Efirlərimiz dəyərsiz insanlarla dolub-daşırAparıcı canlı yayımda kağızı ovcunda sıxıb, “mənə sataşanı bax belə əzərəm” deyib “vor zakon” stili nümayiş etdirir, “verilişimə “palatka toyu” deyən qələt eləyir” söyləyir
Telekanallarda tam bir başıpozuqluq hökm sürür. Bunun başqa adı yoxdur. Kim nə istəyir, necə istəyir danışır. Hansı oyunu istəyir, çıxarır, təlxəklik edir. Yüngül hərəkətlər, əttökən davranış tərzi, məhəllə ləhcəsi, jarqon sözlər. Əxlaq dəyərlərinin hər dəqiqə çeynənməsi. Başdan-ayağa iyrənclik. Milli Teleradio Şurası qalıb telekanalların əlində. Övladının tərbiyəsi ilə vaxtında məşğul olmayıb, sonradan dizini döyən atalar kimi. Neçə il əvvəl əxlaqsızlıq telekanallara ayaq açanda ictimaiyyət buna rəvac verənlərin sərt cəzalanmasını tələb edirdi, MTRŞ isə "buna səlahiyyətimiz çatmır” deyirdi.
Heç indi də MTRŞ düz-əməlli səlahiyyət sahibi deyil. Onun səlahiyyəti monitorinq keçirmək və bir-iki verilişi tənqid etməyə yetir. 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqin nəticələri barədə hesabatında MTRŞ "Xəzər TV”-dəki "5/5”, "Ay Zaur”, "Hər şey daxil” proqramlarından və ANS TV-dəki "Hər bazar Rövşanə ilə” verilişinin tənqidinə yer ayırıb. Konkret misallarla bu verilişlərdəki əxlaq pozuntularını göstərib.
Yaxşı, bununla nə dəyişəcək? MTRŞ-nin monitorinqləri olmasa da, Azərbaycan tamaşaçısı hər gün bu rəzaləti, alçaqlığı, əxlaqsızlığı efirdən izləyir. Və ən dəhşətlisi də budur ki, səviyyə günü-gündən aşağı düşür, səviyyəsizlik, əxlaqsızlıq, bayağılıq isə artan xətt üzrə yüksəlir. Müsbət enişdə, mənfi yüksəlişdədir. İllərdir mətbuat bunu yazır; telekanallar şoulaşıb, bütün verilişlərin, hətta ən ciddi xəbər verilişlərinin də mayası şou ilə yoğrulur. Xəbər aparıcıları özlərini sanki səhnədə hiss edir, səs tonlarını süni şəkildə dəyişib, göz-qaş oynada-oynada xəbərləri oxuyurlar. Şou və bayağılıq o həddə çatıb ki, hətta hava proqnozu kimi gündəlik həyatımız üçün böyük əhəmiyyət daşıyan bir məlumatı efirdə səsləndirən xanım da kamera qarşısına dəb nümayişində iştirak edən maniken kimi çıxarılır. Onları bu həddə çatdıran konkret şəxslər var. Göstəriş verirlər ki, belə geyinməlisən və bu şəkildə xüsusi əda, işvə-nazla məlumatı oxumalısan. Bu nə məqsəd daşıyır, bir izah edən olsa!.. Milli Teleradio Şurası "5/5 şou” verilişində müğənni Səidə Sultanın söyüş işlətməsini "qeydə alır”, "Bazar səhəri” verilişində isə müğənnilər Manaf Ağayevlə Nadir Qafarzadə arasındakı dialoqda əxlaq dışı ifadələrə yer verildiyini bildirir. MTRŞ-nin hesabatına diqqət edəndə görünür ki, verilişdə bu cür situasiya aparıcının suallarından qaynaqlanır. Əslində, aparıcı əvvəlcədən plan qurur və bilir ki, bu müğənniləri dəvət edəcək və onlara bu səpkili suallar verəcək, suallara reaksiyasının necə olacağı zatən əvvəlcədən bəllidir. Amma veriliş "hay-küylü” olsun və "reytinq” qazandırsın deyə, bilə-bilə həmin şəraiti özü formalaşdırır. Bəs etik normaların çeynənməsi, "Televiziya və radio yayımı haqqında” Qanunun müəddəalarının pozulmasının cəzası nədir? Biz tamaşaçılar indiyədək hansısa verilişin qapadılması, yaxud aparıcının efirdən uzaqlaşdırılması (müvəqqəti olsa da), hansısa müğənniyə efir qadağası qoyulduğunun - məhz MTRŞ tərəfindən şahidi olmamışıq. Çünki oxşar hallar yalnız telekanal və ya layihə rəhbərlərinin göstərişi ilə baş verə bilir. Gündə bir telekanal dəyişdirən, sərçə kimi o budaqdan bu budağa atlanan nə qədər aparıcılar var. Rəhbərliklə sözləri çəp gəldimi, başqa kanala transfer olurlar. Heç futbolçular da bu qədər transfer olmur. Eyni səbəblər müğənnilər üçün də keçərlidir. Hansı müğənni çox pul ödəyirsə, sevmədiyi, konfliktdə olduğu həmkarının onunla birlikdə verilişə dəvət olunmasını istəmir. "Pulu mən verirəm, qaydaları da mən diktə edəcəm” prinsipi. Qısası, telekanallar "oğru dünyası”nın qanunları ilə idarə olunur. Adına özəl deyilən telekanallar əslində, şəxsi əmlakdır. Telekanal rəhbərləri özlərinə məxsus efiri şəxsi istəkləri ilə idarə edirlər. Onların bu hökmranlığı aparıcılara da sirayət edir. O dərəcədə ki, "Space” telekanalındakı "Sevimli şou” proqramının aparıcısı canlı yayımda kağızı ovcunda sıxıb, "mənə sataşanı bax belə əzərəm” deyib "vor zakon” stili nümayiş etdirir, "verilişimə "palatka toyu” deyən qələt eləyir” söyləyir (Deyən gərək ki, "palatka” toyu hörmətli-izzətli bir yerdir. Orda sizin verilişdəki kimi düşük hərəkətlər olmur. "Palatka” toyu olsaydı, nə dərdimiz?!).
Görün nə qədər harınlayıblar ki, özlərini "hakimi-mütləq” hesab edirlər. Əslindəsə tamaşaçıların aparıcılıqdan savayı əllərindən hər iş gələn bu adamlardan necə ürpəndiyini bilmirlər. Amma onları bu maraqlandırmır ki! Onlar üçün əsas hansı müğənninin nə qədər pul müqabilində verilişə gələcəyidir. Və bu müğənninin şəxsiyyətinin də heç bir önəmi yoxdur. Respublikada əməlləri və yaşam tərzi ilə ad çıxarmış müğənnilərə efirlərimiz geniş meydan verir. Konkret bir misal; Musa Musayev və Təranə Qumral ailə-məişət mövzusu ilə gündəmə gəldilər. Heç kim yox, özləri əhvalatı aləmə faş etdilər. Səhv etmirəmsə, Musa Musayev özü məlumat verdi ki, bəs, həyat yoldaşım mənə xəyanət edib. Ötən il bu mövzu uzun müddət şou-gündəmi zəbt etdi. Bu cütlük "bəh-bəh”lə verilişlərə dəvət olundu, üstlərində "qırğın getdi”. Sonra Musa dediklərini təkzib etdi, Təranə Qumral da nələrsə danışdı. Küsüşdülər, barışdılar, qol-boyun olub oxudular. Cəmiyyət üçünsə, bu cütlük qaranlıq bir ailə kimi yadda qaldı. İndi Musa-Təranə cütlüyü iki günün bir günü efirlərə dəvət olunur. Sanki bu ölkədə 1 nömrəli örnək ailədir. Verilişdə iştirak edənlər də onlara çəpik çalır. Belə halda, hansı milli-mənəvi dəyərdən, əxlaq normalarından danışmaq olar?!
Sovet dönəmini tənqid etməyə alışmışıq. Bizə yapılanlar üzündən. Amma sovet dönəmində əxlaqı şübhəli müğənniləri, incəsənət adamlarını efirə buraxmırdılar. Onlara yasaq qoyulurdu. Yəqin, belə bir sadə izahla ki, cəmiyyət onlardan pis örnək götürə bilər. Yəni, bu ehtimal var. Odur ki, sovet qanunları baxımından əxlaqsız, insanları mənfi təsir altına sala biləcək insanları efirə buraxmazdılar. Amma müstəqil olduq və televiziyalara da sərbəstlik verildi. Bəla burasındadır ki, telekanallar bu sərbəstliyi anarxiyaya dönüşdürdülər. Yaranmış imkandan peşəkarlaşmaq, təkmilləşmək nəminə bəhrələnmək əvəzinə, daha da bayağılaşdılar və səviyyəsizləşdilər. İndi narkoman, əyyaş, oğru, fırıldaqçı, cinayətkar və əxlaqsızlar efiri zəbt edib. Ailəsi olmayan ailə dəyərlərindən, həyat yoldaşını evdən qovan qarşılıqlı hörmətdən danışır. Azərbaycanda əxlaq dışı davranışları hamıya bəlli olan insanlar efirə çıxıb adamlara dərs keçir. Ekspertlik edir, "doğru yol” göstərir. Doğru yolu bilirsə, özü niyə o yolla getmir görəsən?
Azərbaycan efiri rüsvayçı duruma düşüb. Bəzi verilişlərin aparıcıları artıq rəsmi strukturların vəzifəsini üstlənib. Gah daxili işlər naziri "olur”, gah səhiyyə naziri, gah da sosial təminat naziri. Bəd ayaqda məşğulluq idarəsinin rəisi. Həqiqətən də, qəribə və anormal vəziyyət var ortada. Tok-şoulara baxanda insanda belə yanlış təsəvvür yaranır ki, bu ölkədə cinayətkarları, oğruları efirdəki aparıcılar vasitəsilə ələ keçirirlər. Ölkənin 90 faizi itkin düşüb və onları bir aparıcı axtarıb tapır. Xəstələr efirlərdə şəfa tapır. Birbaşa "canlı yayım”da əməliyyat olunurlar. Başqa bir verilişdə işsizlər işlə təmin olunur. Evsizlər ev tapır. Kimlərinsə əlindən alınan əmlakı özünə qaytarılır. Daha bu hüquq-mühafizə orqanları, güc strukturları, sosial təminat nazirliyi nəyə lazımdır? Bütün bu vəzifələri tapşırın teleaparıcılara, onlar problemləri həll etsin. Burada iki məsələ üzərində düşünmək lazım gəlir. Ya həqiqətən də hökumət orqanları işlərinin öhdəsindən gələ bilmir, ya da telekanallar oyunbazlıqla məşğul olur və insanları çaşdırırlar. Bizcə, bu məsələləri araşdırmaq gərəkdir. Qaldı ki, MTRŞ-nin hesabatında yer alan nöqsanlara və birbaşa qanun pozuntularına, cəzalandırma mexanizmi işə düşməlidir artıq. Nə qədər ki, bu mexanizm paslanmış saat əqrəbləri misalı yerindən tərpənməyəcək, efirlərimiz yenə dəyərsiz insanlarla dolub-daşacaq.