam əminliklə deyirəm ki, heç bir tərəf gərginliyin artmasını istəmir. Buna görə danışıqlara qatılır və bizimlə əməkdaşlıq edirlər”. Amerikalı həmsədrin açıqlamaları ilə, ümumiyyətlə, münaqişə ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində heç bir addım atmadığını vurğulayıb...
- Asim bəy, Ceyms Uorlikin dedikləri fonunda Minsk Qrupunun son günlər müşahidə olunan aktivliyini necə dəyərləndirirsiniz?
- Azərbaycan Dağlıq Qarabağ probleminin tezliklə həllini tapması üçün səbrlə beynəlxalq ictimaiyyətdən, təşkilatlardan işğalçı Ermənistana təzyiqlər gözləyir. Düzdür, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Amma Azərbaycanın kifayət qədər hərbi gücü, maddi imkanları var. Yəni dövlətimiz başqa üsullardan da istifadə edə bilər. Ancaq biz çox istərdik ki, Minsk Qrupunun həmsədrləri beynəlxalq turizm şirkəti kimi fəaliyyət göstərməsinlər. Konkret olaraq ATƏT, BMT və bütün beynəlxalq təşkilatlar dünyəvi hüquq normalarına əsaslanaraq münaqişənin həlli istiqamətində mühüm addımlar atsınlar. Azərbaycan ictimaiyyəti 20 ildir ki, bənzər bəyanatlar, nitqlər eşidir. Lakin indiyə qədər bu cür açıqlamaların heç bir nəticəsini görməmişik.
- Niyə 20 illik danışıqlar prosesi heç bir nəticə vermir? Bunun səbəbi nədir?
- Səbəbi onunla bağlıdır ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistana qarşı hər hansı bir sanksiya, təzyiq mexanizmi müəyyənləşməyib. Belə halda işğalçı dövlət hansısa məsuliyyət hiss eləmir və sülh istiqamətində heç bir addım atmır. Ona görə də biz cənab Uorlikdən də, digər həmsədrlərdən də məhz təmsil etdikləri təşkilatın əsas səlahiyyətlərinin icrasını gözləyirik. BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icrasını tələb edirik. Boş vədlər zamanı çoxdan bitib.
- Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi fikrinə münasibətiniz necədir?
- İşğal qoşunları torpaqlarımızdan çıxarıldıqdan sonra hansısa sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsinə icazə verilə bilər. Azərbaycan dövləti də dəfələrlə bu barədə mövqeyini ortaya qoyub və razılığını bildirib. Ancaq bu sülhməramlı qüvvələr məsələsində münaqişə ilə bağlılığı olan dövlətlər iştirak etməməlidir. Sülhməramlı qüvvələr BMT-də təmsil olunan elə dövlətlərdən, hərbi güclərdən təşkil olunmalıdır ki, münaqişənin yenidən canlanması və problemdə tərəf tutulması halları olmasın.
- Ceyms Uorlik deyir ki, Dağlıq Qarabağ münaqişəsini Ukrayna müharibəsi ilə müqayisə etmək olmaz. Bu fikrə münasibətiniz necədir?
- Olduqca səhv yanaşmadır. 22 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur. Eyni zamanda Gürcüstanın 7 ildən çoxdur işğal olunmuş əraziləri də geri qaytarılmayıb. Həmçinin, Ukraynanın torpaqları ilə bağlı da ümidverici nəticə alınmayıb. Deməli, hər üç münaqişə mahiyyət etibarı ilə eynidir. Çünki hər üç problemdə birmənalı şəkildə torpaqların işğalı faktı var.
- Prezidentlərin gözlənilən görüşündən müsbət nəticə çıxacaqmı?
- Mən qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan rəhbərindən hansısa müsbət və obyektiv hərəkət gözləmirəm. Çünki işğalçı ölkə ilə bağlı bütün qərarları Ermənistanın sahibləri verir. Əgər rəsmi İrəvanı himayə edənlər ona təzyiq göstərməsə, prosesdə heç bir irəliləyiş olmayacaq.
- Ən çox aktivlik amerikalı həmsədr tərəfindən sərgilənir. Rusiyalı və fransalı həmsədrlər isə prosesdə fəal iştirak etmirlər...
- Azərbaycan tərəfi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son zamanlar göstərdiyi aktivliyə müsbət yanaşır və bunu təqdirəlayiq hesab edir. Bilirsiz ki, ara-sıra yaşanan kiçik problemlər istisna olmaqla, ABŞ-Azərbaycan münasibətlərində mühüm inkişaf var. Xüsusən, son dövrlər bu istiqamətdə müəyyən işlər görülür. Sadəcə təəssüf doğuran əsas amil ondan ibarətdir ki, münaqişənin həllində nəzərə çarpacaq heç bir irəliləyiş yoxdur. Ona görə də üç həmsədrdən hansının daha aktiv və passiv olması mühüm əhəmiyyət kəsb eləmir.
- Ceyms Uorlikin "ilk addımı tərəflər özləri atmalıdır” sözünü necə şərh edərdiz?
- Məncə, bu da çox səhv yanaşmadır. Çünki burda söhbət tərəflərdən yox, birbaşa işğalçı Ermənistandan gedir. Münaqişədə hansısa problemli məsələ yoxdur. Hamıya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ötən müddət ərzində biz lazım olan bütün güzəştləri etmişik və təmkinlə gözləmişik. Necə yəni tərəflər özləri addım atmalıdır?! Ermənistan rəhbərliyi öz siyasi karyerasını Dağlıq Qarabağ münaqişəsinin üzərində qurur. İndiki erməni rəhbərliyi ciddi təzyiqlə üzləşmədən heç bir addım atmayacaq.
- İddia edildiyi kimi tərəflər arasında müharibə ehtimalı varmı?
- Mən hazırda hansısa müharibə işarələri görmürəm. Ancaq Ermənistan gec-tez bu münaqişənin həlli ilə bağlı ciddi addımlar atmasa, o zaman Azərbaycanın öz torpaqlarını silah gücünə almaqdan başqa çarəsi qalmayacaq. Bunu hamı bilməlidir.
İsmayıl