“CHP ilə razılıq əldə etdik”

Davudoğlu liderlərlə görüşlərinin nəticələrini açıqladı




Türkiyənin baş naziri Əhməd Davudoğlu iştirak etdiyi televiziya proqramlarından birində koalisiya prosesi və gündəmə dair suallara cavab verib. Baş nazir 7 iyun seçkisinin nəticələrinin fərqli şəkillərdə şərh olunduğunu, bəzən düzgün anlaşılmadığını deyib:

"7 iyun seçkisinin nəticələrinə fərqli reaksiyalar oldu. "AKP-ni məğlub etdik”, "AKP-nin sonu gəldi”, "Prezident uduzdu” kimi fikirlər səsləndi. Siyasətin məntiqinə görə, bu düzgün deyil. Biz koalisiya müzakirələri üçün 3 liderlə görüşə gedərkən 3 ayrı qrup yaratdıq. Əməkdaşlarımız müzakirələr barədə hesabatlar hazırladı. Hər kəsə eyni cür davrandıq və bütün partiyaların bəyanatlarını qarşılaşdırdıq. Fəaliyyətlərimizin nəticəsində fikirlərimizdə yanılmadığımızı gördük. Heç kim prosesləri öz bildiyi kimi şərh edib AKP-nin "sındığını”, geri addım atdığını düşünməsin”.

İlk turun uğurlu olduğunu deyən Davudoğlu CHP ilə öndəki mərhələdə razılığa gəldiklərini deyib: "İlk görüşlər müzakirə prosesi deyildi. Lakin partiyalarla metod mövzusunda CHP ilə razılığa gəldik. İlk turumuz uğurlu oldu. Digər partiyalara baxanda, CHP ilə daha irəli mərhələdəyik. Ancaq bu o demək deyil ki, CHP-yə yaxın, HDP-dən uzağıq. Həmçinin, MHP "qapıları bağladı” fikri də mənə görə doğru deyil. Lazım gələrsə, Baxçalı ilə yenidən görüşəcəyik. Çünki Baxçalı konkret bir şey demədi, müxalifətdə qalmağı istədiyini bəyan etdi. Əməkdaşlarımızın görüşündə fayda var. Burda qapı bağlamaq kimi bir şey yoxdur. Bütün partiyalara təmkinli olmağı məsləhət görürəm”.

Məlumat üçün bildirək ki, dörd günlük Ramazan bayramı əsnasında heç bir görüş və müzakirə olmayacaq. Bayramdan sonra partiyalarla görüşlərin ikinci turu başlayacaq.

İsmayıl